Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Ali Radası Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) müstəqilliyini qaytaran qanun layihəsini qəbul edib.
Musavat.com Unian-a istinadən xəbər verir ki, layihənin lehinə 331 deputat səs verib.
Radanın spikeri Ruslan Stefançuk qanun layihəsini elə iclas salonundaca imzalayıb. Prezident Vladimir Zelenski imzaladıqdan sonra qanun hüquqi qüvvəyə minəcək.
Qanun layihəsində xüsusilə SAP rəhbərinin və prokurorlarının Baş Prokurordan prosessual müstəqilliyi təsbit edilib. Bundan əlavə, qanun layihəsi NABU əməliyyatçısının yalnız SAP prokurorunun göstərişlərini yerinə yetirməsini müəyyən edir, həmçinin NABU əməkdaşlarının əməliyyat və əməliyyat-texniki fəaliyyətləri həyata keçirərkən yalnız NABU əməliyyatçısı və ya SAP prokurorunun göstərişlərini yerinə yetirməsini nəzərdə tutur.
Qanun layihəsi həmçinin SAP prokuroruna cinayət işini NABU detektivlərinə göndərmək hüququnu qaytarır, Baş Prokuror isə bu hüququnu itirir. NABU-nun əməliyyatçılarına SAP prokuroru ilə razılaşdırılmaqla, NABU direktorunun qərarı ilə digər orqanların müstəntiqlərinin yurisdiksiyasına aid edilən cinayətləri araşdırmaq hüququ verilir; daha Baş Prokurorun icazəsi tələb olunmayacaq.
Qeyd edək ki, iyulun 22-də qəbul edilən əvvəlki qanun antikorrupsiya qurumlarının müstəqilliyini kəskin məhdudlaşdırırdı. Bu, Avropa İttifaqı da daxil olmaqla, Ukraynanın müttəfiqlərinin, eləcə də yerli əhalinin ciddi etiraz və narazılığına səbəb olmuşdu.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ