İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzur dəhlizi Qafqazı dağıdacaq” – İran mətbuatından Azərbaycana qarşı açıq və xain təhdid

İranın siyasi elitasının mövqeyini əks etdirən “The Tehran Times” nəşri Zəngəzur dəhlizi ilə bağlı sensasion başlıqla çıxış edib: “Zangezur: The corridor that could break the Caucasus” (“Zəngəzur: Qafqazı dağıda biləcək dəhliz”).

Musavat.com xəbər verir ki, bu barədə İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli xüsusi açıqlama ilə çıxış edib.

O, yazır ki, məqalədə Azərbaycana qarşı açıq ittihamlar və geosiyasi təhdidlər yer alır.

“The Tehran Times” iddia edir ki, Zəngəzur dəhlizi qeyri-qanuni marşrutdur və onun bərpası bölgəni xaosa sürükləyə bilər. Məqalədə vurğulanır ki, İran bu layihəyə qətiyyətlə qarşı çıxır, çünki bu dəhlizin gerçəkləşməsi İranın Cənubi Qafqazda mövqelərini zəiflədə, Rusiyanı quru blokadaya sala və nəticədə İran daxilində separatizmi gücləndirə bilər.

Məqalədə diqqətçəkən məqam ondan ibarətdir ki, qəzet Azərbaycanı İsrail, ABŞ, Britaniya və NATO ilə birgə hərəkət etməkdə ittiham edir və yazır ki, Bakı bu yolla İranın potensial hərbi və siyasi müdaxiləsinin qarşısını almağa çalışır. Sitat:

“Bakı Tehranla birbaşa münaqişədən yayınmaq istəyir, amma eyni zamanda Qərb gücləri ilə prosesə xarici müdaxiləni genişləndirməyə çalışır.”

İslam İnqilabının Ali Rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti “The Tehran Times” vasitəsilə Zəngəzur dəhlizi ideyasını indiyədək ən sərt sözlərlə pisləyib. Onun sözlərinə görə, bu dəhliz nə iqtisadi layihədir, nə də regional inteqrasiyaya xidmət edir. Vilayətiyə görə, layihə təkcə İranı və Rusiyanı kənarlaşdırmaq deyil, Cənubi Azərbaycanı ayırmaq, daxildə “etnik qığılcımı” alovlandırmaq məqsədi daşıyır.

Musavat.com-un şərhinə görə, İranın bu iddiaları geosiyasi reallıqlarla tam ziddiyyət təşkil edir:

• Zəngəzur dəhlizi Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat magistralıdır və 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndinə əsaslanaraq razılaşdırılıb.

• Bu dəhliz Türkiyə və Azərbaycan arasında birbaşa əlaqə, həm də Orta Dəhlizin mühüm qolu olaraq Asiya-Avropa ticarətinin təhlükəsizliyini təmin etmək üçün vacib strateji xəttdir.

• İranın iddia etdiyi kimi, dəhliz separatizm yaratmır, əksinə, regionda barış, iqtisadi əməkdaşlıq və sabitlik potensialını artırır.

İranın bu aqressiv ritorikasının arxasında bir neçə əsas səbəb dayanır:

1. Orta Dəhlizin İran üzərindən keçməməsi: Zəngəzur dəhlizi İranın regiondakı tranzit imkanlarını azaldır və onu Cənubi Qafqazdan təcrid edir.

2. Türkiyə-Azərbaycan ittifaqının güclənməsi: Tehran bu yaxınlaşmanı öz maraqları üçün təhlükə kimi görür.

3. Cənubi Azərbaycan məsələsində artan həssaslıq: İran Zəngəzur üzərindən açılacaq hər hansı dəhlizi ölkə daxilindəki etnik dinamikanı zəiflədən amil hesab edir.

Azərbaycan dəhliz məsələsini beynəlxalq hüquq normalarına əsasən, rəsmi razılaşmalar çərçivəsində irəli aparır. İranın ritorik hücumlarına cavab olaraq rəsmi Bakı bu məsələdə həm Ankara, həm də Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı gücləndirir. Eyni zamanda, Çin və Avropa İttifaqı da Orta Dəhlizin bir hissəsi kimi bu marşrutda maraqlıdır.

Musavat.com -a görə, İran nə qədər hay -küy salsa da, təhdidlər yağdırsa da, Cənubi Qafqazda prosesləri dayandıra bilməz.

“The Tehran Times”ın təhdid xarakterli məqaləsi də sübut edir ki, İran öz nüfuz dairəsinin daralmasından ciddi narahatdır. Amma Azərbaycan bu prosesin aparıcı iştirakçısıdır və Zəngəzur dəhlizi vasitəsilə yalnız regional deyil, qlobal enerji və nəqliyyat şəbəkələrinin mühüm həlqəsinə çevrilməkdədir.

İranın bu layihəyə qarşı hücumları nəinki konstruktiv deyil, əksinə, regionda sabitliyə təhdiddir.

Lakin Azərbaycan heç bir gücün təhdidinə boyun əyən ölkə deyil. Biz doğru bildiyimiz yolla yeriməkdə davam edirik və Zəngəzur dəhlizi ən qısa zamanda açılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR