İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikin 5 kəndində yol dərdi:100 nəfər Saleh Məmmədova yazdı

Lerik rayonunun Vizəzəmin, Sipyəreğon, Kıncıvo, Cənginəvud və Kornədi kəndlərinin sakinləri yolların bərbad vəziyyətdə olmasından ciddi narazılıq edirlər.

Onlar bu problemə etiraz olaraq Musavat.com-a müraciət ediblər.

Sakinlərin sözlərinə görə, bu kəndləri birləşdirən yol hələ 1986-cı ildə “soyuq asfalt” üsulu ilə çəkilib və artıq istismar müddətini çoxdan başa vurub. Yol demək olar ki, dağılmış vəziyyətdədir.

“Biz öz vəsaitimizlə qrabel tökdürmüşük. Amma yağış yağan kimi yol yenidən palçığa çevrilir. Hərəkət etmək mümkün deyil. Uşaqlar məktəbə gedəndə böyük çətinlik çəkirlər. Maşınların təkərləri tez-tez sıradan çıxır. Daş, çınqıl üzərində hərəkət edirik, bu da qəzaya səbəb ola bilər”, – deyə kənd sakinləri bildirirlər.

Yolların vəziyyəti ilə bağlı narazı sakinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədova da müraciət ediblər. Bildiriblər ki, kəndlərdə daxili infrastruktur demək olar ki, yox səviyyəsindədir.

Hazırda Sipyəreğon və Kıncıvo kəndlərində mövcud olan 65 evin əksəriyyətində, Vizəzəmin və Cənginəvudda 72 evdən 61-də, Kornədidə isə 25 evin 18-də faktiki yaşayış var. Sakinlər deyirlər ki, kənddə qalmaq üçün əsas infrastruktur, o cümlədən yol problemi aradan qaldırılmalıdır.

Anar Nəcəfli: “Sizə görə digərlərinin övladları niyə əziyyət çəkməlidir?” |  Hokm.Az
Anar Nəcəfli

Musavat.com-a açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən kəndlərarası avtomobil yolu artıq təmirə ehtiyacı olan yollar siyahısına daxil edilib:

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Lerik rayonu ərazisində bir sıra infrastruktur layihələri icra olunub və bu işlər davam etdirilir. Həmin yolun əsaslı təmiri üçün layihə aidiyyəti üzrə təqdim edilib və investisiya proqramına daxil edildikdən sonra Agentlik tərəfindən təmir həyata keçiriləcək”.

Hazırda kənd sakinləri bu vədin reallaşacağı günü səbirsizliklə gözləyirlər. Onlar ümid edirlər ki, Lerikin ucqar kəndləri yol problemindən azad olacaq və uşaqlar məktəbə palçıq içində deyil, rahat yollarla gedəcək.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR