Onlayn ictimai-siyasi qəzet
Dünyanın 40-dan artıq ölkəsində çıxış etmiş, Culliard Musiqi Məktəbinə qəbul olunmuş ilk azərbaycanlı skripkaçı, mədəniyyət elçisi və tədqiqatçı Səbinə Rakçayeva hazırda Londonda yaşayır və müxtəlif sahələrdə Azərbaycanı uğurla təmsil edir. O, həm musiqi yaradıcılığı, həm də mədəni uyğunlaşma üzrə konsaltinq sahəsində fəal fəaliyyət göstərir. AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə sənətkar musiqiyə olan marağının formalaşmasından tutmuş, beynəlxalq uğurlarına, Azərbaycanla olan bağlarına və gənc musiqiçilərə tövsiyələrinə qədər bir sıra maraqlı məqamlardan söz açıb.
– Səbinə xanım, əvvəlcə musiqi yolunuzun başlanğıcından danışaq. Skripka ilə tanışlığınız necə baş verdi və bu sahəyə marağınız necə formalaşdı?
-Düzü, hekayəm çox sadədir. Uşaqlıqda təsadüfən bir orkestrin çıxışını gördüm və dərhal valideynlərimə skripka istədiyimi dedim. Şükürlər olsun ki, onlar bu qərarımı dəstəklədilər. Mən də Bakıda bu gün Mstislav Rostropoviçin adını daşıyan məktəbdə musiqi təhsili aldım.
Peşəkar musiqiçi olmağa qərar verəndə valideynlərim son sözü mənə buraxdı və mən də bu yola getdim. Heç vaxt peşman olmadım. İlk müəllimlərim çox səmimi və musiqiyə həvəslə yanaşan insanlar idi. Mən həm də çox unikal bir dövrdə böyüdüm. SSRİ-nin süqutu və müstəqil Azərbaycanın yaranması. Bu dövr yeni imkanların açılması ilə yadda qaldı. UNESCO-nun Parisdəki qərargahında və ya Londondakı V&A Muzeyində 1998-ci ildə çıxış etməyimi heç vaxt unutmaram. Bu, Azərbaycan müstəqillik qazandıqdan sonra musiqiçilərimizin ilk beynəlxalq təmsilçiliyindən biri idi. Mənim üçün qürurverici bir an olmuşdu.
– Siz Culliard Musiqi Məktəbinə qəbul olunan ilk azərbaycanlısınız. Bu uğur həyatınıza hansı məsuliyyət və imkanları gətirdi?
-Bu, mənim həyatımda dönüş nöqtəsi idi. Müstəqillikdən sonra Bakı beynəlxalq tədbirlərin, səfirliklərin və xarici şirkətlərin mərkəzinə çevrildi. Beləliklə, mən də müxtəlif beynəlxalq tədbirlərdə çıxış etmə şansı qazandım. Azərbaycan hökuməti və beynəlxalq sponsorların dəstəyi ilə Culliard üçün dinləmələrə qatıldım və qəbul olundum. Başlanğıcda bir illik proqram kimi planlaşdırılmışdı, amma nəticədə daha uzunmüddətli bir təcrübəyə çevrildi.
1999-cu ildə Nyu-Yorka köçmək həyatımda tamamilə yeni bir səhifə açdı. Mədəniyyət baxımından bir şok yaşadım. Amma tez bir zamanda uyğunlaşdım. Culliard mənə heyrətamiz müəllimlərlə çalışma, saysız-hesabsız səhnələrdə çıxış etmə və Nyu-Yorkun zəngin incəsənət mühitinə tam şəkildə dalmaq imkanı verdi.
Orada ilk azərbaycanlı tələbə olmaq böyük şərəf idi, amma eyni zamanda məsuliyyət də daşıyırdı. İlk dəfə kimsə məndən Azərbaycan musiqisindən bir əsər ifa etməyimi istəyəndə, başa düşdüm ki, biz musiqiçilər eyni zamanda mədəniyyət elçiləriyik. BMT-nin Baş Assambleyasında səhnəyə çıxmaq isə yaddan çıxmayacaq təcrübələrdən biri oldu.
– Hazırda Londonda yaşayırsınız. Bura nə vaxt köçdünüz və bu şəhər yaradıcılığınıza necə təsir göstərdi?
-Mən bir neçə gözəl şəhərdə yaşamışam. Bakı, Nyu-York, Brüssel və 2007-ci ildən bəri London. Londona doktorantura təhsili üçün gəldim. SOAS Universitetində musiqi və mədəni diplomatiya sahəsində araşdırmalar apardım.
Londonun yaratdığı mühit çox zəngindir. Burada sənət, yaradıcı ideyalar və mədəni tədbirlər şəhər həyatının ayrılmaz hissəsidir. Muzeylər, canlı performanslar, gözlənilməz incəsənət layihələri hər addımda insanı ilhamlandırır. Bu şəhərin enerjisi məni daim yaradıcı saxlamaqda davam edir. Hər dəfə yeni bir küçə, yeni bir mədəni məkan kəşf edirəm. Bu da həm şəxsi, həm də sənət baxımından inkişaf etməyimə səbəb olub.
– 40-dan artıq ölkədə səhnəyə çıxmısınız. Beynəlxalq aləmdə Azərbaycanı təmsil etmək sizin üçün nə ifadə edir?
-90-cı illərin sonlarında ilk dəfə Bakını tərk edəndə çox az adam Azərbaycanı tanıyırdı. Hətta bir dəfə Asiyada pasport nəzarətçisi mənə dedi ki, ilk dəfədir azərbaycanlı pasportu görür. İllər keçdikcə bu dəyişdi. Azərbaycan mədəniyyət, idman və turizm sahələrində beynəlxalq arenada daha çox görünməyə başladı. İndi isə çox vaxt insanlardan Bakı ilə bağlı tövsiyələr istəyirlər.
Mən də qərara aldım ki, harada çıxış etsəm, mütləq proqramda bir Azərbaycan bəstəkarının əsəri və ya öz bəstəm yer alsın. İnsanlar bu musiqi vasitəsilə mədəniyyətimizlə bağ qurur, maraq göstərirlər. Orijinal və az tanınan əsərlərin ifası isə auditoriyada xüsusi enerji yaradır.
– Bildiyimizə görə, hazırda yeni musiqi albomu üzərində çalışırsınız. Bu layihə barədə məlumat verə bilərsinizmi?
-Xaricdə yaşamağa başladıqdan sonra Şərq və Qərb musiqisinin birləşmə imkanları məni daim maraqlandırıb. İlk albomum “UnVeiled” bu ideyanı daşıyırdı. Klassik və milli üslubların sintezindən ibarət bir layihə idi. Hazırda üzərində çalışdığım albom da bu xəttin davamıdır. Klassik və milli musiqi elementlərini bir araya gətirən improvizasiya əsərləri hazırlayıram. Bu layihədə həm Qərb musiqiçiləri, həm də dünyada yaşayan azərbaycanlı sənətçilərlə əməkdaşlıq edirəm. Bu bir növ eksperimentdir və nəticəsi üçün çox həyəcanlıyam.
– Siz həmçinin mədəni induksiya üzrə konsaltinq şirkətinin qurucususunuz. Bu təşəbbüs necə yarandı?
-Bu ideya çox təbii şəkildə formalaşdı. Artıq bir müddətdir fərqli təşkilatlarla mədəni uyğunlaşma üzrə məsləhətlər verirdim. Bir dəfə böyük bir beynəlxalq şirkət Şərq və Qərb ölkələri arasında köç edən əməkdaşlarına uyğunlaşma təlimi keçməyimi istədi. O zaman başa düşdüm ki, mədəni anlayış çox zaman nəzərdən qaçırılır.
Bununla bağlı bir şirkət yaratdım. Məqsəd yeni ölkəyə köçən insanlara həmin mühitə daha tez və düzgün uyğunlaşmaq üçün lazımi mədəni bacarıqları qazandırmaqdır. Yazılmamış qaydalar, sosial işarələr və gündəlik həyat tərzini anlamaq kimi detallar çox vacibdir.
– Xaricdə yaşayan bir sənətçi kimi Azərbaycanla əlaqələrinizi necə qoruyursunuz?
-Azərbaycanla əlaqələrim daim aktivdir. Çoxsaylı konsertlər və tədbirlərdə ölkəmizi təmsil etmişəm. Məsələn, Londonda ilk dəfə keçirilən Azərbaycan Mədəniyyət Həftəsini təşkil etmişdim. Burada Dövlət Rəqs Ansamblı və Orion Orkestri ilə birgə çıxış etdik. Bu, Londonda ilk dəfə tammiqyaslı Azərbaycan mədəniyyət proqramı idi.
Digər bir önəmli layihəm Viktoriya və Albert Muzeyində keçirilən, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert idi. Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutmuşdu. Bundan əlavə, Londonda Britaniya Avropa Azərbaycan Məktəbinin (BEAS) həmtəsisçisiyəm. Bu məktəb Azərbaycan dilini və mədəniyyətini öyrənmək istəyən uşaqlar üçün həftəsonu məktəbidir. Bu həm də ailələr üçün mədəni birgəlik mərkəzidir.
– Nəhayət, beynəlxalq karyera qurmaq istəyən gənc azərbaycanlı musiqiçilərə nə tövsiyə edərdiniz?
-Bu dövrdə musiqiçi peşəsini seçmək böyük cəsarət tələb edir. Çünki bu qədər diqqət yayındırıcı amil və “asan” karyera yolları mövcuddur. Amma sosial media vasitəsilə çox sayda istedadlı gənc musiqiçiləri izləmək və onların Azərbaycan musiqi irsini davam etdirdiyini görmək sevindiricidir. Gənclərə tövsiyəm odur ki, karyeralarının ilk mərhələlərindən etibarən yaradıcı və sərhədlərdən kənar düşünməyi bacarsınlar. Təkcə texniki bacarıqlara deyil, digər incəsənət növlərinə, tarixə, fəlsəfəyə maraq göstərsinlər. Bu, onların musiqisini daha dərin və mənalı edəcək. Eyni zamanda, musiqi təhsili sahəsində Azərbaycanda mövcud olan sistemlə fəxr etməliyik. Bizdə dövlət dəstəyi ilə uşaqlar musiqi məktəbinə gedə bilirlər. Bu, Birləşmiş Krallıq kimi ölkələrdə çox vaxt yalnız maddi imkanı olan ailələr üçün əlçatan olur.
Biz Avropa modelinə uyğunlaşmağa çalışırıq, bu təbiidir. Amma musiqi, incəsənət və idman kimi sahələrin hamı üçün əlçatan qalmasını təmin etməliyik. Çünki gələcək nəsillərə ötürüləcək ən dəyərli şey bilik və mədəniyyət sevgisidir, maddi var-dövlət deyil.
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ