Onlayn ictimai-siyasi qəzet
Macarıstan Ukrayna ordusundakı zorakı səfərbərlik hallarına görə üç yüksək rütbəli ukraynalı hərbi rəhbərə qarşı sanksiya tətbiq edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Budapeşt bu şəxslərin ölkəyə girişinə qadağa qoymaq barədə qərar qəbul edib.
Siyarto bildirib ki, sanksiya tətbiq edilən şəxslər Ukrayna Quru Qoşunlarının Baş Qərargah rəisi, Qərb Əməliyyat Komandanlığının rəhbəri və Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsinin rəisidir. “Biz bu şəxslərin Avropa İttifaqının sanksiya siyahısına salınmasını təklif etmişdik. Hələlik bu baş verməyib, lakin bu gün onların Macarıstana girişinə qadağa tətbiq etdik”, – deyə o qeyd edib.
Nazir həmçinin xatırladıb ki, Macarıstan bundan əvvəl Avropa İttifaqına müraciət edərək Ukrayna Müdafiə Nazirliyinin üç əməkdaşına qarşı sanksiyalar tətbiq olunmasını tələb etmişdi. O, Avropa Şurasının insan hüquqları üzrə komissarının hesabatına istinad edərək Ukraynada insanların zorla orduya cəlb edilməsini “insan ovu” adlandırıb.
Peter Siyarto əlavə edib ki, bu qanunsuz hərəkətlər nəticəsində Zakarpatiyada yaşayan macar əsilli bir şəxs də zərər çəkib. Bu səbəbdən Macarıstan yaxın vaxtlarda zorakı səfərbərliyə görə məsuliyyət daşıyan bütün ukraynalı hərbi vəzifəli şəxslərin Avropa İttifaqının sanksiya siyahısına salınması üçün rəsmi müraciət edəcək.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban da Avropa İttifaqını Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ