İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron-Paşinyan tandemi Əliyevə möhtacdır: Azərbaycan Fransa və Ermənistanı çarəsiz duruma salıb

Ermənistana himayədarlıq edən Fransa da daxil olmaqla, Qərb siyasi dairələrinin Azərbaycanla ziddiyyətlərdən yayınmağa daha çox üstünlük verdiyi müşahidə olunur... Azərbaycanın regional lider dövlət olmaqla yanaşı, həm də qlobal siyasi məkanda mövqeyinin möhkəmlənməsi rəsmi Bakının beynəlxalq proseslərə təsir gücünü artırır...

Cənubi Qafqazın gələcək taleyi Azərbaycanın siyasi iradəsinə bağlıdır. Məhz rəsmi Bakı bu regionda geopolitik şərtləri təkbaşına müəyyən edir. Üstəlik, Azərbaycan Cənubi Qafqaza kənar geopolitik müdaxilə cəhdlərinə dərhal sərt reaksiya verir. Xüsusilə də, ikinci Qarabağ savaşından sonra Qərb siyasi dairələrinin, ilk növbədə Avropa Birliyi və Fransanın belə cəhdlərinin qarşısı rəsmi Bakı tərəfindən qətiyyətlə alınıb. Və rəsmi Bakı ermənipərəst Qərb siyasi dairələrinə Azərbaycan dövlətinin Cənubi Qafqazda müəyyən etdiyi status-kvonu dəyişməyə imkan verməyib.

Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycanın bu qətiyyətli mövqeyi regional sülh prosesini iflas təhlükəsindən yayındırıb. Rəsmi Bakı Ermənistanla birbaşa ikitərəfli danışıqlar formatını kənar müdaxilələrdən qorumaqla, tərəflər arasında sülh sazişinin mətninin razılaşdırılmasına nail olub. İndi həmin sənədin imzalanması üçün cəmisi iki addım qalıb. Yəni, Ermənistan həm öz konstitusiyasını dəyişdirərək, Azərbaycana qarşı ərazi iddialrı olan müddəları ləğv etməldir. Həm də Azərbaycanla ortaq şəkildə ATƏT-ə Minsk Qrupunun de-yure ləğv edilməsi üçün müraciət göndərməlidir. Və yalnız rəsmi Bakının bu iki prinsipial şərti yerinə yetirildikdən sonra yekun sülh sazişi imzalanacaq.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB)

Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında bu proses üzrə müzakirələr davam edir. Bu barədə məlumat verən Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderləinin yüksək səviyyəli görüşünün keçirilə biləcəyini də qətiyyən istisna etməyib. Rəsmi İrəvan üçün Azərbaycanla mümkün qədər tez bir müddətdə anlaşmaq indi Ermənistanın birbaşa maraqları daxilindədir. Və rəsmi Bakının verdiyi qərarlar, atdığı addımlar  indi Ermənistanın gələcək taleyi baxımından, həlledici faktorların sırasında yer alır.

Məsələ ondadır ki, ikinci Qarabağ savaşının yekun nəticələri Ermənistanın zəif və müqavimət immuniteti tükənmiş ölkə olduğu birmənalı şəkildə ortaya çıxarıb. İndi rəsmi İrəvan ermənipərəst dövlətlərin dəstəyi olmadan, hər hansı siyasi qərar qabiliyyətinə mailk deyil. Son vaxtlarsa, ABŞ və Avropa Birliyinin Ermənistana dəstəyinin mövcud keyfiyyəti rəsmi İrəvana geopolitik manevr imkanları aça biləcək səviyyədə deyil. Fransanın isə Ermənistana təhlükəsizlik təminatı verə biləcək potensialı müşahidə olunmur. Və bu səbəbdən də, indi rəsmi İrəvan məhz Azərbaycanın regional siyasi iradəsindən asılı vəziyyətə düşməyə başlayıb.

Əslində, rəsmi İrəvanın və ümumiyyətlə, Ermənistanın düşdüyü durumun çıxılmaz olduğu Avropa Siyasi Birliyinin Albaniya paytaxtı Tiranada keçirilmiş son zirvə toplantısında da açıq-aşkar müşahidə olundu. Belə ki, zirvə toplantısında iştirak edən dövlət liderlərinin diqqəti üçün maraqsız olan baş nazir Nikol Paşinyan özü onlarla ünsiyyət qurmaq üçün ciddi canfəşanlıq etmək məcburiyyətində qalmışdı. Və onun bədən dili Ermənistanın geopolitik miskinliyinin açıq təzahüründən başqa bir şey deyildi.

t15.jpg (69 KB)

Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə ünsiyyət üçün də xeyli cəhdlər göstərmək məcburiyyətində qaldı. Çünki Azərbaycan liderinin erməni baş nazirə tamamilə laqeyd olduğu açıq-aşkar nəzərə çarpırdı. Ona görə də, erməni baş nazir əvvəlcə Azərbaycan lideri ilə ayaqüstü salamlaşmaq şansı qazanmağa çalışmalı oldu. Bir qədər sonrasa, baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi kofe içməyə dəvət etdi. Cavabındasa, Azərbaycan Prezidenti ayaqüstü söhbət etdiyi dövlət liderlərini göstərərək, “siz gedin, mən daha sonra yaxınlaşaram” deməklə, kifayətləndi.

Əslində, ikinci Qarabağ savaşında biabırçı hərbi məğlubiyyətə uğramış Ermənistanın baş naziri Nikol Paşinyanın daha güclü Azərbaycanın Prezidenti İlham Əliyev qarşısında belə çarəsiz və məzlum duruma düşməsi qətiyyən təəccüblü deyil. Çünki Ermənistanın “əkiz bacısı” olan və özünü hələ də dünya nəhəngi hesab edən Fransanın prezidenti Emmanuel Makron da Azərbaycan lideri ilə daha yaxın ünsiyyətə can atırdı. Və üstəlik, onu da nəzərə almaq lazımdır ki, Fransa son illərdə Azərbaycandan sarsıdıcı siyasi zərbələr almaqdan qətiyyən yayına bilməyib.

Məsələ ondadır ki, Prezident İlham Əliyev Fransanın Azərbaycan və Ermənistan arasındakı sülh prosesində iştirakını bloklayıb. Ermənipərəst Fransanın Azərbaycana qarşı beynəlxalq məkanda təzyiq kampaniyası başlatmaq cəhdlərinə isə rəsmi Bakı daha ağır zərbələrlə cavab verib. Belə ki, məhz rəsmi Bakının qətiyyətli mövqeyi sayəsində Fransanın müstəmləkəçilik siyasəti bütün dünyada ifşa olunub. Və hazırda Azərbaycan Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara açıq dəstək verən yeganə dövlətdir.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Ancaq buna baxmayaraq, prezident Emmanuel Makronun Prezident İlham Əliyevlə daha səmini ünsiyyətə cəhd göstərməsi rəsmi Parisin Azərbaycanın siyasi gücünü artıq qəbul etmək məcburiyyətində qaldığını göstərir. Yəni, hətta ermənipərəst Fransa belə, Azərbaycanla hesablaşmağın qaçılmaz olması ilə barışmağa başlayıb. Bu, Azərbaycanın beynəlxalq məkanda təsir gücünün və qlobal mövqelərinin möhkəmlənməkdə olduğunu sezdirir. Və bundan sonra Ermənistana himayədarlıq edən Fransa da daxil olmaqla, Qərb siyasi dairələrinin Azərbaycanla ziddiyyətlərdən yayınmağa daha çox üstünlük verəcəyi qətiyyən şübhə doğurmur.

Ümumiyyətlə, son vaxtlar Azərbaycanın regional lider dövlət olmaqla yanaşı, həm də qlobal siyasi iradə mərkəzinə çevrilmə mərhələsinə keçdiyi qətiyyən diqqətdən yayınmır. Xüsusilə də, NATO-nun ən güclü dövlətləri arasında ön sırada yer alan Türkiyə ilə strateji müttəfiqlik Azərbaycana beynəlxalq məkanda əlavə manevr imkanları açır. Və bu baxımdan, Türk İttifaqı hazırda dünyanın bir çox regionlarında həm iqtisadi-ticari, həm də hərbi-siyasi baxımından, cəlbedici tərəfdaş kimi qəbul olunur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR