Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampla “Böyük Gözəl Qanun” (Big Beautiful Bill) ətrafında mübahisəsini davam etdirir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ prezidentinin onun şirkətlərini dövlət subsidiyalarından məhrum etməklə hədələməsi belə texnomilyarderi qorxutmur. Əksinə, Mask indi siyasi hücuma keçməyə hazırlaşır.
Sosial şəbəkə X-də (əvvəlki Twitter) istifadəçilərdən biri konqresmen Tomas Massinin seçki kampaniyasına kimlərin ianə vermək istədiyini soruşduqda, Mask qısa və aydın şəkildə cavab verib: “Mən”.
Tomas Massi Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyası daxilində onun qatı tənqidçilərindən sayılır. O, nəinki Trampın təşəbbüsü olan “Böyük Gözəl Qanun”u rədd edib, həmçinin İranın nüvə obyektlərinə qarşı hərbi zərbə çağırışlarını da tənqid etmişdi. Tramp isə buna sərt reaksiya verərək, onu “aciz uğursuz” adlandırmış və MAGA (Make America Great Again) hərəkatından açıq şəkildə uzaqlaşdırmışdı.
Massi Maskın dəstəyini böyük məmnuniyyətlə qarşılayıb və Fox News telekanalına açıqlamasında bildirib:
“İlon Maskın maliyyə dəstəyi məni çox sevindirdi. Bu dəstək mənə imkan verəcək ki, Konqresdə seçicilərimin maraqları naminə müstəqil səslə çıxış etməyə davam edim".
Massi özünü Vaşinqtonun “siyasi bataqlığını” tənqid edən, müstəqil mövqeyinə görə siyasi dairələrin qəzəbinə tuş gəlmiş dürüst bir konqresmen hesab edir.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ