Onlayn ictimai-siyasi qəzet
Bakıda qanunsuz və “vandal söküntü” işlərinin qarşısını almaq artıq ciddi problemə çevrilib.
Musavat.com-un məlumatına görə, bu ilin martında “Melissa Group” şirkətinin Yasamalda sakinlərin yaşadığı mülkü heç bir hüquqi əsas olmadan sökməsindən sonra oxşar hadisələr dəfələrlə “Kubinka”da təkrarlanıb.
Bu gün, iyulun 28-də “Vialon” tikinti şirkəti Ağadadaş Qurbanov dalan 1, ev 2 ünvanında yerləşən yaşayış evini sökməyə başlayıb.
Qonşuluqda yaşayan sakinlər Musavat.com-a bildiriblər ki, söküntü işləri heç bir normalara uyğun deyil, sanki vandalizm aktı törədilirmiş kimi aparılır:
“Ətraf toz-torpaq içindədir, səs-küy dözülməzdir. İnsanların sağlamlığı və təhlükəsizliyi heç kim üçün maraqlı deyil”.
Sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək, qanunsuz söküntü işlərinə dərhal son qoyulmasını tələb edirlər.
Xatırladaq ki, bir neçə ay əvvəl tikinti şirkəti Cəlil Məmmədquluzadə küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən yaşayış evini də ağır texnika yeridərək sökmüşdü. Həmin vaxt evdə yaşayan yəhudi əsilli Azərbaycan vətəndaşı Milka Lalə qızı Yurşimova baş verənlərdən həyəcana düşərək huşunu itirmişdi.
Bu, ilk hadisə deyil. 2025-ci il martın 27-də Yasamalda “Melissa Group”un qanunsuz söküntü işlərindən sonra şirkətin rəhbəri Qalib Məmmədov və daha iki əməkdaşı həbs edilmişdi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin araşdırması nəticəsində məlum olmuşdu ki, “Melissa Group” heç bir məhkəmə qərarı və icazə olmadan söküntü aparıb.
Bu faktlar göstərir ki, paytaxtda mülkiyyət hüquqları kobud şəkildə pozulur.
“Vialon” MMC-nin bu gün törətdiyi özbaşınalıq da təkcə bir ünvanla məhdudlaşmır. Şirkət əvvəllər də Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanda yaşayan Ramin Ağayevin mülkünü ekskavatorla sökmüşdü. Halbuki, Fövqəladə Hallar Nazirliyi həmin ünvanda söküntü işlərinin dayandırılması barədə şirkətə rəsmi göstəriş vermişdi. Amma görünür, xəbərdarlıqlar “Vialon” üçün kağız parçasından başqa bir şey deyil.
Qanunvericiliyə görə, heç bir vətəndaş məhkəmə qərarı olmadan yaşadığı evdən zorla çıxarıla bilməz. Hətta məhkəmə qərarı olsa belə, təxliyə prosesi başa çatmadan söküntü işlərinə başlamaq qadağandır.
Ancaq görünən odur ki, bəzi tikinti şirkətləri özlərini qanundan üstün görür və bunun qarşısını almaq üçün səlahiyyətli qurumlar təcili tədbir görməlidir.
Elşən MƏMMƏDƏLİYEV
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ