İnsanlara hürriyət, millətlərə istiqlal!

Məlumatlarımız kimə satılır? – Azərbaycanda data alveri bazarı - ŞOK DETALLAR

Əgər son vaxtlar sosial şəbəkələrdə danışdığınız bir məhsul və ya xidmətlə bağlı reklamları tez-tez görməyə başlamısınızsa, təəccüblənməyin. Çünki şəxsi məlumatlarınız – kimə zəng etdiyiniz, harada olduğunuz, nə axtardığınız və nə danışdığınız – artıq bir bazar predmetinə çevrilib. Bu məqalədə Azərbaycanda şəxsi məlumat ticarəti, təhlükə mənbələri və real nümunələr əsasında vəziyyəti analiz edirik.

Mobil operatorlar: Səssiz izləmə maşınları?

Azərbaycandakı mobil operatorların hər biri istifadəçilərin zəng qeydləri, SMS məlumatları, lokasiya (yer) məlumatları, internetdə gəzinti tarixçəsi və istifadə olunan tətbiqlər barədə məlumatları toplaya bilir. Bu məlumatlar "məlumat analizi" adı altında reklam agentliklərinə, call-center şirkətlərinə və bəzən siyasi kampaniya idarələrinə ötürülür.

Reklam zəngləri və SMS-lər – şəxsi nömrənizi heç yerə verməsəniz də, sizə müxtəlif təkliflər gəlirsə, çox güman ki, məlumatlarınız paket şəklində satılıb. Hədəfli reklam kampaniyaları – bəzi siyasi təşkilatlar seçki öncəsi konkret bölgələrdə yaşayan insanlara SMS və zənglərlə təsir etməyə çalışıb. Bu məlumatlar mobil operatorlardan alınmış ola bilər.

Tətbiqlər səni "dinləyir?"

Ən təhlükəli hissə isə smartfonlardakı mobil tətbiqlərdir. Azərbaycanda istifadə olunan populyar tətbiqlərin bəziləri – hava proqnozu, QR kod oxuyucu, foto redaktorlar, sadə oyunlar – icazə aldıqdan sonra mikrofona, kameraya, kontaktlara, fayllara, GPS-ə çıxış əldə edir.

"Zayyan" adlanan tanışlıq tətbiqi: istifadəçi razılığı olmadan mikrofona çıxış alırdı. "Bright Weather" hava proqramı: hava məlumatı verən app olmasına baxmayaraq, həm lokasiya, həm kontaktlara çıxış istəyir, həm də 3-cü tərəfə data ötürür. "BeautyCam" və bənzər Çin mənşəli foto filtrlər: istifadəçi razılığı olmadan şəkilləri serverə yükləyir və üz tanıma texnologiyaları ilə emal edir.

Azərbaycan saytlarının əksəriyyəti çox zəif gizlilik siyasətinə sahibdir. Sayta daxil olduqda sizdən xəbərsiz 30-50-yə yaxın tracker və kuki yüklənə bilər. Bunların bir çoxu Google, Facebook və ya yerli reklam şəbəkələri üçün istifadəçi vərdişlərini analiz etmək məqsədi daşıyır.

Məlumat alverinin qaranlıq bazarı

"Data broker" adlandırılan şəxslər və firmalar – əsasən reklam, kredit, sığorta və daşınmaz əmlak sektorunda işləyirlər. Onlar telefon nömrələri, yaş aralığı, ünvan və bəzən əmək haqqı təxminləri kimi məlumatları pulsuz tətbiqlər və gizli platformalar vasitəsilə əldə edir və satırlar.

Redaksiyamıza verilən məlumata görə, bir şəxsin məlumat paketi (telefon nömrəsi, yaş, ünvan, maraq sahələri) 0.05–0.20 qəpik arasında dəyər daşıyır. SMS şirkətləri var. Bu şirkətlərin işi sizin datalarınızı satmaqdır. Bəli, sizin datalarınızı satırlar və bunu gizli etmirlər. Mələsən, avtomobil yağı satan şirkətə sırf sürücülərə onların reklam mətnini göndərə biləcəklərini deyir və bunu da edə bilirlər. Müxtəlif mağazalarda, məkanlarda, ad, soyad, nömrənizi verdinizsə sizin da datanız artıq bazara girmiş sayılır.

Nə etməli? – Özünü necə qoruya bilərsən?

Tətbiqlərə icazələri minimuma endirin. Mikrofon, GPS və kontakt icazələrini ehtiyac yoxdursa deaktiv edin.

VPN və reklamsız brauzerlərdən istifadə edin (məs: Brave, Firefox).

Tətbiqləri yalnız rəsmi mağazalardan yükləyin – APK fayllar vasitəsilə yükləmələrdən çəkinin. Bu, həm də sizin bank kartlarınızın, şifrələrinizin qorunması üçün önəmlidir.

Kukilər və izləyici analizlərini bloklayan pluginlər quraşdırın – məsələn, "Privacy Badger", "uBlock Origin".

Hüquqi tərəf: Qanun varmı?

Azərbaycanda "Şəxsi məlumatların qorunması haqqında" Qanun mövcuddur, lakin təhlükəsizlik standartları çox zəifdir və nəzarət praktiki olaraq yoxdur. Əksər istifadəçilər məlumatlarının necə istifadə olunduğunu anlamır, şirkətlər isə bundan sui-istifadə edir. Qonşu Türkiyədə şəxsiyyət vəsiqəsini itirənin çox vaxt evi "yıxılır". Adına borclar, kreditlər, vergi borcu olan şirkətlər yaradılır. Həmin şəxs də qapı-qapı düşüb dərdini anlatmağa yer axtarır. Çünki onlarda həm onlayn xidmət, həm də gülməli də olsa, fırıldaqçılar daha çox inkişaf edib. Çox keçməz, Azərbaycanda da oxşar problemlər artmağa başlayar… Ona görə də, ŞV-nizi hara gəldi verməyin, fotosunu çıxartdırmayın! Birinin ŞV tapmısınızsa fin və seria nömrəsini gizlətmədən paylaşmayın!

İnformasiya əsrində ən dəyərli valyuta – şəxsi məlumatdır. Azərbaycanda bu məlumatların izinsiz toplanması və paylaşılması getdikcə daha geniş miqyas alır. Qorunmağın yeganə yolu – məlumatlı olmaq, datalarımızı maksimum gizli saxlamaq, şəffaflıq tələb etmək və texnoloji alətlərdən ağıllı istifadədir.

Məhəmməd Türkmən
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR