Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yığmasının sabiq oyunçusu, milliləşdirilmiş legionerlərdən olan Andre Ladaqa Azərbaycana gəlir.
Braziliyalı müdafiəçi bu barədə Fanat.Az-a özü məlumat verib.
O, 10 gün sonra Bakıda olacaq. Gəlişinin səbəbi özünü yenidən Azərbaycan futbolunda sınamaqdır. 50 yaşlı veteran həm məşqçi kimi çalışmaq, həm braziliyalı oyunçuların Azərbaycana gəlişində vasitəçi olmaq, həm də futbol funksioneri vəzifəsində fəaliyyət göstərmək istəyir. O, ölkəmizə gəldikdən sonra bu yöndə aldığı təklifləri dəyərləndirəcək. Ladaqa hansı klublardan təklif aldığını açıqlamaq istəməyib.
Qeyd edək ki, ölkəmizdə 4 ilə yaxın “Bakı”da çıxış edən Ladaqa paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. Şahin Diniyevin dövründə yığmamıza dəvət olunan braziliyalı millidə 11 matça çıxaraq 1 qol vurub. Millimizdəki debütü 2006-cı il sentyabrın 2-də AÇ-2008-in seçmə qrup oyunu çərçivəsində Serbiya millisinə qarşı matç olub. Səfərdə keçirilən oyunda millimiz 0:1 hesabı ilə məğlub olub. Ladaqa 4 gün sonra Bakıda Qazaxıstan millisinə qarşı keçirilən oyunda (1:1) isə qolla yadda qalıb.
Tam adı Andre Luiz Ladaqa olan Andre Ladaqa 1975-ci il fevralın 19-da Braziliyanın Rio de Janyero şəhərində anadan olub. Ampluası müdafiəçi olan bu futbolçunun ilk peşəkar klubu 1994-cü ildə “İtaperuna” olub. 1995-ci ildə “Vasko da Gama”, 1996-cı ildə isə “İnternasional”da forma geyinib. Amma parlamağa başladığı klub “Fluminese” olub. 1997-2000-ci illərdə bu klubda oynayıb və özünü yaxşı tərəfdən göstərib. Daha sonra “Maduera”, “Olario” və “America” kimi klublarda oynadıqdan sonra 2004-cü ildə Azərbaycana gəlib. Braziliyaya futbolçu seçməyə gedən “Bakı” rəsmləri Ladaqanı bəyənərək ölkəmizə dəvət ediblər. Onun karyerasının ən parlaq illəri Azərbaycanda olub. 2004-08-ci illərdə “Bakı” formasında 80 dəfə meydançaya çıxan Ladaqa 6 qolun müəllifi olub. “Bakı”dan sonra 2009-cu ildə “Karvan”da qısa sürən karyerası olub. O, Yevlax təmsilçisində cəmi 2 oyunda forma geyinib. 2009-cu ildən milliyə çağırılmayan Ladaqa 2010-cu ilin yanvarında ölkəsinə qayıdıb.
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ