İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyoner iş adamını aslanlar yedi: həyatını və qazandıqlarını çöl aslanlarına həsr etmişdi...

Dünyanın müxtəlif bölgələrində safari turizminə, o cümlədən vəhşi təbiətin qorunmasına milyonlarla avro yatırım edən alman iş adamı Bernd Kebbel Namibiyada dəhşətli şəkildə həlak olub.

Musavat.com xəbər verir ki, hadisə Namibiyanın Skeleton Coast bölgəsində – lüks safari düşərgəsində baş verib. 59 yaşlı Bernd Kebbel həyat yoldaşı Conny ilə birlikdə gecələdikləri çadırdan gecə saatlarında tualet ehtiyacını ödəmək üçün çıxıb. Ancaq bu, onun son addımı olub…

Berndin çadırdan bir qədər uzaqlaşdığı anlarda bölgədə dolaşan dişi bir aslan (liceylan) ona qəfil hücum çəkib. Şahidlərin sözlərinə görə, vəhşi heyvan iş adamını boğazından tutaraq sürüyüb və ölümcül yaralar yetirib. Kampdakı digər turistlər və Berndin həyat yoldaşı səsə oyanıb və müdaxilə etsələr də, artıq gec idi – tanınmış iş adamı hadisə yerində həyatını itirib.

Onu öldürən heyvanlara ömrünü həsr etmişdi…

Bernd Kebbel Almaniyada doğulmuş, sonradan Namibiyada yaşamış, safari avadanlıqları və off-road texnologiyası üzrə ixtisaslaşmış “Off-Road-Centre” şirkətinin sahibiydi. Onun adı illərdir Namibiya çöl aslanlarının qorunması ilə bağlı xeyriyyəçilik fəaliyyətlərində çəkilirdi. Kebbel yerli mühafizə layihələrinə dəstək göstərir, xüsusilə də “Desert Lion Conservation Project” kimi təşkilatlara maddi yardım edirdi. 

db36f567-c908-4703-9254-879568091ad0.jpg (91 KB)

Əldə olunan məlumatlara görə, faciəvi hücumdan sonra həmin aslanın ərazidə təhlükə yaratmaması üçün Namibiya mühafizə xidmətləri tərəfindən güllələnməsi qərara alınıb. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırma aparır.

Simvolik ironiyanın ağır izləri

Musavat.com bildirir ki, işin ən dramatik tərəfi odur ki, Bernd Kebbel bir ömür boyu məhz həmin vəhşi heyvanların qorunması üçün çalışıb, onları insan təzyiqindən xilas etməyə çalışmışdı. O, bir vaxtlar verdiyi müsahibəsində belə demişdi: “İnsan və vəhşi təbiət arasında sülh mümkündür, sadəcə sərhədlərə hörmət etmək lazımdır.”

Bu sözlər indi daha fərqli, daha dərin məna daşıyır. Bernd Kebbelin faciəvi ölümü yalnız təbiətsevərlər üçün deyil, safari turizmi ilə məşğul olanlar üçün də mühüm dərs və xəbərdarlıq kimi qiymətləndirilir.

 

Musavat.com,
Beynəlxalq xəbərlər bölməsi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR