İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva gözünə inanmır – keçmiş SSRİ respublikaları ona etina etmədən öz siyasətlərini yürüdür

Yaxın qonşuları ilə münasibətlərinin yeni mərhələsinə daxil olmuş Rusiya onların xarici və iqtisadi siyasətini heç vaxt olmadığı qədər diqqətlə izləyir. RF mediasını gözdən keçirəndə bu, açıq-ayın şəkildə nəzərə çarpır.

Kreml keçmiş SSRİ respublikaların dünya ölkələri ilə ilişkilərindən özü üçün nəticələr çıxarır, hansı dövlətin hansı siyasi bloka meylləndiyini, bunun öz maraqlarına nə dərəcədə zidd olduğunu müəyyən etməyə çalışır. Hətta hansı liderin hansı ölkənin mediasına nə cür müsahibə verməsi, kimin hansı toplantılar təşkil etməsi, kimin kiminlə necə saziş bağlaması - hər şey nəzarətdədir.

Rusiyanın ətrafındakı ölkələr isə Moskvanın reaksiyalarına məhəl qoymadan öz işlərindədirlər. Onların heç biri daha gözünü Kremldəkilərin ağzına dikmir, onlardan icazə gözləmir.

45520.1676535650.7ca0b53876.jpg (116 KB)

Keçən həftə Belarus prezidenti Aleksandr Lukaşenko dünyanın ən məşhur nəşrlərindən birinə müsahibə verib. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb. Lakin nəşrin adı açıqlanmayıb deyə, Rusiya mediası Lukaşenkonun açıqlamalarının hansı yöndə olmasına ciddi maraq göstərir. Moskva Lukaşenkonun RF-yə “asi” çıxacağını gözləməsə də, indiki həssas dönəmdə təbii narahatlığı var.

Kreml neçə vaxtdan bəridir üzünü Qərbə tutmuş və bu istiqamətdə müəyyən məsafə qət etmiş Moldovada bu ilin sentyabrın 28-də keçiriləcək parlament seçkilərinə yeni gözlənti ilə yanaşır. Seçkidə birgə iştirak etmək niyyətlərini açıqlayan Sosialistlər Partiyası, Kommunist Partiyası, “Moldovanın ürəyi” və “Moldovanın gələcəyi” partiyaları Moskvanın ümid bəslədiyi təşkilatlardır. Kreml onların siyasi uğur qazanacağı təqdirdə Moldovanın xarici siyasət kursunda dəyişikliyə nail olacağını düşünür.
Bu partiyaların fəalları rumın dilinin (moldovan diliylə, demək olar ki eynidir – bizimlə Anadolu türkcəsi kimi) işlək dilə çevrilməsinə qarşıdırlar, pravoslav ənənə və dəyərlərini müdafiə edirlər, “Moldovanın suverenliyi və neytrallığı”nın, “ədalətin və xarici diktədən azad gələcəyin” tərəfdarıdırlar.

rusyanlılar.jpg (139 KB)

Bu ruspərəst dördlük “xarici diktə” deyərkən Maya Sandu hakimiyyətinin Qərblə əlaqələrini nəzərdə tutur, “suverenlik və neytrallıq” ifadələri əsasında isə ölkənin Moskvaya loyallığını qəsd edirlər. Bu dörd partiyanın liderləri vətəndaşlara “dəmiryolunu, dəniz limanını, idman universitetini, məktəbləri və bələdiyyə binalarını qaytarmağı” vəd edir, bu məqsədə çatmaq, “Moldovanın ləğvini dayandırmaq üçün” seçkilərdə qətiyyətlə səs vermək və mövcud hökuməti ölkəni idarə etməkdən uzaqlaşdırmaq lazım olduğunu bəyan edirlər. Tam bir Kreml layihəsi.

Rusiya Ermənistan və Azərbaycan arasında gərginliyin azalmasından, tərəflərin sülh sazişinə addım-addım yaxınlaşmasından da narahatdır. ABŞ-nin Sünik bölgəsindən Zəngilanla Naxçıvanı birləşdirən 42 km-lik yolu icarəyə götürmək təklifi Moskvanı olduqca əndişələndirib. Ona görə də Kreml bu təşəbbüsə qarşı olan hər kəsə tribuna və dəstək verməyə hazırdır. Hakim “Vətəndaş sazişi” fraksiyasından olan parlament üzvü Arman Yeqoyanın Ermənistanın ABŞ-ın təklifini qəbul etmədiyini bildirməsi Moskvanın xoşuna gəlib.

vova.jpeg (25 KB)

Rusiya mediası sevincək şəkildə qeyd edir ki, bir gün əvvəl Ermənistan hökuməti İspaniya portalında İrəvan, Bakı və Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı memorandumla razılaşdıqları barədə dərc edilən məlumatı qəti şəkildə təkzib edib və onu manipulyasiya təbliğatının təzahürü adlandırıb. Rus jurnalistlər “qondarma Zəngəzur dəhlizi” ifadəsi işlədir və onu “Tramp körpüsü” kimi qələmə verirlər.

Gürcüstan da Kremlin yadından çıxmayıb. Keçən həftə Gürcüstanın səfiri Tamar Taliaşvilinin ABŞ prezidenti Donald Trampa etimadnamə və Gürcüstan hökumətinin mesajını təqdim etməsi Rusiyanın nəzərində hələ ABŞ ilə Gürcüstanın münasibətlərinin yaxşılaşacağına, “yeni səhifə açılacağına” dəlalət etmir.
Cozef Baydenin dövründə bu ölkələr arasında 2009-cu ildən qüvvədə olan strateji tərəfdaşlığın dayandırılması və bir sıra Gürcüstan rəsmilərinə viza sanksiyaları tətbiq edilməsi Moskvanı çox məmnun etmişdi. İndi Kremldə düşünürlər ki, Gürcüstanın Qərbdən qoparaq, Rusiyanın nüfuz dairəsinə düşməsi qalıcı olmalıdır.

Bununla belə, Donald Trampın hakimiyyətə gələndən bəri Gürcüstan hökumətinin köhnə münasibətləri bərpa etmək, vizasız rejim və birbaşa uçuşlar da daxil olmaqla strateji tərəfdaşlıq haqqında yeni saziş bağlamaq istəyini mövcuddur. “Gürcü arzusu” partiyası hələlik bu təşəbbüsə dəqiq cavab almayıb və bu, Moskvaya sərf edən durumdur.

tokay.jpg (78 KB)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sabah Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla aparacağı danışıqların Rusiyanın diqqət mərkəzində olmasının ciddi bir səbəbi var. Danışıqlarda Qazaxıstan neftinin nəqlinin şaxələndirilməsi və onun Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə daşınmasının artırılması müzakirəsi planlaşdırılır. Bu halda Qazaxıstan neftinin nəqli Rusiyadan yan keçməklə baş tutacaq və bu, Rusiyanın istəmədiyi perspektivdir.

Bir sözlə, keçmiş sovet respublikaları xarici və iqtisadi siyasətlərini Moskvadan asılı olmadan yeritməyə, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrini genişləndirməyə çalışırlar. Kreml isə hələlik yumşaq təzyiqlərlə onlara yönəldici təsirlər göstərmək istəyir. Son vaxtlar rusiyalı deputatların və politoloqların müxtəlif bəhanələrlə postsovet ölkələri hədələməsi bu üzdəndir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR