İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ilə çəkişmədə “ingilis barmağı”? - Sensasion iddia

Britaniyanın gərginliyi qızışdırdığı barədə mülahizələr səslənir, azərbaycanlı analitik isə deyir ki...

“İngiltərə Rusiya ilə Azərbaycan arasında gərginliyi qızışdırmağa, Türkiyəni bu hadisələrə cəlb etməyə çalışır”. Bunu “RİA Novosti”yə türkiyəli politoloq Engin Özər deyib. “İstanbul sülh danışıqlarının tezliklə yekun mərhələyə qədəm qoyması ehtimalına görə xarici qüvvələr münaqişəni uzatmağa çalışır. 2022-ci ildə İstanbul razılaşmalarını pozaraq bu məsələdə ciddi uğur qazanan London rəhbərliyi, yəqin ki, Bakı ilə Moskva arasında gərginliyi qızışdırmaq və Türkiyəni bu prosesə cəlb etmək istəyəcək”, - o bildirib.

“Bütün bu söz-söhbətlər necə başladı? Bu, birinci dəfə deyil. İngiltərə hələ 19-cu əsrdə rüşvətxorluq, emissarlar və yalan məlumatlar vasitəsilə Qafqaza mərc etdi. O vaxtdan bəri üsullar dəyişməyib. Yalnız indi ingilis zabitlərinin əvəzinə türk vəkilləri və cinayət keçmişi olan ”hörmətli iş adamları" var".

Bunu isə Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy deyib.

Göründüyü kimi, hər iki rəydə “ingilis barmağı” axtarılır. Bu, nə dərəcədə realdır? Son hadisələrdə Britaniyanın hansı rolu ola bilər?

Oqtay Qasımov: “İki ölkə arasında münasibətlərin intensivləşməsi mühümdür”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, həm türkiyəli, həm də rusiyalı siyasi ekspertlərin səsləndirdiyi fikirlərin həqiqətə uyğun olduğunu düşünmək yanlış olardı: “Mən bu iddiaların həqiqətə uyğun olduğu düşüncəsində deyiləm. Hesab edirəm ki, bu cür iddialar əslində Rusiyada azərbaycanlılara qarşı məlum addımlara, Azərbaycana qarşı hücumlara dolayısı ilə bəraət qazandırmaq cəhdləridir. Yeri gəldi-gəlmədi hər şeydə Qərbi ittiham etmək niyyətləri burada açıq şəkildə görünməkədidir. O cümlədən, türkiyəli politoloq Engin Özərin özünün də anti-Qərb mövqeli şəxs olduğunu nəzərə alsaq və ”RİA Novosti"nin təsadüfən məhz bu adamdan açıqlama almadığını da üzərinə gəlsək, burada əsl məqsədin nə olduğu aydınlaşır.

Əlbəttə ki, Qərb ölkələrinin çoxlarının Rusiya ilə problemləri var, Rusiya ilə gərgin münasibətlərdə olanları da var və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqda maraqlıdır. Bu prosesi birbaşa və yaxud dolayısı yolla dəstəkləməyə çalışır. Lakin bu, o demək deyil ki, Rusiyadan son yarım ildə Azərbaycana qarşı olan addımlar Qərb tərəfdən təhrik olunub, yaxud Azərbaycanla Rusiya arasında son zamanlar yaşanan soyuqluğa Qərbdən xüsusi rəvac verilib. Mən bu düşüncədə deyiləm".

Politoloqun sözlərinə görə, nəzəri cəhətdən hesab etsək ki, hətta Britaniya və ya başqa hansısa Qərb dövləti öz maraqları üçün buna çalışsa belə, məntiqlə Rusiya Qərbin bu planının puç olması üçün addımlar atmalı idi: “Müvafiq addımlar atılmırdısa bunun günahını Britaniyada axtarmaq düzgün deyil.

Azərbaycana gəlincə, Azərbaycan heç zaman qonşusu Rusiya ilə gərginlik, münasibətləri korlamaq tərəfdarı olmayıb. Azərbaycan sadəcə ona olan haqsız hücumlara reaksiya verməyə məcbur olub. Məsələ bu qədər aydındır. Problemin qaynağının hansı ünvan olduğu hər kəsə bəllidir. Ona görə də burada Britaniyanı, Qərbi günahkar səbəbkar və təhrikçi olaraq təqdim etmək əsaslı deyil". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR