Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqdakı faciəvi olaylardan sonra Bakı-Moskva münasibətlərində yaşanan gərginlik hələ ki aradan qalxmayıb. Son olaraq, "Rossiya 24" telekanalının efirində Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib ki, Rusiya Azərbaycanla mübahisəli məsələləri həll etmək üçün bütün lazımi vasitələrə malikdir.
“Baş verənləri peşəkarcasına anlamalı olan qurumlar müəyyən olunub. Məsələdə media komponentləri yığışdırılmalı, emosional təxribat xarakterli şüarlar bir kənara atılmalı və sadəcə, kimin günahkar olması araşdırılmalıdır. Hər necə olmasa, bizim Azərbaycanla da, Ermənistan və digər dövlətlərlə də əlaqələrimiz olub”, - senator bildirib.
Karasinin sözlərinə görə, öncə mübahisələrin və müzakirələrin bütün təfərrüatlarını aydınlaşdırmaq, daha sonra nəticələri ictimaiyyətə çatdırmaq lazımdır.
“Hazırda Moskvada nümayəndə heyəti hazırlanır və o, gələn (bu - red.) həftə Bakıya qeyri-rəsmi səfər edərək iki ölkə arasındakı münaqişənin həllinə çalışacaq”. Bu barədə VÇK-OQPU Telegram kanalı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, şəxsən Rusiya prezidenti Putinin mesajı çatdırılacaq və həbs olunanların mübadiləsi təklifi verilə bilər. Bildirilib ki, nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, hazırkı fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkov başçılıq edə bilər. “Azərbaycanla münasibətlərdə yaranan fəsadlar hazırda Kremlin planlarına daxil deyil. Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə konflikt aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək imkanı yoxdur”, - mənbə kanala açıqlamasında deyib.
Gərginliyin səngiməyə doğru getdiyini söyləmək mümkündürmü? Rusiya “daşları” yığmağa başlayır?
Aydın Mirzəzadə
Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”da qeyd etdi ki, bütün dünya Azərbaycanın öz vətəndaşına, həmvətəninə necə sahib çıxdığının bir daha şahidi oldu: “Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr Azərbaycanın öz vətəndaşına, həmvətəninə sahib çıxma məsələsi idi. Həm cəmiyyətimiz, həm də dünya gördü ki, Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqda həmişə səy göstərir. O başqa məsələdir ki, bizim vətəndaşlar yaşayan ölkədə buna qarşı aparılan işin mahiyyəti, yaxud gedişatı həmin ölkənin qanunvericiliyinə uyğundur. Bizim istəyimiz vətəndaşa qarşı zorakılıq edilməməsi, onun hüquqlarının pozulmamasıdır. Bunu bir daha ortalığa qoyduq. Yekaterinburq məsələsi heç də Azərbaycanla Rusiya arasında gərginlik məsələsi deyil. Biz strateji müttəfiqik. Bir-birimizin müstəqilliyinə hörmətlə yanaşan ölkələrik. Həmişə istənilən məsələni qarışıqlı anlaşma və dövlətlərarası əlaqələrlə həll etmişik. Təsadüfi deyil ki, bu məsələlərdə hər iki ölkənin rəsmi orqanları maksimum dərəcədə təmkin göstərdilər”.
Deputat vurğuladı ki, verilən şərhlər ancaq vətəndaşlarımıza qarşı edilən zorakılığın araşdırılması yönündə idi: “Hər iki ölkənin baş prokurorları arasında gedən danışıqlar, rəsmilərin bəyanatları bir daha göstərdi ki, Azərbaycanla Rusiya mehriban qonşuluq münasibətlərini daim qoruyub-saxlamaqda maraqlıdırlar”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın davranışlarının Kreml tərəfindən yanlış anlaşıldığına toxundu: “Son dövrlər Rusiyanın Ukrayna cəbhəsində aldığı sarsıdıcı zərbələr və sanksiyaların daha da sərtləşdirilməsi Putin hakimiyyətini daxil böhrandan və artan narazılıqlardan yayındırmaq üçün rusların vətənpərvərlik və şovinist, imperiyapərəst hisslərindən manipulyasiyalar etmə halları büruzə verməkdədir. Eyni zamanda zəifləyən dövlətin gücünü nümayiş etdirmək üçün zorakılıqlara, aqressiya, şiddətə əl atılır. Rusiya tarixən qaba rəftarı ilə digər toplumları əzməyi, onlara üstdən aşağı baxmağı ilə xüsusilə seçilib. Putinin rus əsgərinin ayağının dəydiyi torpaqların Rusiyanın olması barədə dedikləri təsadüfi sayılmamalıdır. Prezidentin bu ifadəsi rus şovinizminin, millətçiliyinin nə qədər təhlükəli və vahiməli olduğunu bir daha çılpaqlığı ilə ortaya qoymuş oldu. İmperiyapərəstlərin açıq şəkildə Ukraynadan sonra növbənin digər postsovet dövlətlərə çatacağını deməsini nəzərə alsaq, Yekaterinburqda baş verən terrorun mahiyyətini anlamaq çətin deyil”.
Onun fikrincə, Rusiya Azərbaycanın beynəlxalq və regional müstəvidə artan gücünü sinirə bilmir: “Bakının müstəqil və qarşılıqlı maraqlara əsaslanan siyasətindən, həmçinin türk coğrafiyasının inteqrasiyasındakı aparıcı rolundan narazıdır. Həmin narazılığı masa arxasında deyil, qəbul olunmayan təzyiqlər və təxribatlar vasitəsi ilə həllinə üstünlük verməsi ciddi səhvdir. Nə Rusiya əvvəlki Rusiya deyil ki, diqtə etsin, nə də Azərbaycanın iradəsini zəiflətmək mümkün deyil. Hər iki dövlətin öz maraqları olmaqla bahəm, ortaq maraqları da var. Rusiya bunu anlamalıdır”.
Politoloqun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi hər iki dövlət üçün arzuolunan deyil: “Azərbaycanla Rusiya arasında bütün sahələrdə sıx əməkdaşlıq və tarixi əlaqələr mövcuddur. Bunları məhv etməyi bəlkə də kənardan arzu edənlər az deyil. Rusiya Azərbaycanı itirməklə Cənubi Qafqazı itirir, Türk dünyası və İslam coğrafiyasında, xüsusən də Türkiyə və Pakistan kimi güclü dövlətlərlə mövqeyini zəiflətmiş olur. İndiki dönəmdə Moskvaya bunlar lazım deyil. Daxildə də millətlərarası və dinlərarası münaqişələr Rusiyanın sonunu gətirər. Hesab edirəm ki, Azərbaycanda da Rusiya simpatiyası və ora ilə geniş əlaqələri olan şəxslər, ziyalılar, rus icması, hətta dini konfessiyalar, din xadimləri hər iki dövlət və ictimaiyyət arasında baş verən ziddiyyətlərin aradan qaldırılmasına, Moskvanın düşünülməmiş addımlarının qarşısının almasına səy göstərməlidir. Azərbaycan beynəlxalq hüquqa və prinsiplərə həmişə hörmətlə yanaşıb və dünya nizamının yenidən bərqərar olmasına öz töhfəsini verməyə çalışıb. Rusiya imperiya sərhədlərini bərpa etmək kimi ağılasığmaz ambissiya və xülyalardan əl çəkməlidir. Keçmiş keçmişdə qaldı. Rusiya dostlarını itirməklə heç nə qazana bilməyəcək. Xüsusən də Azərbaycan kimi bir strateji müttəfiqi ilə gərginlik Moskva üçün ən pis seçim olardı”.
P.S. Qəzet çapa gedərkən məlum olub ki, Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib.
Bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən bildirilib.
“Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının icraiyyə şurası və baş assambleyasının iclasında iştirak etmək üçün Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycana səfər edib. Gündəliyin əsas məsələsi - öz platformasında 60-dan çox dövlətin fövqəladə xidmətlərini birləşdirən və ölkələrə humanitar yardım göstərən bu təşkilatın baş katibinin seçilməsidir”, - məlumatda qeyd edilib.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ