İnsanlara hürriyət, millətlərə istiqlal!

MTN işi: 36 zərərçəkəndən 2-cisi haqqını ala bilmədən dünyasını dəyişdi - Bahəddin Sultanovun acı hekayəsi  

 

İbrahim Zeynalovdan sonra daha bir zərərçəkmiş, Bahəddin Sultanov da haqqını ala bilmədən dünyasını dəyişib. O, MTN çetesinin toruna düşən, Eldar Mahmudovun “sağ əli” hesab olunan Mövlam Şıxəliyevlə yolu kəsişəndən sonra malından-mülkündən, həm də sağlamlığından olmuş 36 nəfərdən biri idi.

Bahəddin Sultanovun MTN-də yaşadığı müsibətlər də İbrahim Zeynalovun yaşadıqlarından geri qalmırdı. İbrahim Zeynalovun zavod və fabrikləri, 8 milyon dolları əlindən alınmışdı, Bahəddin Sultanovun isə yarım milyonu əlindən çıxarılmışdı.  

Bahəddin Sultanov MTN-də başına gələnləri Mövlam Şıxəliyev və mütəşəkkil quldur dəstəsinin üzvlərinin həbsindən sonra istintaqçılara danışmışdı.

Bu gün artıq dünyada olmayan Bahəddin Sultanov 2021-ci ildə ifadə verərək demişdi ki, 1994-cü ildən 2004-cü ilədək Binəqədi rayonunda 102 saylı Mənzil İstismar Sahəsinin rəisi olub, sonra Biləcəri qəsəbəsinin icra nümayəndəsi təyin edilib və 1 il bu vəzifədə işləyib.

Bahəddin Sultanov 2007-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində otel və supermarketdən ibarət kompleksin tikintisinə başlayır. Eyni zamanda o "JEK” rəisi olduğu vaxtlarda-1994-1995-ci illərdə Bakı-Sumqayıt yolunun "VAZ-ın kruqu” deyilən səmtində 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün ferma açıb. Fermanı oğlu İntiqamın adına sənədləşdirib.

2008-ci ildə Bahəddin Sultanovun Qazaxıstandakı layihəsini tamamlamaq üçün pul lazım olur. Həmin günlərdə Bakıya gəlir və  "Texnikabank”ın (artıq ləğv edilib) Yasamal filialının müdirinin yanına gedib ondan 1 milyon dollar kredit istəyir. Filial müdiri dostu Bahəddin Sultanovun işlərinə və imkanlarına bələd olduğu üçün deyir ki, problem yoxdur. Kreditin verilməsi üçün girov istənilir. Bahəddin Sultanov oğlu İntiqamın adına olan  fermanı banka girov qoyur. Beləcə 1 milyon dollar kreditin alınması ilə bağlı müqaviləni bağlanır.

Sonradan krediti ödəmək üçün bankda nağd pul tapılmır və beləcə iş 3-4 ay uzanır. Bahəddin Sultanov kredit verilməsinin uzandığını görəndə, kredit müqaviləsinə xitam verib fermanın sənədlərini qaytarılmasını tələb edir. Belə də olur, ona kreditin guya ödənildiyi, banka borclu olmadığı haqda arayış verib fermanın sənədlərini qaytarırlar. Çox keçmir ki, Bahəddin Sultanov fermasının olduğu  4 hektar torpağı 1 milyon dollara satır, pulun bir hissəsini Qazaxıstandakı tikintiyə yönəldir, qalanını evdə saxlayır.

2009-cu ildə MTN “Texnikabank”da əməliyyat keçirir, bu zaman bankdan kredit alan bir çox iş adamları kimi Bahəddin Sultanovun kredit qovluğu “mahmudovçu”ların əlinə keçir. Onu MTN-ə çağıran bu gün həbsdə olan İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov olur.

Vüsal Ələkbərov ilk olaraq Bahəddin Sultanovun oğlunu MTN-ə çağırır. Atası da onunla birlikdə nazirliyə gedir. Burada tərəflər tanış olurlar, məlum olur ki, hər iki tərəf əslən Ermənistandandır, Masis rayonundandır. MTN müstəntiqi deyir ki, onun anası həmin rayondandır, qəssab Əlinin qızıdır. Bahəddin isə cavab verir ki, onun atası Abdulla həmin qəssab Əlinin yaxın dostu olub.

Vüsal Ələkbərov isə tanışlığı bir kənara qoyub kredit məsələsini araşdırmağa girişir. Bahəddin Sultanov kredit müqaviləsini imzalasa da, almadıqlarını and-aman edir. Kredit müqaviləsi imzalansa da əslində bankdan pul götürülmədiyini deyir. Və onun banka borcu olmadığı, torpaq sahəsinin girovluqdan azad edildiyi barədə müvafiq arayışı da Vüsal Ələkbərova verir. MTN müstəntiqi isə bu arqumentlərin heç birinə məhəl qoymur, həmin sənədləri bir kənara tullayır. Bahəddin Sultanovu  və oğlu İntiqamı günaşırı MTN-ə çağırır, eyni sorğu-sual edir.

Bahəddin Sultanov o günlərdə Binəqədi rayon polis idarəsinin rəis müavini işləmiş dostu Rasim Musayevə müraciət edir, ona vəziyyəti danışır. Rasim Musayev isə MTN-in Baş İstintaq İdarəsinin rəisi, keçmiş polis Mövlam Şıxəliyevə zəng vurur. Xahiş edir ki, Bahəddin Sultanovu incitməsinlər.

Bundan sonra Vüsal Ələkbərov Bahəddin Sultanovu yenə də MTN-ə çağırır. Deyir ki, Rasim Musayevin zənginə görə Mövlam Şıxəliyev onun məsələsini Eldar Mahmudova məruzə edib. Yuxarıda isə deyiblər ki, bu işi həll etmək üçün yarım milyon dollar lazımdır.

"Əgər pulu versən oğlunun adını bankdan kredit götürüb qaytarmayanların siyahısından siləcəm”-MTN müstəntiqi deyir.

 Bahəddin Sultanov tələb olunan məbləğin olmadığını deyib. Vüsal Ələkbərova hörmət əlaməti olaraq sənə ancaq 4-5 min dollar verə bilər.

Bu görüşdən sonra Vüsal Ələkbərov daha 2 dəfə Bahəddin Sultanovu çağırır, krediti qaytarmasını tələb edir. Bildirir ki, heç kimin zəngi-filanı ona kömək etməyəcək. Rəhbərliyin əmridir, yarım milyonu versə işi düzələcək. Belə dindirmələrdən birində Mövlan Şıxəliyev də otağa daxil olur, Bahəddin Sultanova hədə-qorxu gəlib "krediti ödəməyi” tələb edir.

Nəhayət 2009-cu il iyunun 15-də Bahəddin Sultanovun oğlu İntiqamı MTN həbs edir. 10-12 gün sonra Bahəddin Sultanovun özünü də MTN-ə çağırırlar, Vüsal Ələkbərov ona deyir ki, rəhbərlik onun həbsinə göstəriş verib. Bahəddin Sultanov Vüsal Ələkbərovdan kömək istəyir.

Vüsal Ələkbərov Mövlam Şıxəliyevin yanına gedir, az sonra qayıdıb deyir ki, rəis yumşalıb, 360 min dollar versə onu və oğlunu buraxacaqlar. Əks halda həbs olunacaq. Vüsal Ələkbərov məbləği 10 min dollar artırır, deyir ki, bu da ona çatır: Bahəddin Sultanov MTN-dən qardaşı Mirzə Paşayeva zəng edib deyir ki, evdən 250 min dolları götürsün, qalanını da dost-tanışdan borc yığıb 360 min dollar düzəldib tez MTN-ə gətirsin.

Beləliklə Bahəddin Sultanov gecəni MTN-də, müstəntiqin xidməti otağında keçirir. Onun yanına başqa MTN əməkdaşını keşikçi qoyurlar. Ertəsi gün Mövlam Şıxəliyev otağa daxil olur, Bahəddin Sultanovu göstərərək Vüsal Ələkbərova üzünü tutub “Sənə dedim axı bu qə…ni sal içəri!” deyə bağırır.

Vüsal Ələkbərov isə pulun gətiriləcəyini deyib “mahmudovçu” generalı sakitləşdirir. Günorta radələrində Bahəddin Sultanovun qardaşı Mirzə və kirvəsi İbrahim MTN-ə gəlib Vüsal Ələkbərovla birlikdə Mövlam Şıxəliyevin otağına gedirlər. Pulu ona verəndən sonra Bahəddin Sultanovu həmin gün 15 radələrində MTN-dən buraxırlar. O, Vüsal Ələkbərova çatacaq 10 min dolları götürüb nazirliyin yaxınlığında ona verir. Vüsal Ələkbərov pulunu alandan 2 gün sonra Bahəddin Sultanova zəng vurur, deyir ki, oğlunun həbsdən buraxılması haqda qərar hazırdır, gəlib apara bilər. Bahəddin Sultanov MTN-ə gedir, nazirliyin giriş qapısında Vüsal Ələkbərov ona oğlunun buraxılması haqda kağızı verir. Həmin kağız əsasında İntiqam Sultanov Bakı İstintaq Təcridxanasından buraxılır.

Bahəddin Sultanov Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və digərlərin cinayət işi üzrə məhkəmə araşdırmaları aparılanda prosesə qatılıb ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləmişdi. Eyni zamanda mülki iddia da verərək ona dəymiş 370 min dollar ziyanın ödənməsini də tələb edirdi. 2021-ci ildə məhkəmə onun və digər zərərçəkənlərin mülki iddialarını təmin etsə də, bu günə qədər onlara vurulmuş ziyanın ödənməsi təmin olunmayıb.

Məhkəmənin  Mövlam Şıxəliyev və digərlərinin işi üzrə təmin etdiyi mülki iddiaları faktiki olaraq havada qalıb.

Bahəddin Sultanov İbrahim Zeynalovdan sonra 2-ci zərərçəkəndir ki, ədalətin bərqərar olmasını görmədən dünyadan köçür.

Halbuki ötən 4 il zərəri qarşılamaq üçün kifayət etməli idi.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR