Onlayn ictimai-siyasi qəzet
ABŞ və NATO-ya üzv olan digər ölkələr Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan yeni hərbi təchizat mexanizmi hazırlayır.
Musavat.com xəbər verir ki, məlumatı “Reuters” mənbələrə istinadən yayıb. Bildirilir ki, mexanizmə əsasən Kiyev ehtiyac duyduğu 500 milyon dollarlıq silahların siyahısını NATO-ya təqdim edəcək, daha sonra alyans müttəfiqləri baş katib Mark Rutte ilə koordinasiyada bunun üçün kimin vəsait ayıracağına qərar verəcəklər.
Ehtimal olunur ki, bu yanaşma sayəsində alyans Ukraynanı 10 milyard dollar dəyərində Amerika silahları ilə təmin edə biləcək. Mənbələrdən birinə görə, bu, Avropa ölkələrinə ABŞ-dan daha tez silah almağa və uzun bürokratik prosedurlardan qaçmağa imkan verəcək.
Reuters-in qeyd etdiyinə görə, yeni mexanizm çərçivəsində Ukrayna üçün ən azı bir silah partiyası müzakirə olunur.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnikanın Avropanın bu cür tədarükü ödəyəcəyi təqdirdə təhvil verilməsini davam etdirmək qərarına gəlib. NATO bu prosesi koordinasiya edəcək. Amerika prezidentinin sözlərinə görə, tədarüklərə 17 Patriot sistemi daxil olacaq.
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ