Onlayn ictimai-siyasi qəzet
Nüvə dövlətinin paytaxtı dron hücumları ilə ən qeyri-sabit yerə çevrilib, aeroportları iflic olub - Kiyevin əsas hədəfi
Mayın 22-də Moskvanın Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında yüzlərlə sərnişin qalıb. Bildirilib ki, Ukraynanın dron hücumu səbəbindən Vnukovoda azı 13, Domodedovo hava limanında isə 11 reys gecikib.
“Gözləmə yerində çoxlu sərnişin var, həmçinin uşaqlı olanlar da. Bəziləri gecə saatlarında uçmalı idi, lakin uçuşlar bir neçə dəfə təxirə salınıb”. Qeyd edək ki, Ukrayna yalnız Moskvaya 35 dronla hücum edib. Mayın 21-də də Moskva aeroportu PUA hücumlarına görə iflic olmuşdu. Artıq Rusiyanın paytaxtı dünyada ən təhlükəli, qeyri-sabit şəhərlərdən biridir.
Bu da görünməmiş mənzərədir. Nüvə ölkəsinin paytaxtında təhlükəsizlik əldən gedib və Ukrayna Putinin “qırmızı xət”lərini çoxdan keçib.
Vaxtilə Kabil, Bağdad, Dəməşq kimi Şərq ölkələrinin paytaxtları təhlükəli idisə, indi Azərbaycandan İraqa uçuşların bərpası müzakirə edilir, Suriyada səfirliyimizin fəaliyyəti bərpa olunur, Əfqanıstanda da nisbi sakitlik hökm sürür. Lakin “döşünə döyüb” təhlükəsizliyin təminatı ilə çox öyünən Kreml rəhbərliyi indi elə bir vəziyyətlə qarşılaşıb ki, az qala hər gün Moskvaya dronlar uçur, təyyarələr isə bu səbəbdən havaya qalxa bilmir.
Ukrayna bu hücumlarla nəyə nail olmaq istəyir? Moskva indi ən təhlükəli şəhər adlana bilərmi? Ümumiyyətlə, bu həftə ərzində Moskvada, Oryolda, Kurskda, Belqorodda, Tulada, Kaluqada, Voronejdə, Lipetsk və Smolenskdə, həmçinin Bryansk vilayəti üzərində xeyli sayda PUA məhv edilib. Ukrayna Prezidenti Vladimir Zelenski isə NATO Baş katibi Mark Rutte ilə görüşdə deyib ki, Moskvaya təzyiq etmədən ədalətli sülh əldə edilə bilməz, bunu hamı anlayır.
Kamran Məmmədli
AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli hesab edir ki, Ukrayna Rusiyanın əvvəlki taktikasından istifadə edir: “Ukraynanın Rusiya ərazisinə, xüsusilə də paytaxt Moskvaya dron hücumlarını həyata keçirməsi, hazırda müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu mərhələdə artıq hərbi əməliyyatlar yalnız cəbhə xəttində deyil, eyni zamanda dərin strateji və siyasi hədəflərə yönəlir. Hesab edirəm ki, burada Ukraynanın məqsədi, təkcə Rusiya hərbi obyektlərinə zərbələr endirmək deyil, həm də informasiya və psixoloji üstünlük əldə etmək, Rusiyanın daxilində narahatlıq və qeyri-sabitlik yaratmaqdır. Yadınızdadırsa eyni taktikadan müharibənin əvvəlində və sonraki etapda Rusiya paytaxt Kiyevə intensiv hava hücumları gerçəkləşdirərək geniş istifadə edirdi. Nəticədə paytaxt Kiyevdə xaos, həyacan və panika var idi. Kiyev sakinləri müharibəni evlərində belə hiss edirdilər”.
Onun fikrincə, hazırda Ukraynanın məqsədi eyni hissləri Moskva sakinlərinin də hiss etməsinə nail olmaqdır: “Çünki Moskva kimi bir şəhərin, yəni nüvə dövləti olan Rusiyanın siyasi, iqtisadi və hərbi mərkəzinin təhlükə altına düşməsi, bir tərəfdən Rusiya rəhbərliyinin ölkə daxilindəki təhlükəsizlik zəifliyini ortaya qoyur, digər tərəfdən isə Kremlin ”toxunulmazlıq" mifini dağıdır. Sakinlər arasında təşvişin yaranması, hava limanlarında xaosun yaşanması, gecikən və təxirə salınan reyslər, Rusiya cəmiyyətində Ukrayna müharibəsinə dair dəstəyin və dözümlülüyün sorğulanmasına səbəb ola bilər. Bu, Ukraynanın gözlədiyi psixoloji effektdir. Ukrayna rəhbərliyi başa düşür ki, yalnız cəbhədə uğur qazanmaqla Rusiya kimi bir ölkəni danışıqlara məcbur etmək çətindir. Ona görə də qeyri-ənənəvi müharibə metodlarına - dronlarla hücumlara, simvolik və strateji obyektlərin hədəfə alınmasına üstünlük verilir. Ukrayna Prezidenti Zelenskinin NATO Baş katibi ilə görüşdə “ədalətli sülh yalnız təzyiqlə mümkündür” bəyanatı da bu yanaşmanın siyasi ifadəsidir".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ