İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin vətənindən ekoloji mədəniyyətə uzanan yol – Balaxanıdan REPORTAJ

Abşeron yarımadasının sənaye beşiyindəyik.

Balaxanı - bu qədim qəsəbə təkcə Azərbaycan iqtisadiyyatının deyil, həm də mədəniyyət və memarlıq tarixinin canlı şahididir. Bir zamanlar neft fontanlarının gətirdiyi milyonlarla zənginləşmiş bu torpaq bu günlərdə rənglərin və tarixə göstərilən hörmətin vəhdətinə çevrilib.

BALAX.jpeg (328 KB)

Balaxanıda ilk diqqəti cəlb edən divarların üzərindəki incə zövqlə çəkilmiş rəsmlər, evlərin eyvanlarına qalxıb üzü aşağı asılan çiçəklər olur. Sakinlər 10 il öncə xəyal etdiklərini bu gün yaşayırlar. Son illərdə həyata keçirilmiş genişmiqyaslı abadlıq və yenidənqurma işləri qəsəbənin görkəmini büsbütün dəyişib.

Qəsəbədə tarixin qorunması və ekoloji balansın bərpasını balaxanılılar böyük razılıqla qarşılayırlar.

BALAX 1.jpeg (697 KB)

Azər Məmmədəliyev deyir ki, əvvəllər küçələr toz-torpaq içində idi, çala-çuxur idi:

“İndi isə qəsəbənin küçələri abad, hər yer səliqəli, təmizdir. Bakı Abadlıq Xidmətinə, əməyi olan hər kəsə minnətdarıq. Həm tarixi qoruyublar, həm də bizə yaşamalı yer yaradıblar.

Kəndimizin keçmişdəki ad-sanını özünə qaytarıblar. Bu günümüzə şükür”.

Qəsəbə sakimi Elnur Baxışov isə bildirir ki, Balaxanı təkcə neftlə tanınmır:

“Qəsəbədə bizlərin Qırmeki dağı dediyi, dəftər-kitabla Gərməguh adlanan təpələr, palçıq vulkanları, “Ovdan” kimi su abidələri var. Bu şirkət gələn kimi o vulkanın ətrafını da təmizlədi, qorudu. Mənim üçün bu, sadəcə abadlıq deyil, mədəniyyət işidir”.

BEXTİYAR.jpeg (465 KB)

Tarix müəllimi Bəxtiyar İsrafilov deyir ki, Balaxanı vaxtı ilə heyvandarlıqla, kənd təsərrüfatı ilə, əkinçiliklə öndə gedən olub:

“Balaxanıda Gərməguh dağı yerləşir, əsl təbiət möcüzəsidir. Dərinliyi 50-70 metr olan 3 minə yaxın neft quyusu bu dağın qoynundadır. Dağın ətəyindən neft su kimi, çay kimi axır. Görün, bu torpaq necə zəngindir”.

Həmsöhbətimiz Gərməguh dağının vulkan nəticəsində yarandığını qeyd edir:

“Gərməguh sıradan bir geoloji obyekt deyil, palçıq vulkanı nətcəsində yaranmış və Azərbaycanda canlı aləmin müşahidə olunduğu yeganə vulkanik təpədir.

Məncə, bu dağ milli qoruq elan olunmalıdır. Çünki burada yerləşən Boğboğa vulkanı təkcə Azərbaycanın deyil, Qafqazın ən böyük vulkanıdır”.

Onun sözlərinə görə, dağ yerli insanlarla yanaşı, bir zamanlar polşalı kinematoqraf Macies Diriqasın da marağını cəlb edib.

Ərazidə sənədli film üçün çəkilişlər aparılıb. Balaxanı dünyada nefti ilə tanınır, tarixi ilə də tanınacağı günlər uzaqda deyil.

Bəxtiyar müəllim bizi söhbət əsnasında Balaxanının başqa bir tarixi incisi olan “Ovdan” abidəsinə də aparır. Bu qədim yeraltı su anbarı memarlıq xüsusiyyətləri ilə seçilir.

“Bura elə bir yerdir ki, yayda istidən qovrulanda belə içəri daxil olanda sanki başqa bir dünyaya düşürsən. Orta əsrlərə aid “Ovdan” suyu bir zamanlar bütün qəsəbəyə həyat verirdi. Bu da Balaxanının təkcə neft deyil, su və həyatla da bağlı olduğunu göstərir”, - deyə o fəxrlə vurğulayır.

Balaxanı keçmişlə gələcəyi birləşdirən unikal məkandır.

BALAXAN.jpeg (518 KB)

Sakinlərdən Sabirə Dünyamalızadə isə Balaxanının bu gününü belə qiymətləndirir:

“Həyətlərimiz, küçələrimiz, məktəblərimiz dəyişib. Rəng gəlib qəsəbəyə. Hamımız, uşaqlar, böyüklər divarlardakı rəsmləri, gülləri, hər yanı bu cür gözəl görəndə sevinir. Kəndi tikib bərpa etmədilər təkcə, həm də ruh verdilər”.

Sonda söhbətə qoşulan Nazim Məmmədov isə deyir ki, Balaxanı indi təkcə neftin deyil, həm də mədəniyyətin və gözəlliyin vətənidir.

Bu gün Balaxanı yenilənmiş siması ilə turistlərin sevimli ünvanına çevrilib. Balaxanı küçələrində filmlər çəkilir, dünyanın dörd bir tərəfindən Azərbaycana axışan alman, polyak, ərəb, çinli, italyan, rus, ingilis və digər xalqların nümayəndələri tarixlə yeniliyin vəhdəti olan qəsəbəyə üz tuturlar. Son illərdə həyata keçirilən abadlıq və bərpa işləri nəticəsində bu qədim neft qəsəbəsi müasir turistik mərkəz statusu qazanıb.

NEFT SON.jpeg (315 KB)

İndi Balaxanının dar küçələrində müxtəlif dillərdə danışan turistlərin səsini eşitmək adi haldır. Turistlər “neftin doğma yurdu”nda tarixi abidələri gəzməkdən, yerli restoranlardakı təamlardan, “Natiqin məcunu” adlı küftə-bozbaşdan doymaq bilmirlər. Yaxınlıqdakı “Dünya kabab mərkəzi” də qonaqların ixtiyarındadır.

Könül Əliyeva bildirir ki, əvvəllər qəsəbədə turist görmək qeyri-adi hesab olunardı:

“İndi isə küçələrimiz xarici turistlərin gəzib-dolaşdığı, şəkil çəkdikləri yerlərdir. Elə bil Balaxanı muzeyə çevrilib, amma canlı muzeyə, turistlər kəndi gəzməkdən yorulmur”.

Qəsəbədə yeni restoranlar, çay evləri, suvenir mağazaları, milli geyimləri təqdim edən emalatxanalar açılıb. Bu isə təkcə turizmə yox, yerli əhalinin sosial rifahına da təsir edib. Balaxanı Azərbaycanın turizm xəritəsində yeni bir parlaq nöqtəyə çevrilib. Hər daşında tarix, hər küçəsində həyat nəfəsi var. Gələn turistlər buradan təkcə şəkil yox, həm də unudulmaz təəssüratlarla ayrılır.

İnarə Hünbət
Mənzər Novruzlu
Fotolar müəlliflərindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR