İnsanlara hürriyət, millətlərə istiqlal!

Öcalan PKK-ya yenidən çağırış etməyə məcbur oldu

Dünən PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib. APA xəbər verir ki, İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərk-silah prosesinə başlamağa çağırıb.

“Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, - PKK lideri açıqlamasında deyib.

Öcalan qeyd edib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) milli dövlət yaratmaq məqsədindən əl çəkərək, əsas hərbi strategiyasından da imtina edib və mövcudluğunu bitirib.

Qeyd edək ki, bundan əvvəl 2025-ci il martın 1-də PKK lideri tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib. DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM heyətini bir neçə dəfə qəbul edib. Öcalanın birinci çağırışının hələlik ciddi nəticəsi odur ki, PKK atəşkəs elan edib.

PKK daha əvvəl 8 dəfə “atəşkəs” qərarı verib. Ancaq bütün hallarda qərara sadiqlik nümayiş etdirilməyib. PKK ilk dəfə 20 mart 1993-cü ildə atəşkəs elan edib. Ən mühüm atəşkəs qərarlarından biri 1999-cı il sentyabrın 1-də Öcalan İmralıda olarkən qəbul edilib. Öcalan terror təşkilatını “Türkiyə sərhədlərindən çıxmağa” çağırıb. Bu atəşkəs 2004-cü il iyunun 1-dək davam edib. 2009-cu ildə Osloda MİT-lə PKK arasında danışıqlar aparılıb. 2013-cü ildə Diyarbəkirdə keçirilən Novruz şənliyində oxunan mesajında Öcalan PKK-nın atəşkəs elan edəcəyini və Türkiyədən rəsmən çəkiləcəyini açıqlayıb. Proses 2015-ci ildə Ceylanpınar hücumu ilə sona çatıb.

PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu ilin fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Abdullah Öcalanın 4 aydan sonra yenidən PKK-ya tərk-silah olmaq üçün müraciət etməsi nədən xəbər verir? Belə çıxır ki, PKK öz liderinin silahı yerə qoymaq çağırışını qəbul etmir? Ya da ki, ən azı PKK-dakı qruplar silahı yerə qoymaq istəmirlər?

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi » Lider-media.az

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, PKK-nın müəyyən qanadının Abdullah Öcalanın silahı yerə qoymaq çağırışına əməl etməyəcəyi ehtimallarının olduğu ilk vaxtlardan var idi: “Prosesin gedişatından və indi Öcalanın növbəti dəfə çağırış etməyə məcbur olmasından belə aydın olur ki, ehtimallar özünü doğruldub. Öcalanın çağırışına PKK-nın bir hissəsi əməl etsə də, başqa bir hissəsi, daha radikal qrupları əməl etməyib. Biz bunu Suriyada fəaliyyət göstərən PKK-PYD-nin və İrandakı PEJAK-ın timsalında da gördük. PKK-nın İraqda fəaliyyət göstərən bəzi qolları da bu çağırışa əməl etmədilər. Məhz bu səbəbdən Abdullah Öcalan növbəti dəfə çağırış etmək məcburiyyətində qalıb”.

Politoloq qeyd etdi ki, hazırda PKK-nın üzərində Öcalanın təsir imkanları çox da tam şəkildə yüksək deyil: “Əsas lider o sayılsa da, onun həbsdə olduğu 26 il müddətində örgüt içərisində Murad Karailan, Cəmil Bayık və digərləri nüfuz sahibinə çevriliblər. Onların da məsələlərə baxışları Abdulla Öcalanınkından fərqlənir. Digər tərəfdən, nəzərə alsaq ki, PKK-nın əsas himayədarı kürd xalqı deyil, xarici güclər, Türkiyəyə qarşı olan müxtəlif ölkələrdir, PKK-nın məhz onların təlimatları əsasında fəaliyyət göstərdiyini sübut etməyə ehtiyac qalmır. Ona görə də PKK-nın tam şəkildə silahı yerə qoyması ilə bağlı prosesin çox da hamar keçəcəyi düşünülmür. Bu, kifayət qədər problematik, uzun və sancılı proses olacaq. Öcalanın məcbur qalıb növbəti dəfə etdiyi çağırış da bunu təsdiqləyir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR