İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlundan Ramiz Quliyevin vəziyyəti ilə bağlı AÇIQLAMA

“Atamın səhhətində müsbətə doğru irəliləyiş var. Mütəmadi olaraq analizlər götürülür. Böyrəyi ilə bağlı nəticələr yaxşı çıxıb. Ağciyərində də problemlər var idi, onlar da stabil vəziyyətə gətirilib”.

Bunu Musavat.com-a Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.

Onun sözlərinə görə, tarzən bu gün nefroloq müayinəsindən keçəcək:

“Dünən dializ etdilər, yəqin ki, bu gün də yenidən edəcəklər. Ondan sonra nefroloq baxaraq qərar verəcək. Hazırda nəzarət altındadır, kritik səviyyəni keçib, həyatı üçün yaranmış təhlükə artıq arxada qalıb”.

Ə.Quliyev bildirib ki, atası 10 il əvvəl işemik insult keçirib və bu məsələ ilə bağlı da müayinədən keçirilib:

“Beyin yoxlanıldı, yeni insult ocaqları tapılmadı. Hazırda nəzarətdədir. Atamın huşu tam üstündə deyil. Ona sedativ dərmanlar verilir deyə yuxulu vəziyyətdə olur, huşu gedib-gəlir. Hemodializ zamanı sakitləşdirici preparatlar da tətbiq olunur”.

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev böyrək çatışmazlığından əziyyət çəkir. Bir neçə gün əvvəl səhhətinin pisləşməsi səbəbindən təcili olaraq Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Hazırda tarzən xəstəxananın Reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR