Onlayn ictimai-siyasi qəzet
Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
Pərakəndə ticarət dövriyyəsində diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman peraparatları və tibbi ləvazimatların alınmasına vətəndaşların xərclədiyi vəsaitin məbləği rekord səviyyədə - 21 faiz artıb. Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir.
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.
İqtisadçı dərman xərclərinin kəskin artmasının səbəblərini bu cür izah edib:
“Statistikadan da göründüyü kimi, dərman xərcləri, əhalinin dərman vasitələrinə sərf etdiyi vəsaitin həcmi kifayət qədər artıb. Bunun bir neçə səbəbi var. Təbii olaraq, bu artımda qiymət amilinin, yəni inflyasiyanın da rolu var. Amma inflyasiya bu həcmdə artmayıb. Digər tərəfdən, dərmana çəkilən xərclər daha çox artıb.
Qeyd edildiyi kimi, bu artım 21 faiz təşkil edir. Burada həm dərman preparatlarına, həm də tibbi ləvazimatların alınmasına çəkilən xərclər nəzərdə tutulur ki, bu da 21 faiz artıb.
Mən düşünürəm ki, bu, iki əsas səbəbdən qaynaqlanır. Birincisi, insanların hər il öz sağlamlıqlarına daha çox önəm verməsi faktorudur. Bunu inkar etmək olmaz. İnsanlar mümkün qədər sağlamlıqlarına daha çox pul xərcləməyə başlayıblar. İkinci səbəb isə icbari tibbi sığorta sisteminin işə düşməsi ilə bağlıdır. Bu, insanların tibb müəssisələrinə və tibb mütəxəssislərinə daha kütləvi müraciət etməsi üçün şərait yaradıb. Tibb müəssisəsinə və ya həkimə müraciət olunursa, təbii ki, nəticə etibarilə dərman reseptləri də yazılır və dərmanların alınması zərurəti yaranır.
Əvvəllər pullu xidmət göstərilsə də, insanlar yaxşı bilirdilər ki, “pulsuz” xidmətlərin də gizli xərcləri var. Buna görə də bir çox hallarda müraciət etmirdilər. Amma bu gün sığorta sisteminin tam şəkildə işə düşməsi nəticəsində vəziyyət dəyişib. Bu, çox müsbət dəyərləndiriləcək bir haldır və nəticə etibarilə statistik göstəricilər də bunu təsdiqləyir.
Başqa sözlə desək, tələb artıb. İqtisadi baxımdan izah etsək, tələbin artmasının səbəbi həm sığorta sistemidir, həm də insanların öz sağlamlıqlarına verdiyi dəyərin yüksəlməsidir.
Bununla yanaşı, üçüncü bir faktor da var: şəffaflıq məsələsi. Rəsmi qeydiyyatın aparılması və şəffaflığın artması, xüsusilə apteklərdə dərmanların nağdsız alış-veriş yolu ilə əldə olunmasının çoxalması rəqəmlərin yüksəlməsinə təsir göstərib”.
Xalidə Gəray
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ