Onlayn ictimai-siyasi qəzet
Xəstəlikdən ən çox əziyyət çəkənlər Qazax-Tovuz və Şəki-Zaqatala rayonunda yaşayanlardır - ekspertlərdən həyəcan təbili
Azərbaycanda əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayı məlum olub. Modern.az ölkə üzrə əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin hansı bölgələrdə yaşadığını araşdırıb. Ölkə üzrə ümumilikdə 296 min 225 nəfər əsəb sistemi və hissiyyat xəstəliklərindən əziyyət çəkir. Onların 124 min 391-i Bakı şəhərində yaşayır.
Paytaxt üzrə isə bu xəstəliklər ən çox Suraxanı rayonunda qeydə alınıb. Burada 16 min 869 nəfər əsəb xəstəsi var, şəhər üzrə ən az göstərici isə Pirallahı rayonundadır, rayonda ümumilikdə 127 nəfər əsəb xəstəliyi və hissiyyat orqanlarında xəstəliklərdən əziyyət çəkir.
Muxtar respublikada əsəb xəstəliklərindən əziyyət çəkənlərin ümumi sayı 5 min 72-dir. Onların əksəriyyəti - 1762-si Naxçıvan şəhərində yaşayır, ən az göstərici 97 ilə Babək rayonunun üzərinə düşür. Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərurda isə əsəb xəstəliyindən əziyyət çəkənlərin ortalama sayı 535-dir.
Əsəb və hissiyyat orqanları xəstəliklərindən ən çox əziyyət çəkənlər Qazax-Tovuz və Şəki-Zaqatala iqtisadi rayonundandır.
Qazax-Tovuz iqtisadi rayonunda əsəb xəstələrinin ümumi sayı 36 min 228-dir. Bu ərazidə əsəb xəstəliyindən əziyyət çəkən insanların əksəriyyəti Şəmkir rayonuna düşür. Burada 21 329 belə xəstə var ki, bu da 8 iqtisadi-rayonundan daha yüksək göstəricidir. Bölgədə ən az göstərici 1 783 ilə Ağstafa rayonudur. Bundan başqa, Gədəbəy 1 876, Qazax 2 762, Tovuz rayonunda isə 8 478 əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkir.
Abşeron-Xızı iqtisadi rayonunda isə ümumilikdə 27 239 belə xəstə yaşayır. Onların əksəriyyəti əhali sayına görə ölkədə ikinci şəhər olan Sumqayıtın üzərinə düşür. Burada əsəb və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayı 19 min 998-dir. Abşeronda bu göstərici 4 min 680, Xızıda isə 2 min 561-dir.
Bəs Azərbaycan əsəb xəstələrinin sayında kəskin artımın səbəbləri hansılardır?
Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əsəb xəstəliklərinin sayı nəinki Azərbaycanda, bütün dünyada sürətlə artmaqdadır. İnsanlarda hiperhəssaslıq, fobiyalar və digər nevroloji pozuntular hər gün daha da çoxalır. Əslində bunun səbəbləri aydındır. Həyat tempinin kəskin şəkildə yüksəlməsi, dünyada baş verən kataklizmlərin artması və bu dəyişikliklərin insanlara qısa zamanda, informasiya şəklində, demək olar ki, dərhal çatdırılması başlıca amillərdəndir.
Xüsusən də kompüterlərin, daha sonra isə ağıllı telefonların geniş yayılması, fasiləsiz zənglər, mesajlar, sosial şəbəkələrdəki informasiya axını, televiziya vasitəsilə yayımlanan saysız-hesabsız, tez-tez şok xarakterli xəbərlər, üstəlik, dünya iqtisadiyyatında baş verən ziqzaqlı proseslər - enişlər, qalxışlar, müharibələr və onların fəsadları - bütün bunlara biz real zaman rejimində ekran vasitəsilə şahidlik edirik. Təbii ki, bu hal stressin artmasına, psixi sistemin yüklənməsinə gətirib çıxarır. Sinir sistemi bu qədər intensiv yüklənməyə tab gətirməkdə çətinlik çəkir. Bir sıra insanlarda psixoloji resurslar tükənir və adekvat reaksiya vermək mümkün olmur".
Zülfüqar Yusifov stressdən uzaq olmağın yollarından da danışıb: “Tövsiyə edirəm ki, insanlar mümkün qədər soyuqqanlı olsunlar. Bəzən informasiya mənbələrindən uzaqlaşmaq, kitab və roman oxumaq, təbiətlə ünsiyyət qurmaq olduqca faydalı ola bilər. Yuxu rejiminə diqqət etmək, fiziki fəaliyyətə üstünlük vermək də bu proseslərdən müəyyən qədər uzaq durmağa kömək edir. Hadisələrə yanaşarkən isə emosional deyil, rasional davranmaq vacibdir.
Stress nəzəriyyəsinin banisi Hans Selye deyirdi: “Stress bir hadisənin necə baş verdiyi deyil, sənin ona necə reaksiya verdiyindir”. Yəni bugünkü xaotik və sürətli dünyada hər məsələyə həddindən artıq həssas yanaşsaq, bu, gündəlik həyatımızın keyfiyyətini kəskin şəkildə aşağı salacaq. Bu isə həm iş, həm də ailə həyatımıza mənfi təsir göstərəcək. Beləliklə, müasir dünyanın reallıqlarına uyğun olaraq daxili sakitliyi qorumaq, düşüncələrimizi dəyişən mühitə uyğunlaşdırmaq və baş verənlərə daha rasional yanaşmaq günümüz üçün həm faydalı, həm də zəruri davranış modelidir".
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev də əsəb xəstəliklərinin sayında kəskin artımın əsas səbəblərindən birini informasiya bolluğu ilə əlaqələndirir: “Mətbuatda və kütləvi informasiya vasitələrində, xüsusilə də sosial şəbəkələrdə aqressiya yüklü informasiyalar ardıcıl şəkildə tirajlanır. İşıqlı, pozitiv məzmunlu xəbərlərə isə çox nadir hallarda rast gəlinir. Əvəzində daha çox təhdid, müharibə, kriminal hadisələr və digər neqativ xarakterli informasiyalar diqqət mərkəzindədir. Hətta bəzi hallarda oxucunu cəlb etmək məqsədilə xəbərlər şok, sensasiya və vahimə doğuracaq tərzdə təqdim olunur. Belə aqressiv informasiya axını insanlarda ciddi narahatlıq yaradır və sanki hər kəs vəsvəsə halına düşür. Bəzən cüzi bir xəstəlik belə şişirdilərək, geniş auditoriyaya sanki ciddi bir təhdid kimi çatdırılır. Bu mənada medianın məsuliyyəti və rolubirmənalıdır. Əgər mətbuatda yayımlanan informasiyaları təhlil etsək, aydın görünür ki, humanizmə, pozitivliyə və insanın daxili rahatlığını təmin edən məzmunlu xəbərlər olduqca azdır. Əvəzində isə qorxu, təşviş və şok effekti yaradan informasiyalar üstünlük təşkil edir. Bu isə göstərir ki, medianın bu məsələdə ciddi günah payı var”.
Ekspert dedi ki, ümumiyyətlə, dünya özü də kifayət qədər narahatedici vəziyyətdədir: “Müharibələr, qaçqın axınları, iqlim dəyişikliyi nəticəsində yaranan yeni miqrasiya dalğaları - bütün bunlar insanların psixologiyasına təsirsiz ötüşmür. Bu gün dünyanın istənilən nöqtəsində baş verən bir hadisə "kəpənək effekti" ilə başqa regionlara da mənfi təsir göstərir. Çünki biz artıq qloballaşmış dünyada yaşayırıq. Dünyanın hər hansı bir guşəsindəki hadisə saniyələr içində ağıllı telefonlar vasitəsilə bizə çatır və onun mənfi emosional yükünü biz də daşıyırıq. Artıq dünya elə bir mərhələyə çatıb ki, bir hadisə digərinə zəncirvari təsir göstərir. Bu da insanın gündəlik həyat ritmini və əhval-ruhiyyəsini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Hər yerdə müharibələr, silahlı toqquşmalar, humanitar fəlakətlər baş verir. Belə bir mühitdə insan nə düşünməlidir, onun ruh halı necə olmalıdır? Əlbəttə ki, bütün bunların psixoloji təsiri istisnasızdır. Digər bir məsələ isə paytaxt Bakıda müşahidə olunan səs-küy problemidir. Xüsusilə motosiklet və mopedlərdən, eləcə də fast-food çatdırılması ilə məşğul olan kuryerlərin nəqliyyat vasitələrindən gələn qulaqbatırıcı səslər insanlarda əsəb gərginliyi yaradır. Bu cür gündəlik fon, narahatedici və yolverilməz bir problemdir. Regionların da özünəməxsus sosial-iqtisadi problemləri mövcuddur. Bəzən məşğulluq və işlə təminat sahəsində çətinliklər, bəzən də insanların asudə vaxtlarını səmərəli keçirməməsi və mənəvi ehtiyaclarının qarşılanmaması onlarda aqressiv davranışlara səbəb olur. Yəni bu psixoloji gərginliyi yaradan çoxsaylı amillər mövcuddur".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ