İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz dövrünün İŞİD-i – Dağılmış SSRİ-ni bərpa etməyə 15 respublikanın neçəsi “hə” deyər?

Rusiyalı siyasətçilər, alimlər, ictimai xadimlər dönüb-dolaşıb deyirlər: “SSRİ qanunsuz dağılıb”.

Axırıncı dəfə bu sözü RF prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov deyib. Ondan əvvəl Duma deputatlarının bəziləri demişdi.

Özünü və partiyasını “liberal-demokrat” adlandıran rus nasisti Vladimir Jirinovski isə bu kimi fikirləri hələ SSRİ-nin dağıldığı ilk vaxtlarda söyləyirdi.

Tutaq ki, iddia edilənlər düzdür: SSRİ doğrudan da qanunsuz dağılıb. Bu iddiaya qarşı birinci arqument budur: bəs bu ittifaq özü qanuni “doğulmiş” idimi?

Belə iddialar var ki, müttəfiq respublikaların SSRİ adlanan ittifaq dövlətindən ayrılması xalq referendumu əsasında baş verməliyidi.

Məgər SSRİ yarananda bu ittifaqa daxil olan respublikaların əhalisi referendumda SSRİ adlı dövlət təsis etmək və ya ona qoşulmaq haqqında qərar qəbul etmişdilər? Belə şey olmayıb.

Rusiya dini, dili, mədəniyyəti, tarixi fərqli olan etnosların yaşadığı böyük əraziləri işğal edib, həmin ərazilərdə milli mənsubiyyətə dayanan respublikalar və muxtar qurumlar yaradıb, sonra onların bir hissəsini böyük əraziyə və çoxsaylı insan resursuna malik olduqları üçün ittifaq subyektinə çevirib.

Ancaq heç bir halda müttəfiq respublikaların əhalisi SSRİ adlanan dövlətə könüllü, xalq səsverməsi əsasında qoşulmayıblar. Hətta sovetləşdirməyə və kollektivləşməyə kütləvi müqavimət hərəkatları olub.

Moskvadan göndərilən qoşunlar isə Azərbaycan, Gürcüstan, Ermənistan, Orta Asiya, Ukrayna, Moldova və Krımda kütləvi qətllər törədərək müqavimət hərəkatlarını zorakılıqla dağıdıb, başsız və əliyalın qalmış xalqları silah və qandal gücünə ram ediblər.

Sonrakı illərdə aparılan amansız repressiyalar yenə də bu xalqların aktiv kadrlarının, ziyalılarının məhv edilməsi ilə müşayiət olunub. Beləcə, Moskva öz hökmran iradəsini yerli xalqlara zorla qəbul etdirib.

Ancaq müstəmləkəyə çevrilmiş xalqlarda milli özünüdərk prosesi əvvəl-axır getməli, kütləviləşməliydi və ötən əsrin 80-ci illərinin sonunda belə də oldu.

Əslində belə bir proses Baltikyanı ölkələrdə, eləcə də Qafqaz regionundakı respublikalarda hələ ötən əsrin 60-cı illərindən başlanmış, fəqət Kremlin iradəsi ilə beşiyindəcə boğulmuşdu.

40 il öncə isə bu proses yenidən başlandı və 5-6 ilin içində SSRİ-nin sonunu gətirdi.

SSRİ masa üzərindəki xəritənin üstündə yaradılmış süni dövlət idi. Din, dil, tarix, dünyagörüş, təhsil, savad, ümumiyyətlə, mədəniyyət baxımından bu qədər fərqlənən xalqların bir dövlətdə birləşməsi yalnız zor və hiylə gücünə mümkün idi.

Həm də onları bir arada uzun müddət tutmaq üçün vaxtaşırı zor tətbiq etmək lazım idi. Boş buraxan kimi, hamısı öz “milli mənzillər”inə dağılışacadılar.

ssri-1.JPG (51 KB)

Sonda Kreml 4 epizodda (Almatı, Tiflis, Bakı, Vilnüs) zor tətbiq edərək, qırğın törətsə də, dağılma prosesinin qarşısını ala bilmədi. 1991-ci ilin martında SSRİ-nin saxlanması haqqında bütün ittifaq ərazisində keçirilən referenduma 6 müttəfiq respublika qatılmadı və bu, Kreml üçün fiasko demək idi.
SSRİ-ni isə sırf onu təsis edən respublikalar – Rusiya, Ukrayna və Belarus süquta uğratdı.

Bundan əvvəl digər milli respublikaların parlamentləri müstəqillik haqqında konstitusiya aktı qəbul etmişdilər, amma son söz bu respublikalara məxsus idi və onlar da öz sözlərini dedilər.

Ayrılma qərarı qəbul edən parlamentlərin legitim olmasına gəlincə, həmin respublikalarda SSRİ dövründə keçirilmiş seçkilərin nəticələri Moskva tərəfindən qeyd-şərtsiz təsdiqlənmişdi, yəni ali sovetlərin legitimliyi mübahisə predmeti ola bilməzdi. Onları sovet xalqı seçmişdi. O dövrdə seçki elə keçirilirdi, Moskvadan kimi haradan namizəd göstərirdilərsə, həmin adam oradan seçilirdi. Müttəfiq respublikalardakı bütün parlamentləri Moskva seçmişdi və onlar sonda Moskvadan imtina etdilər.

Yenə söhbətin başına qayıdaq və ehtimal edək ki, SSRİ gerçəkdən də qanunsuz dağılıb. İndi bu “haqsızlığı, ədalətsizliyi” bərpa etmək üçün 15 müttəfiq respublika bərabər təşəbbüs göstərməli deyilmi? Baxaq, görək, Qırğızıstan və Tacikistan düşüb SSRİ-ni bərpa etmək istəyirmi? Bəlkə Qazaxıstan, Türkmənistan və Özbəkistan o fikirdədir? Baltikyanı ölkələrin adını çəkməyək heç, onların adı SSRİ respublikaları idi, özləri öz bildikləri kimi yaşayırdılar və Moskvanı görən gözləri yox idi. Qafqaz ölkələrinin üçü də SSRİ-ni bərpa etmək xəyalında deyil. Zatən, SSRİ-dən ayrılmaq təşəbbüsünü ilk olaraq Ermənistan qaldırmışdı. Ukrayna ilə bağlı məsələ aydındır. Moldova da hələ 1991-ci ilin martında SSRİ-nin dağılmasının lehinə olub.

Yerdə qalır Rusiya və Belarus. Belə görünür ki, məhz onlar SSRİ-ni bərpa etmək istəyirlər. Onlar bunu digər ölkələri yenidən işğal etmək yoluyla həyata leçirmək istəyirlərsə, bu, “könüllü birlik” olacaqmı? Xeyr. Bu, Rusiyanın həmin xalqlara qarşı yeritdiyi üçüncü işğalçılıq (birinci çar dönəmində, ikinci bolşeviklərin epoxasında olub) kampaniya olacaq.

SSRİ abreviaturasının açmasındakı “sovet sosialist” sözləri necə olacaq bəs? Rusiyanın milyarder kapitalistləri və oliqarx məmurları hakimiyyəti yenidən sovetlərə, zavod və fabrikləri fəhlələrə, torpaqları kəndlilərə qaytaracaqlar?

Bu xüsusda hansı istiqamətə yönəlirsən, yol qanqallığa və absurda aparır.

Başqa sözlə, “SSRİ qanunsuz dağlıb” ifadəsi işlətmək neo-imperiya ambisiyasının təzahürüdür və olduqca təhlükəlidir.

SSRİ öz dövrünün müasir İŞİD kimi bir quruluşu olub, onun istənilən formada dağılması, dağıdılması qanuna, hətta ilahi ədalətə də uyğun idi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR