İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanla Hindistan arasındakı müharibə təhlükəsi böyüdü - sərhədə qoşun yığılır

 

Azərbaycan və Türkiyə bu kontekstdə hansı rol oynaya bilər?

Aprelin 22-dən etibarən Hindistanla Pakistan arasında gərginləşən münasibətlər təhlükəli fazaya qədəm qoyub. İki nüvə ölkəsinin bu qarşıdurması ilə bağlı dünya mediası həyəcan təbili çalmaqdadır.

Pakistan və Hindistan sərhəd xəttinə qoşun yığırlar.

Pakistan Sialkot bölgəsinə hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri yerləşdirib. Eyni zamanda tank və piyada bölmələri genişmiqyaslı hərbi manevrlər keçirir.

Türkiyə Cənubi Asiyada sabitliyi təhdid edən və regional təhlükəsizliyi ciddi şəkildə pozan Pakistan-Hindistan gərginliyini böyük narahatlıqla izləyir.

Teleqraf xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib ki, iki ölkə arasında ritorika və hərbi müstəvidə artan gərginliyin təkcə region xalqlarını deyil, həm də bütün beynəlxalq ictimaiyyəti təhdid edən nəticələri ola bilər.

fikret.jpeg (167 KB)

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov bu qarşıdurmada Azərbaycan və Türkiyənin mövqeyinin hansı tərəfdən yana olduğunun hər kəsə məlum olduğunu vurğulayır: “Pakistanla Hindistan arasında son günlər yaranmış gərginliyin kökləri dərindir. Hindistanın nəzarətində olan ərazidə hansısa qruplaşmanın törətdiyi terror iki ölkə arasında mövcud olan gərginliyi son həddə qədər artırıb. Hər iki tərəfin nüvə dövləti olması vəziyyəti daha da ciddiləşdirir. Lakin yaranmış münaqişənin nüvə müharibəsi səviyyəsinə çatması az ehtimal olunur. Tərəflər ən azı bunun nə demək olduğunun fərqindədilər. Hər iki ölkədə mövcud olan nüvə başlıqları onların bir-birini tamamilə məhv etməsinə yetəcək qədərdir. Bu münaqişədə Çinin Pakistanın yanında dayanacağı şübhəsizdir. Vaxtilə Kəşmir vilayətinin 15%-ə qədərini məhz Pakistan Çinə verib. Bu münaqişədə Azərbaycan-Türkiyə birliyinin kimin yanında yer alacağı bəllidir. Təbii ki, biz Ermənistanı hücum silahları ilə silahlandıran Hindistanın deyil, Qarabağ savaşında bizi ürəkdən dəstəkləmiş pakistanlı qardaşlarımızın yanında dayanacağıq”.

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun fikrincə, Cənubi Asiyada Pakistan-Hindistan münasibətləri uzun onilliklərdir ki, gərginliklər və münaqişə riski ilə xarakterizə olunur: “Xüsusilə Kəşmir məsələsi iki ölkə arasında daim mübahisə predmeti olub və bir neçə dəfə açıq müharibəyə səbəb olub. Bu gün birbaşa müharibə təhlükəsi yenə reallaşır. Lakin məsələyə yalnız iki ölkə arasındakı gərginlik kimi baxmaq məhdudlaşdırıcı olar. Artıq proseslərə regional güclər - Çin, ABŞ, Rusiya və hətta Yaxın Şərqdən bəzi ölkələr dolayısı ilə müdaxilə edir. Bu konfiqurasiyada Azərbaycan və Türkiyə kimi aktorların rolu da yeni bir mərhələyə keçid edə bilər. Burada Pakistan-Çin strateji tərəfdaşlığını da unutmaq olmaz. Pakistanın Çinlə əlaqələri artıq sadəcə iqtisadi və hərbi əməkdaşlıq çərçivəsini keçmiş, strateji müttəfiqlik mərhələsinə çatıb. Çin Pakistanı yalnız regional tərəfdaş kimi deyil, eyni zamanda Hindistana qarşı geosiyasi tarazlıq elementi kimi də görür. Bu səbəbdən də Pekin İslamabadın siyasi və hərbi imkanlarını gücləndirməyə davam edir. Pakistan bu kontekstdə Çinin "İslam dünyasındakı pəncərəsi" rolunu oynayır".

Politoloq Hindistan-ABŞ strateji ittifaqına və İsrail amilinə də toxundu: “Hindistan getdikcə ABŞ-a daha yaxın bir siyasət yürütməkdədir. Bu yaxınlaşma texnologiya, müdafiə və iqtisadi əməkdaşlıqla yanaşı, strateji və hərbi sahələri də əhatə edir. Hindistanın ABŞ-la olan bu yaxınlığı onu Çinə və Pakistana qarşı potensial müttəfiq kimi göstərir. Hindistan-İsrail münasibətləri də bu zəncirin bir hissəsidir. İsrailin Hindistanla silah, texnologiya və kəşfiyyat sahələrində əməkdaşlığı açıq şəkildə görünür və bu, xüsusilə Pakistan üçün narahatlıq doğurur. Eyni zamanda Hindistanın Ermənistanla hərbi əməkdaşlığı və Ermənistana silah satışları da qeyd olunmalıdır. Bu, Hindistanın Qafqazdakı proseslərə də dolayı şəkildə müdaxilə etdiyini göstərir.

Azərbaycan, Türkiyə və Pakistan arasında son illərdə inkişaf edən üçtərəfli əməkdaşlıq formatı yeni regional konfiqurasiyanın əsasını təşkil edə bilər. “Üç qardaş” təlimləri, hərbi əməkdaşlıq və diplomatik mesajlar bu birliyin təkcə simvolik olmadığını, eyni zamanda praktik nəticələrə yönəlik olduğunu göstərir. Pakistanın Kəşmir məsələsində Azərbaycandan və Türkiyədən mənəvi dəstək alması, eyni zamanda Azərbaycanın Qarabağ məsələsində bu iki ölkənin açıq dəstəyini qazanması bu münasibətlərin dərinliyini göstərir. Bu birlik yeni bir “müsəlman güc mərkəzi” modelini ortaya çıxara bilər.

Türkiyə Pakistanla “strateji qardaşlıq” səviyyəsində münasibətlərə malikdir. Həm hərbi, həm texnoloji, həm də diplomatik sahələrdə bu əməkdaşlıq davam edir. Eyni zamanda Türkiyə Azərbaycanla “bir millət, iki dövlət” prinsipi əsasında əlaqələrini dərinləşdirir.

Bu mürəkkəb münasibətlər sistemində Azərbaycanın potensial vasitəçi rolu da diqqətəlayiqdir. Pakistan və Hindistan arasında birbaşa diplomatik kanalların zəif olduğu bir dövrdə Bakı öz etibarını qoruyaraq və nüfuzundan istifadə edərək müəyyən yumşaldıcı təşəbbüslər irəli sürə bilər. Həm də eyni zamanda paralel olaraq Pakistanyönümlü qarşılıqlı inam əsaslı mexanizmlər qurmaq Azərbaycan üçün yeni diplomatik nüfuz sahəsi açar. Bu, həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərə bilər.

Hindistan-Pakistan qarşıdurması mövcud geosiyasi münasibətlər sistemində hər an daha irəli gedə bilər. Hindistanın ABŞ-la yaxınlaşması Pakistanın isə Çin, Türkiyə və Azərbaycanla strateji müttəfiqliyi yeni bir konfiqurasiya yaradır. Azərbaycanın bu konfiqurasiyada balanslaşdırıcı, Türkiyənin isə həm müsəlman dünyası ilə, həm də Qərbin bəzi gücləri ilə əlaqə qurmaq potensialı yeni geosiyasi düzən üçün baza ola bilər. Pakistan bu vəziyyətdə Azərbaycan və Türkiyə ilə əlaqələri daha da dərinləşdirib yeni regional müsəlman güc mərkəzinin formalaşmasına səbəb ola bilər. Bu isə təkcə Cənubi Asiya üçün deyil, İslam dünyasının gələcəyi baxımından da strateji əhəmiyyət kəsb edir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR