İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədrliyinə namizədi qətlə yetirənə ağır cəza verilmədi - Ulubəyin yaxınları narazı qaldı

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Natiq Mehdi Məhəmməd oğlunu qətlə yetirmiş Elsevər İslamovun şikayətinə baxılıb.

Elsevər İslamov məhkəməyə təqdim etdiyi şikayətdə barəsindəki cəzanın daha yüngül cəza ilə əvəzlənməsini istəyib.

Mərhum Natiq Mehdi Məhəmməd oğlunun yaxınları isə əksinə, Elsevər İslamova verilmiş cəzanı müddətsiz cəza ilə əvə olunmasını istəyirlər. Şikayətlərini Elsevər İslamovun manyakal hərəkətləri ilə izah edirlər.

Musavat.com xəbər verir ki, Elsevər İslamov Müsavat Partiyasının fəalı, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunu qətlə yetirməkdə suçlu bilinib.

Xatırladaq ki, qətl hadisəsi 2024-cü ilin may ayında Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib.
Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Xətai Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunub.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə iş başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat Partiyasının fəallarından olub.

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.
Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəflərin şikayətini təmin etməyərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Natiq Ulubəyin yaxınları qərarla razı deyillər və Ali Məhkəməyə kassasiya şikayəti təqdim edəcəklərini açıqlayıblar.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR