Onlayn ictimai-siyasi qəzet
BBC News Azərbaycanca Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi ilə bağlı yeni reportaj yayımlayıb.
Musavat.com xəbər verir ki, reportaj Paşinyanın İstanbulda Türkiyə erməniləri qarşısında etdiyi son çıxışa əsaslanır.
Həmin çıxışda Paşinyan bu məşhur ifadəni niyə işlətməsinin səbəbini belə izah edib:
“…2020-ci ildə dedim ki, biz öz vətənpərvərlik modelimiz haqqında düşünməliyik. Görünür, bu model bizim deyil, kənardan gətirilib. Bu bəyanatı 2019-cu ildə ona görə vermişdim ki, mən vətənpərvər idim. Çünki bütün dünya ermənilərinin liderləri haqqında təsəvvür belə idi. Mənə deyirdilər ki, sən bütün dünya ermənilərinin baş nazirisən.
Bu cür vətənpərvərlik anlayışı bizi bütün bəlalara düçar edib. Məsələn, mən Uruqvaydakı ermənilərə cavabdeh ola bilmərəm. Biz başqalarına baxıb deyirik: ‘Heyvan, heyvan, vəhşi, vəhşi’, amma özümüzə baxmalıyıq.”
Paşinyan zarafatla bildirib ki, erməni diasporunun nümayəndələri ilə apardığı söhbətlərdə onlara ümid bəsləməmələrini və problemlərini özləri həll etməli olduqlarını deyir.
“Mən eyni vaxtda həm İran, həm də İsrail erməniləri qarşısında məsuliyyət daşıya bilmərəm – bu təhlükəlidir. Eyni zamanda həm Rusiya, həm də Ukrayna ermənilərinə necə cavabdeh ola bilərəm? Əgər biz Ermənistanı belə bir gündəmə gətiririksə, deməli, onu uçuruma aparırıq. Həddini bilmək çox vacibdir.”
Paşinyan əlavə edib ki, ilk vaxtlar bu cür vətənpərvərlik insana zövq verir, lakin bir müddət sonra başa düşürsən ki, bu yanlış patriotizm bizi fəlakətə aparır və ondan qurtulmaq lazımdır.
Musavat.com xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2019-cu ilin avqustunda işğal altındakı Xankəndi şəhərinə qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” sözlərini işlətdikdən sonra həmin ilin sentyabrında Vanadzor (Qarakilsə) şəhərində keçirilən mətbuat konfransında da bu fikri bir daha təkrarlamışdı.
Biz BBC News Azərbaycanca-nın bu maraqlı süjetini ibret-aləm üçün oxucularımızın diqqətinə təqdim edirik.
Qeyd edək ki, bu gün – 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Düz 107 il əvvəl yaradılmış ordumuz 2020-ci ildə Qarabağın böyük hissəsini, 2023-cü ildə isə bütün Qarabağı nəzarət altına alıb.
Paşinyanın bu etirafları bir daha sübut edir ki, onun “sonrakı ağlı” Azərbaycan Ordusunun və Ali Baş Komandanın dəmir yumruğunun nəticəsidir.
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ