Onlayn ictimai-siyasi qəzet
“Bu faktdır ki, Ermənistan özünə havadar axtarışındadır. Avropaya və Amerikaya üz tutub nəsə əldə etmək istəkləri reallaşmadı. Ermənistanın daxilində də bu ölkənin gələcəyini Qərblə bağlamaq istəyənlərin ideyası qısa müddətdə puça çıxdı”.
Bu fikirləri Musavat.com-a politoloq, ermənişünas alim Qafar Çaxmaqlı söyləyib.
Politoloq Nikol Paşinyanın Rusiya ilə bağlı ehtiyatlı siyasət yürütməsini təbii sayır:
“Gördülər ki, Avropa İttifaqının regiona marağı get-gedə azalır və hətta bir qrup qərbçilərin təşəbbüsü ilə imza toplanması və Aİ-yə inteqrasiya proseslərinə başlamasına Paşinyan özü də dəstək vermişdi.
Ermənistan parlamentində Aİ ilə bağlı səsvermə keçirildi və qərar çıxarıldı. Lakin Ermənistanın ABŞ-a ümidləri də suya düşdü. İndi Ermənistan yenidən “vektor dəyişikliyi”nə gedir”.
Qafar Çaxmaqlı Ermənistan rəhbərliyinin Rusiyadan istədiyini aldığını güman etmir:
“Paşinyanın 9 may paradında iştirakı da buna qədər etdiklərinin əhv edilməsi anlamına gəlirdi və bu əhf də deyəsən, baş tutmayıb. Ona Moskvada dövlət başçısı kimi diqqət edilməyib və Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb. Amma Nikol Paşinyan hər şeyini itirməmək üçün rəsmi Moskvanın seçkilərdə ona yardım etməsini arzulayır, çünki bilir ki, Rusiyanın Ermənistanda ciddi rıçaqları var və onu devirmək imkanları da genişdir.
Rusiya isə böyük səbrlə Paşinyanın bütün şıltaqlıqlarına dözdü, onun Qərblə əlaqələrinindən bir şey çıxmayacağını bildiyindən Paşinyana şans verdi. İndi onun Rusiyaya tərəf dönməsi hələ Paşinyanın bağışlanacağı anlamına gəlmir. Paşinyan tam Rusiya yanlısı olmasa, onu daha rusiyapərəst etmək mümkün görünmür.
Ermənistanın Rusiya üçün ikinci Belarus olmaqdan başqa çarəsi qalmayıb”.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ