İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX və “OMON” “Ku-Kluks-Klan” rolunda - Rusiyada 174 ildir yarımçıq qalan islahat

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) azərbaycanlı ailəyə yaşatdığı faciədən üç gün keçir. İyunun 27-də səhər saatlarında FTX-nin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində iki qardaş öldürülüb, bir neçə nəfər işgəncə görüb və saxlanılıb.

Öldürülən Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşləri iyunun 30-da Azərbaycana gətiriləcək.

FTX-nin heç bir order, sanksiya təqdim etmədən insanların mənzilinə basqın etməsi, sakinlərə güc tətbiqi, işgəncə verilməsi, öldürülməsi həm Rusiya qanunları, həm də beynəlxalq normaların kobud pozulmasıdır.

Bu, Rusiyada bir ailəyə münasibət deyil, həm də strateji tərəfdaşı sayılan dövlətə sayğısızlıq, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ruhuna ziddir.

FTX bir daha nümayiş etdirdi ki, RF imzaladığı müqavilə və başqa sənədlərə, öz dövlətinin başçısının imzasına hörmət etmir. Güc qurumu Rusiyanın etibarsız tərəfdaş olduğunu davranışı ilə təsdiqləyir.

Təkcə FTX deyil, Rusiya İstintaq Komitəsi də azərbaycanlılara işgəncə tətbiq edib. Ölkə sanki hələ də təhkimçilik dövrünün qaydaları ilə idarə olunur. 1861-ci ildə ölkədə təhkimçilik hüququ ləğv edilsə də, 174 ildir düşüncə və yanaşma eynidir.

YANAS.jpg (150 KB)

Təhkimçilik hüququnun ləğvi Cənubi Qafqaza çox gec gəldi. Bu da çar Rusiyasının əyalətləri müstəmləkə torpaqları bildiyindən onlarla istədiyi kimi davranmasından xəbər verirdi.

Tarix bir daha sübut edir ki, Rusiyada 174 il əvvəl başlamış islahatlar yarımçıq qalıb. Bir zamanlar Krım müharibəsində təhkimçi kəndlilərdən yardım istəyən Rusiyanın mərkəzi hakimiyyəti indi silahlı qüvvələrdəki canlı qüvvə çatışmazlığını vətəndaşlıq vədi verilən mühacirlərin, şimali koreyalıların sayəsində aradan qaldırmağa çalışır.

Rusiya Ukraynada həm də İran “Shahed”ləri, Şimali Koreya raketləri ilə döyüşür. Bu ölkədə güc strukturları reketlik edir. Azərbaycanlı iş adamları müharibəyə yardım üçün pul verməyə məcbur edilir. Ödəyənlərə “azdır” deyib, daha çox vəsait vermələrini istəyirlər.

Bu, Rusiyanın yaranışdan bəri dəyişməyən fundamental xasiyyətidir. Bu, həm də onun Mərkəzi Asiyadan, Cənubi Qafqazdan olan türklərə yanaşmasının göstəricisidir.

Bir müddət əvvəl Rusiyada FTX və xüsusi təyinatlı polis dəstəsi (“OMON“) Özbəkistan vətəndaşlarına işgəncə vermiş, onlardan müharibəyə getmək tələb olunmuşdu.

Moskvanın indi ələ keçirmək, yaxud təsiri altına salmaq istədiyi keçmiş müttəfiq respublikalar Rusiya ilə eyni blokda olmaq istəmirlər. İş o yerə çatıb ki, eyni soydan və dini təriqətdən olan Ukrayna ondan uzaqlaşmaq üçün müharibə edir.

MUHAR.jpg (99 KB)

Zahirən sovetlər ittifaqı müttəfiq respublikalar üçün daha uyğun və əlverişli sayılırdı. Ancaq mərkəzi hakimiyyətin yürütdüyü yanlış siyasət bu dövlətin çökməsinə səbəb oldu. Onda Moskvanın hərbi siyasətinə, dünyanı tutmaq iddiasına minlərlə azərbaycanlı və mərkəzi asiyalı qurban gedib.

Rusiya milyarderlər yetişdirib, dövlət qurduğu Ermənistan indi onun patronluğu altında olan təşkilatlardan qaçır. Bir vaxtlar RF-nin 366-cı motoatıcı alayı Xocalıda Koçaryan, Sarqsyan və başqa erməni liderləri ilə birlikdə qətliam törədib. Sonrakı illərdə onları bu kimi cinayətkar əməlinə görə mükafatlandıraraq Ermənistana prezident seçib.

5-6 il əvvəl Rusiya Qarabağla bağlı yetişdirib pullandırdığı Ruben Vardanyan variantını işə salmışdı. Ancaq bu layihə də əlində yandı.

YANDİ.jpg (86 KB)

Rusiya Federasiyası çar Rusiyası və SSRİ-dən fərqlənmədiyi üçün ondan qaçırlar. Federasiya yaxın qonşuları tərəfindən boykot olunur. Çünki o, saxtakarlıq edir. Bu yerdə N.A.Nekrasovun “Rusiyada kim xoşbəxt yaşayır” poeması da yada düşür. Əsərə əsasən, axtarışlar nəticəsində məlum olur ki, bu ölkədə xoşbəxt yoxdur.

İndiki Rusiyada FTX, “OMON” bir gecədə evə hücum edib ən xoşbəxt ailənin dinc həyatına son qoya bilər. Keçmiş müttəfiqlərə, indiki tərəfdaşlara münasibət müsbət istiqamətdə dəyişməzsə, təhkimçilik dövründən qalma “mujik” təfəkkürü onun azalmaqda olan nüfuzuna daha çox təsir edəcək. Belə olan halda isə Rusiya çinliləşər, Şimali koreyalaşar. Onda Viktor Medinski, Sergey Kirienko, Sergey Lavrov, Dmitri Medvedev kimilər Koreya və Çin dilini öyrənəcək.

Yekaterinburqda Rusiya güc strukturunun törətdiyi cinayət hadisəsi sübut edir ki, “qırxıq başlar” FTX-nin və “OMON”nun törəməsidir. Bu isə onların siyasi-ideoloji qaynaqlarının velikorus şovinizmi ilə neofaşizm olduğunu təsdiqləyir. Ona görə də 1970-ci illərin “Ku-Kluks-Klan”ı rolunda hələ ki FTX və “OMON” çıxış edir.

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR