Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının üzvü, “Vətəndaş sazişi” partiyasından deputat Asmik Akopyan ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanan birgə bəyanatın detallarından danışıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Onun sözlərinə görə, sənəddə Ermənistan və Azərbaycanın ikitərəfli münasibətləri bərqərar etməyə hazır olduqları təsdiqlənir.
Akopyan bildirib ki, söhbət iqtisadi, ictimai, idman və mədəni əlaqələrdən gedir:
“Bunun sadə olmayacağı aydındır, amma məqsədimiz gələcək nəsillər üçün sülh mühiti yaratmaqdır. Bu, bu gün olmasa da, bir neçə ildən sonra baş tuta bilər”.
Erməni deputat tərəflərin müxtəlif ictimai təşkilatlar üçün dialoq meydançası təqdim edə biləcəyini, bunun da paraflanmış sənəddə nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, belə addımlar dərhal və birdən-birə reallaşmır, tərəflər bu prosesə şüurlu şəkildə yanaşmalıdırlar.
Akopyanın sözlərinə əsasən, hələ ki, qarşılıqlı turist səfərləri, birgə tədbirlər və qeyri-rəsmi görüşlərdən söhbət getmir. O, sovet dövründə ermənilər və azərbaycanlıların qonşuluqda yaşadıqlarını xatırladaraq müharibənin siyasi səbəblərdən başladığını və uzun illər davam etdiyini, bunun isə dayandırılmalı olduğunu deyib.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ