Onlayn ictimai-siyasi qəzet
Bir müddət də keçsə Ermənistan beynəlxalq hüquqa, münasibətlərə uyğun normal dövlət ola bilər.
İyulun 16-da Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında verdiyi açıqlamalar bu ehtimalın reallaşmasına zəmin yaradır.
Çünki indiyədək erməni ictimaiyyəti müxtəlif dövlətlərin tərkibində yalnız təzyiq, casusluq aləti olaraq istifadə edilib. Çar Rusiyası, keçmiş SSRİ, Rusiya Federasiyası onu tarixində görmədiyi dərəcədə ərköyün etmişdi. Bu dövlət quruluşların tərkibində olduqları illərdə onların arzu və istəkləri reallaşıb, hətta yuxularının belə çin olması üçün əllərindən gələni ediblər. Onlar dövlət istəyiblər qurub veriblər, türklərsiz (azərbaycanlılarsız) Ermənistan istəyiblər bu ölkədə etnik təmizləmə aparıblar, “böyük Ermənistan” yuxularının çin olması üçün Qarabağı işğal ediblər və s.
Qarabağ və ətraf rayonlarını işğaldan azad etdikdən sonra Nikol Paşinyan, hökuməti, erməni ictimaiyyəti, kilsə, diaspor, lobbi, havadarları sanki silkələnib, oyanaraq, torpaqların Azərbaycana məxsus olduğunu və reallığı başa düşdülər.
Nikol Paşinyanın bəhs etdiyimiz mətbuat konfransındakı etiraflarından bəzilərinə nəzər salaq.
Qarabağa erməniləri yerləşdirildikdən sonra sovetlər və Rusiya onlardan Azərbaycanın daxilində pozuculuq məqsədi istifadə olunub. Onlar Azərbaycan ərazisini könüllü tərk etdikdən sonra alət rolunu Ermənistanda davam etdirirlər.
Ölkə ərazisində “Qarabağ nümayəndəlyi” adlı “qurum” və ya “nümayəndəliyin” fəaliyyəti buna örnəkdir.
Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkə ərazisində “ikinci dövlətin” mövcudluğuna icazə verməyəcəyini bildirib. O, separatçıların binasının müsadirəsi barədə deyib: “Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək".
“Nümayəndəlik” və başqa bu kimi amillərdən Rusiyadan Ermənistanda sabitliyin pozulması, habelə revanşistlərin reytinq yığması üçün istifadə edilir. Bundan həm də İrəvanın Moskvadanqaçma fəaliyyətini əngəlləməkdən ötrü yararlanırlar.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda kommunikasiya xətlərinin açılması nəzərdə tutulub.
Bu əsasda Azərbaycan və Türkiyə Zəngəzur yolu təşəbbüsü ilə çıxış edib. Bəziləri bu təşəbbüsün həyata keçməsinə mane olmağa çalışır. Zəngəzur yolunun açılması məsələsi son günlərin əsas regional mövzularındandır.
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak jurnalistlərə bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlara kömək edərsə, Ştatlar Zəngəzur dəhlizini 100 il icarəyə götürməyə hazırdır.
Səfir bununla yola nəzarət “kimdə olacaq” probleminə aydınlıq gətirməyə çalışıb. Nikol Paşinyan bu istiqamətdə bir neçə il əvvəl oxşar təkliflə çıxış etmiş bildirmişdi ki, yolun təhlükəsizliyini xarici ölkələrdən birində uyğun xidmət agentliyi həyata keçirə bilər.
Mətbuat konfransında o, bu istiqamətdə bir qədər dəqiqləşdirmə edərək deyib ki, Sünikdəki yolun (Zəngəzur yolu) autsorsinqində təkcə ABŞ deyil, digər ölkələr də maraqlıdırlar.
Yeri gəlmişəkən, “autsorsinq” - xarici mənbə və ya resursun istifadəsi anlamına gəlir. Təşkilatın müqavilə əsasında müəyyən növ istehsal sahibkarlıq ya funksiyalarını lazımi sahədə fəaliyyət göstərən başqa bir şirkətə ötürməsidir.
Autsorsinq bütövlükdə müəssisənin səmərəliliyini artırmağa və azad olmuş təşkilati, maliyyə və insan resurslarını yeni istiqamətlərin inkişafı, yaxud xüsusi diqqət tələb etməyən səylərin cəmləşdirilməsi üçün yararlanmağa imkan verir. Bu ifadə “həvalə” sözünə də uyğun gəlir.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan üçün ABŞ və Avropa İttifaqının istəyi maraqlıdır: “İndi ABŞ-nin təklifi müzakirə olunur. Biz bunda maraqlıyıq. Hələlik razılıq yoxdur, ancaq ola bilər. Çin də maraqlıdır”.
O, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar halın olduğunu bildirib. Buna örnək olaraq İrəvandakı “Zvartnos” Beynəlxalq Hava limanının idarəçiliyinin həvalə edilməsini göstərib. Baş nazir belə həvalənin Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyünü pozmadığını vurğulayıb.
O bildirib ki, su təchizatı sisteminin idarə edilməsi, Ermənistanın dəmir yolları və s. ilə bağlı da vəziyyət belədir: “Ancaq sadalanan bütün hallarda bu infrastrukturlar Ermənistanın mülkiyyətindədir”.
N.Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin keçid rejiminin sadələşdirilməsinə hazırdır. Baş nazir Zəngəzur yolunun açılmasına qarşı çıxanları da tənqid edib: “Bəzi qüvvələr və ya insanların Ermənistan ərazisindən dəmir yolu hərəkətinin yenidən başlamasını faciə kimi təqdim etməyə çalışdıqları təəccübləndirir. Habuki Ermənistan vasitəsilə tranzit dəmir yolu əlaqəsinin yoxluğu faciədir”.
Paşinyan onu da deyib ki, regional nəqliyyat kommunikasiyalarının açılması məsələsi üzrə Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu etimad problemləri səbəbindən fəaliyyət göstərmir.
Baş nazir bununla Rusiyaya etimad göstərilmədiyinə eyham vurub.
Belə ehtimal etmək olar ki, yaxın dövrdə Zəngəzur yolunun açılması məsələsi regionda maraqları olan güclərin də müzakirə edəcəyi əsas mövzulardan olacaq.
Nikol Paşinyanın mətbuat konfransında toxunduğu məsələlərdən biri də Qarabağ mövzusu olub. Təxminən altı ilə əvvəl “Qarabağ Ermənistandır, nöqtə” demiş Baş nazir indi peşmanlıq hissi yaşadığını da gizlətmir: “Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi”. O, həmin tarixdə Ermənistanın ərazi bütövlüyünü də tanıdığını vurğulayıb.
Baş nazirin sözlərinə görə, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir.
Bu açıqlama Ermənistanın siyasi, mənəvi liderləri tərəfindən indiyədək etiraf edilməyən ən böyük həqiqət, reallıqdır. Belə görünür k, Nikol Paşinyanın və başqalarının bunu başa düşüb, dərk etməsi üçün Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı keçirməli imiş.
İdeoloqları yüz ildən artıqdır türkləri ermənilərin düşməni olaraq təbliğ edir.
Sanki Ermənistan hakimiyyəti qonşularla dinc yanaşı yaşamaq prinsipini indi başa düşüb. Çünki onlar elə zənn edirdi ki, qonşuların, xüsusən Azərbaycanın, Türkiyəni indiki Ermənistanla sərhəddə yerləşən torpaqlarını ələ keçirəcək, “Böyük Ermənistan” quracaq, “dənizdən-dənizə” əraziləri mənimsəyəcək, yeni fərqli qonşuları olacaq. Ancaq hadisələr onların xülyalarındakı, yaxud aldıqları milli tərbiyəyə, təbliğata uyğun davam etmədi.
Bununla da Paşinyan 44 günlük müharibədən sonra Ermənistanın konkret ərazisini açıqladı. O qeyd elədi ki, ölkəsinin ərazisi 29,8 min kv km. deyil, 29 743 kv km-dir.
Mətbuat konfransında isə əvvəllər Ağrıdağı “Ararat” adlanmasını doğru olmadığı açıqlamasına sanki davamı kimi Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativinin olmadığını bildirib.
Paşinyan İrəvan-Ankara münasibətlərinin normallaşmasından narazı olan Ermənistan vətəndaşlarının nəyə ümid etdiklərini soruşub: “Onlar demək istəyir ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Siz ümumiyyətlə nə danışdığınızı başa düşürsünüz?”.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün onda müsbət təəssüratların yaratdığnı da qeyd edib.
Paşinyanın nümunə olaraq göstərdiyimiz açıqlamalarını Ermənistandakı mövcud siyasi, iqtisadi, sosial, mədəni hadisələr fonunda cəsarətli də saymaq olar. O, belə reallıqları etiraf etməklə həm də yeni Ermənistanın yerini göstərib.
Bu həm də 2026-cı ilin iyulunda keçiriləcək parlament seçkilərinə hazırlığın başladığının anonsu da sayıla bilər. Paşinyan seçkiqabağı platformasını bəzi istiqamətlərini bu mətbuat konfransında açıqlayıb. O, Ermənistanın maraqlarını, qonşular, xüsusən Azərbaycan və Türkiyə ilə yeni münasibətlərin qurulmasını, erməni cəmiyyətini narahat edən həyati vacib məsələləri açıqlayıb.
O, Ermənistanın gələcəyinin illər uzunu düşmən olaraq ermənilərə təbliğ və təqdim edilən türklərdən – Azərbaycanla Türkiyədən keçdiyini bir daha vətəndaşlarına çatdırıb. Bu münasibət həm də Ermənistan dövlətinin, azadlığı, inkişafı və müstəqilliyinin qarantıdır.
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ