İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “minatəmizləmə əməliyyatı” – yaxud “söyüş söyənə söyüş qoymuşam” siyasəti

Ermənistanın baş naziri Nikol Paşinyan bilir ki, 2026-cı il parlament seçkiləri onun üçün ölüm-qalım məsələsidir. Ona görə də seçkiyə bir il qalmış ayağının altındakı “mina”ların zərərsizləşdirilməsi əməliyyatına start verib. Rusiya vətəndaşı olan milyarder Samvel Karapetyanın qandallanmasından sonra həbslər kütləvi xarakter almaqdadır.

Paşinyan faktiki olaraq Ermənistan müxalifətini zəlil günə qoyub. Bir balaca səslərini çıxaran kimi Serj Sərkisyanın, Robert Köçəryanın, Seyran Ohanyanın, hətta Qarabağdan qaçmış separatçı Samvel Şahramanyanın cinayət dosyesini masaya qoydurur və dillərini gödək eləyir. Bir müddət əvvəl hətta Qarabağ separatçıları İrəvanda özlərinə yenidən oyuncaq “prezident” seçmək istəyirdilər, Şahramanyan da aktivləşmişdi. Paşinyan dərhal tapşırıq verdi, İstintaq Komitəsi separatçını istintaqa cəlb etdi. Düzdür, burada Azərbaycanın Ermənistan rəhbərliyinə xəbərdarlıqları da öz sözünü deyir, sülhdən danışan Paşinyanın İrəvanda separatçıların şoularına şərait yaratması onun özü və ölkəsi üçün çox ağır nəticələr verə bilər. Eyni zamanda Nikol Paşinyan çox yaxşı anlayır ki, bu gün Qarabağ separatçılarının oyuncaq “prezident”i olan şəxs sabah iştahlanıb Ermənistana rəhbərlik etmək iddiasına düşə bilər. Necə ki, Rusiya bu gün Bakıda, Ədalət Məhkəməsi qarşısında cavab verən Ruben Vardanyanı məhz Qarabağ ermənilərini “xilas” etmək üçün yollamışdı, “dövlət naziri” olduqdan sonra Ermənistana getsin, bu dəfə forpost ölkənin “xilaskar”ı kimi, Paşinyanın kürsüsünə sahiblənsin. Bütün planlar pozuldu, Azərbaycan ordusunun bircə sutkalıq antiterror əməliyyatından sonra. Paşinyan bu qorxulu yuxunun təkrarlanmasını qəti istəmir, ona görə də bütün təzyiq rıçaqlarını işə salıb, başını qaldıranın başından vurur Ermənistanın baş naziri...

Eçmiədzin Kilsəsi: Yaranması, Dini Əhəmiyyəti, Bərpası - 2025 - Xaricdə  Təhsil

İndiki mərhələdə əsas mübarizə Üçkilsədə – Eçmiədzində toplaşan keşişlərlə, Paşinyanın qanını içməyə hazır olan İkinci Qareginin dəstəsi ilə gedir. Ötən il Azərbaycanın 4 kəndinin işğaldan azad edilməsi, geri qaytarılmasından sonra küçələrdən yığışmayan “Müqəddəs mübarizə” hərəkatının saxlanılan lideri, arxiyepiskop Baqrat Qalstanyanın ardınca, Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan haqqında da iki aylıq həbs qətimkan tədbiri seçilib. Ona hətta qohumları xaricində kiminləsə ünsiyyət qurmaq da qadağan edilib. Bundan əlavə, Paşinyan əleyhdarı olan keşişlər bir-birinin ardınca həbs olunmaqdadır.

Təsəvvür edin, keşişlər dövlət çevrilişinə cəhddə ittiham olunurlar. Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.

Baqrat Qalstanyan haqqında həbs qəti imkan tədbiri seçilib – Avropa.info

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “deputat”ı David Qalstyan, Baqrat Qalstanyanın köməkçisi Movses Şabatyan, hərəkatın tərəfdarı olan bloqer Armen Aleksanyan, istefada olan polkovnik Miqran Maxsudyan, sabiq (ölmüş) hərbçi Ara Rostomyanın atası, hərəkatın fəalları Lidiya Mantaşyan və Aqvan Arşayan haqqında da iki aylıq həbs qətimkan tədbiri seçilib. Həmçinin iş adamı Tiqran Qalstanyan da qandallanıb. Ümumilikdə istintaq müxalifət hərəkatının 16 üzvünün həbsi ilə bağlı vəsatət qaldırıb.

Göründüyü kimi, Paşinyan onu devirməyə çalışan kilsənin donoru rolunda oynayanları – Samvel Karapetyan və Tiqran Qalstanyan, həmçinin müxalifətçiləri zərərsizləşdirir ki, seçki prosesi başlayanda əl-ayağına dolaşan olmasın.

Aleksey Overçuk. Oxu.az Sitesinde Aleksey Overçuk konulu son haberler -  Oxu.az

Həbs dalğasına Kremldən gələn reaksiya diqqət çəkir. Ermənistandakı adamları ifşa və həbs olunan Rusiya hakimiyyəti Paşinyanı devirmək üçün açıq çağırış etməyə çəkinir, amma vaxtaşırı xəbərdarlıqlar edir. Məsələn, bu günlərdə Yekaterinburqdakı qətliamlardan sonra Azərbaycana səfəri ləğv edilən Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq. Paşinyanı faktiki olaraq təhdid edən Overçukun sözlərinə görə, iki stulda oturmaq mümkün olmayacaq. Rusiya rəsmisi vurğulayıb ki, Ermənistan Aİ-yə daxil olarsa, Rusiya onunla iqtisadi əlaqələrin bütün spektrini yenidən nəzərdən keçirməli olacaq.

Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanunu yekun oxunuşda qəbul etdikdən sonra Rusiya ayıldı ki, Paşinyan onun forpostunu Qərbə aparır və hərəkətə keçdi. Ötən il Rusiya və Ermənistan arasında gizli əlaqələr nəticəsində ticarət dövriyyəsinin artmasından fəxrlə danışan Rusiya rəsmiləri bu gün artıq “val”ı dəyişiblər.

Kreml Paşinyana "qırmızı xət"lərini xatırlatdı

Bir müddət əvvəl İrəvana səfər edərək Paşinyana Kremlin xəbərdarlıqlarını çatdıran Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistanda baş verən hadisələrlə bağlı danışıb. Ermənistandakı vəziyyəti “ölkənin daxili işləri” adlandıraraq “Moskva bu məsələlərə qarışmaq niyyətində deyil” – desə də, kilsəyə qarşı edilən hücumların və təzyiqlərin Rusiyada ciddi narahatlıq doğurduğunu etiraf edib. Lavrovun dediklərinə diqqət edin: “Biz hesab edirik ki, bütün mübahisələr hüquq çərçivəsində həll olunmalıdır. Kilsəyə edilən hücumlar qəbuledilməzdir və Ermənistan cəmiyyətinin birliyinə təhlükə yaradır”. Soruşan gərək: sənin nə dərdinə qalıb Ermənistan cəmiyyətinin birliyi?! Ölkəsində qeyri-ruslara divan tutulur, Lavrovsa Ermənistan kilsəsinin, yaxud erməni xalqının birliyinin hayında...

Azərbaycanın tarixi ərazilərinə hayların kütləvi şəkildə köçünün Çar Rusiyası tərəfindən təşkil olunmasından və erməni kilsəsini fitnə-fəsad ünvanı kimi müəyyənləşdirilməsindən sonrakı siyasətin davamıdır, əl çəkmək istəmirlər...

Bu arada, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstanda bazar ertəsi keçiriləcək KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyini açıqlayıb. Rəsmi İrəvan ötən ilin yayında KTMT-dəki iştirakını dondurub və geri qayıtmaq niyyətində deyil, bu, Moskva üçün yaxşı xəbər deyil.

Mirzoyan KTMT-nin iclasında iştirak etməyəcək

Yeri gəlmişkən, 2024-cü ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanla görüşündə demişdi ki, ötən il ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib, ilk yarımildə isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. “Əgər bu templə irəliləsək, bu o deməkdir ki, ilin sonuna bu rəqəm 14–16 milyard dollar təşkil edəcək. Bu, rekord göstəricidir”, – V. Putin məmnunluqla bildirmişdi. Xatırlatmışdı ki, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur, iqtisadiyyata toplanmış investisiyaların ümumi həcmi 4 milyard dollardır. Amma bütün bunlara baxmayaraq, Paşinyan özü demişkən, “kadastr sənədi olmayan” ölkəsini götürüb Avropaya aparır, bu, Rusiyanı qəzəbləndirir. Elə 2026-cı il seçkiləri ərəfəsində dövlət çevrilişinin hazırlanması da Ermənistanın əldən buraxılmamasına hesablanmışdı, Paşinyan vaxtında duyuq düşdü, silah-sursatla çevrilişə hazırlaşan “dindar”ları dama basdırdı.

Bunlar həmin “dindar”lardır ki, Qarabağ işğalda olanda vaxtaşırı ərazilərimizə gəlir, buradakı tədbirlərdə separatçılarla yanaşı dayanır, yürüş edir, bizə meydan oxuyurdular. İkinci Qarabağ müharibəsindən sonra da tez-tez erməni keşişlərin Xudavəng və digər alban məbədlərinə “ziyarət”ə yollandıqları, bəzən həyasızcasına davranmalarının şahidi olurduq. Sonradan əsgərimiz onların ayağını itin ayağını kəsən kimi kəsdi müqəddəs ünvanlardan. Baxın, artıq neçə ildir bu “zəvvar”ların yadına “ziyarət” düşmür. Onlar belə “ibadət” edirmişlər, necə ki, Paşinyan ifşa elədi: İkinci Qaregin kilsə andını pozaraq gizlicə eşq-məhəbbət yaşayırmış, hətta uşağı da var imiş, Baqratın və digərlərinin evləri isə silah arsenalına çevrilibmiş. 44 günlük müharibədən sonra sülhməramlıların yanından keçərək Azərbaycana qarşı döyüşməyə gəlmiş Şirak silahlıları yadınızdadırmı? Hansı ki, qəhrəman ordumuz həmin caniləri tərksilah etmişdi... Həmin canilər də Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyanın “kadrları” idi. Hətta əlinə silah alıb Azərbaycana qarşı döyüşən keşişlər də var idi, burunları ovuldu...

Ermənilər Livandakı dayaqlarını itirirlər

Təbii ki, Paşinyan keşişləri Azərbaycana düşmənçilik etdiklərinə görə cəzalandırmır, onu aradan götürmək, kürsüsünü zəbt etmək istəyənlərlədir davası. Amma olsun, bizə də sərf edir, çünki Rusiyadan verilən komanda əsasında hərəkətə keçənlərin son məqsədi növbəti eskalasiyaya rəvac verməkdir, “beşikdəcə” boğulsalar, bölgədə gərginliyin səngiməsinə şahid olarıq. Yeri gəlmişkən, Qriqorian hayların Livandakı “Böyük Kilikiya Evi”nin katolikosu I Aramın da ağzının yumulması ümumi işin xeyrinə olardı, “ilana zəhər verən kərtənkələ”lərdən biri odur.

Qarşıdakı aylarda Ermənistanda siyasi hərarət daha da yüksələcək, çünki Kreml asanlıqla əl çəkənə oxşamır. Paşinyana qarşı terrora da əl atıla bilər. Məhz elə bu təhlükələrə görə baş nazir ölkəsinin milli təhlükəsizlik xidmətinin rəhbərliyini dəyişdi. Bütün istiqamətlərdə “vint”lərin möhkəmləndirilməsi prosesi gedir.

Üstəlik, Paşinyan iyulun 1-dən 5-dək ictimai müzakirələr zamanı danışıqda təhqirdən istifadəyə müvəqqəti məhdudiyyət qoyulmasını təklif edib. Baş nazir bu təklifə ilk özünün riayət edəcəyini açıqlayıb. Az qalır desin ki, “söyüş söyənə söyüş qoymuşam”. Ölkə deyil ki...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR