İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın seçki əminliyi - son “döyüşü” uduzsa, Bakı ilə...

Seçicilərə, yoxsa Qərbin dəstəyinə əminlik?

Moldova Rusiyanın növbəti böyük təxribatını uğurla neytrallaşdıra bildi. Moskvaya bağlı qüvvələr ötən bazar keçirilən seçkilərdə böyük fərqlə hakim partiyaya uduzdu. Kremlin araqarışdıranlarına, onun ölkədəki “5-ci kolonu”na layiqli yerləri göstərildi.

Bəllidir ki, Ermənistanda da kritik parlament seçkiləri gözlənilir (iyun, 2026). Bu, erkən də baş verə bilər. O da məlumdur ki, Ermənistanda Moldovadakı kimi rus hərbi bazaları mövcuddur. Bir fərqlə: əgər Moldovada onlar separatçı Dnestryanı bölgədə və qanunsuz yerləşibsə, kapitulyant ölkədə legitimliyə sahibdir. Belə ki, bazalar iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsinə uyğun surətdə Gümrüdə və Erebunidə (hava qüvvələri) yerləşib. Özü də uzun müddətə. Üstəgəl, Türkiyə və İranla sərhədləri hələ də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) qüvvələri qoruyur.

Qarşıdakı seçkilər erməni xalqı və hakim partiyanın taleyi ilə yanaşı, xeyli dərəcədə Rusiyanın bölgədə qalıb-qalmayacağı məsələsinə də aydınlıq gətirəcək. Bəs Nikol Paşinyan hökuməti də seçki sınağından üzü ağ çıxa, öz mövqeyini qoruyub saxlaya, 50 + (yaxud konstitusion çoxluq) qədər seçici səsi toplaya biləcəkmi? Nəhayət, hakim partiya ya zəlzələdən, ya vəlvələdən uduzarsa, Azərbaycanla sülh müqaviləsinin aqibəti necə olacaq, yeni müharibə nə dərəcədə qaçılmaza çevriləcək?

Qeyd edək ki, baş nazii Nikol Paşinyan son açıqlamalarının birində deyib ki, növbəti parlament seçkilərində xalq Ermənistanı idarə etmək üçün hakim partiyaya verdiyi mandatı uzadacaq. O, əminliyini belə ifadə edib: “Çünki bizim həyata keçirdiyimiz sülh gündəliyinin və siyasətin müəllifi xalqdır”. Nikolun əminliyi nə dərəcə yüz faizlidir?

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, bütövlükdə istər Moldovada keçirilən seçkilər, istər gələn il Ermənistanda keçiriləcək seçkilər əslində Rusiya ilə Qərbin savaşının nisbətən mədəni formasıdır: “Bunu soyuq müharibə də adlandırmaq olar. Rusiya Moldovada iki dəfə cəhd edib. Bundan əvvəl prezident seçkisində dəstəklədiyi namizəd var idi. Lakin həmin namizəd qalib gələ bilmədi. O cümlədən parlament seçkilərində də Rusiyanın müdafiə etdiyi qüvvə uduzdu. Güman etmirəm ki, Moldovadakı seçkilərlə Ermənistandakı keçiriləcək seçkilər arasında oxşarlıq ancaq rusiyameylli qüvvələrlə Qərbə yaxın qüvvələrin savaşıdır. Daxildə hər hansı problemin olması bu seçkilərə o qədər də ciddi təsir göstərmir. Güman edirəm ki, gələn ilin iyununda keçiriləcək parlament seçkilərində Ermənistanda da rusiyayönümlü qüvvələr qalib gələ bilməyəcək. Onlar hətta Ermənistan Azərbaycanla 44 günlük müharibədə məğlub olandan az sonra keçirilən seçkilərdə Paşinyana məğlub olublar. Hətta o zaman Paşinyanın partiyası seçkidə hökuməti təkbaşına qurmaq səviyyəsində səs üstünlüyü qazanmışdı. Düzdür, o zamandan beş ilə yaxın vaxt keçir və ölkə daxilində narazı qüvvələr var, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəməyən qüvvələr mövcuddur, amma bu vəziyyətdə də onların xalq arasında nüfuzu çox da yüksək deyil”.

Q.Əlibəyli dedi ki, narazı qüvvələrin heç də hamısı Rusiyaya bağlı qüvvələr deyil. Qərbə meylli qüvvələr arasında da Nikol Paşinyana müxalif mövqedə olanlar var: “Lakin həmin qüvvələr də Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərinin normallaşmasını, sülh müqaviləsinin imzalanmasını istəmirlər. Bir neçə il öncə Ermənistanda bir rəy sorğusu keçirilmişdi. Rəy sorğusunun elan olunan nəticələrinə görə əhalinin cəmi 3 faizi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdardır. Üç faiz cüzi rəqəmdir. Ancaq ola bilsin ki, son vaxtlar bu rəqəm bir qədər artıb. Ermənistanda normal düşünən insanlar var. Cəmiyyət ümumən nə qədər xəstə olsa da başa düşənlər var ki, Ermənistanın vəziyyətinin necə olması Azərbaycandan və Türkiyədən daha çox asılıdır, Rusiyaya arxayın olmaq mümkün deyil. Maraqlıdır ki, cəmiyyətdə qeyd etdiyim vəziyyət mövcud olsa da, Azərbaycanla sülh müqaviləsini imzalamağın və Türkiyə ilə münasibətləri normallaşdırmağın tərəfdarı olan Nikol Paşinyanın nüfuzu bu prosesə qarşı olan qüvvələrin nüfuzundan yüksəkdir. Bunun isə kökündə, məncə, bu fakt dayanır ki, sülh müqaviləsinə qarşı olan qüvvələrin çoxu, xüsusən də revanşistlər uzun illər Ermənistanda hakimiyyətdə olmuş və korrupsiyaya bulaşmış, demokratiyaya qənim kəsilmiş qüvvələrdir və xalq onları qəbul etmir. Nikol Paşinyanın bu mənada bəxti gətirib və onun seçkidə qəlib gələcəyinə əminliyində bu amilin xeyli təsiri var. Əmin olmasını şərtləndirən ikinci məqam Paşinyanın 8 avqustda Vaşintonda ABŞ Prezidenti Donald Tramla imzaladığı sənədi qeyd etmək olar. Paşinyan bununla Rusiyanı itirsə də ABŞ-nin yüz faiz dəstəyini qazanmış oldu. ABŞ onun hakimiyyətdə qalması üçün lazım olan dəstəyi verəcək”.

Ekspertin sözlərinə görə, Paşinyan hələ ki Azərbaycanla sülh sazişini də məhz seçkilərə görə imzalamır: “O, sülh sazişini imzalamağın seçkilərdə seçicilərin səs verməsinə necə təsir edəcəyinə tam əmin deyil. Hesab edir ki, sülh sazişini imzalamaqla, konstitusiyadan Azərbaycana qarşı ərazi iddiasını çıxarmaqla seçkidə uduzmasına təsir göstərəcək səviyyədə seçici səsini itirmək riski var. Paşinyan erməni cəmiyyətinin hələ də ağıllanmadığını bildiyi üçün riskə getmir. Bu addımların atılmasını seçkilərdən sonraya saxlayır. Hətta mümkündür ki, Paşinyan seçki ərəfəsində anti-Azərbaycan ritorikasını cəmiyyətdən səs almaq üçün artıra bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR