İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yeni nəsil qırıcı təyyarə istehsalına əngəl - ABŞ-nin o şərti...

Polkovnik: “Türkiyə müdafiə sənayesi KAAN qırıcı təyyarəsinin mühərrikini istehsal etmək istiqamətində addım atmalıdır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, milli döyüş təyyarəsi KAAN-ın istehsalı ABŞ sanksiyaları səbəbindən ləngiyir. Nazirin sözlərinə görə, təyyarə üçün mühərriklərin lisenziyasının ABŞ Konqresi tərəfindən CAATSA qanunu əsasında dayandırılması Türkiyənin KAAN-ın istehsalına başlamasına mane olur. CAATSA 2019-cu ildə Türkiyənin Rusiyadan "S-400" sistemlərini almasından sonra qüvvəyə minib.

Fidan qeyd edib ki, KAAN-ın istehsalını başlatmaq üçün lisenziyaların təsdiqlənməsi və mühərriklərin Türkiyəyə çatdırılması vacibdir. Nazir həmçinin bildirib ki, bu kimi məhdudiyyətlər NATO müttəfiqləri arasında “sistemli problem”dir və tərəfdaşlıq ruhuna uyğun gəlmir.

Qeyd edək ki, beşinci nəsil KAAN qırıcıları Türkiyənin milli istehsalı olan ilk döyüş təyyarəsidir və 2017-ci ildən bəri inkişaf etdirilir. Qırıcı təyyarənin təcrübi prototipi 22 fevral 2024-cü ildə ilk uçuşunu həyata keçirib. Seriya istehsalı 2028-ci il üçün planlaşdırılıb. Artıq İndoneziya KAAN qırıcılarından 48 ədədinin alınması üçün 10 milyard dollar dəyərində müqavilə imzalamağa yaxındır. Bu razılaşma KAAN qırıcılarının ilk beynəlxalq ixracı olmaqla yanaşı, Türkiyə tarixində ən böyük müdafiə sənayesi müqavilələrindən biri ola bilər.

Bəs hərbi texnologiya, özəlliklə PUA-lar sahəsində dünyada bir sıra ilklərə və uğurlara imza atmış, faktiki inqilab eləmiş Türkiyə bu problemin öhdəsindən də özü gələ bilərmi? Yerli mühərriklərin istehsalı mümkündürmü?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, KAAN qırıcı təyyarələri 5-ci nəsil təyyarə olmaqla yanaşı, "F35" qırıcılarından geri qalmayan imkanları ilə seçilir: “Türkiyə xarici işlər nazirinin açıqlamasından sonra bəlli oldu ki, KAAN təyyarəsinin mühərrikləri ABŞ-dən idxal olunur. Bu isə təbii ki, milli istehsalda istər-istəməz müəyyən problem yaradır. Türkiyə müdafiə sənayesi KAAN qırıcı təyyarəsinin mühərrikini istehsal etmək istiqamətində addım atmalıdır. Yəqin ki, bu addım atılacaq. Təyyarə mühərriklərini, xüsusən də yeni nəsil qırıcı təyyarələrinin mühərrikini istehsal etmək elə də asan məsələ deyil. Bu, hər dövlətin imkanları daxilində olmur. Bu mühərriklərin istehsalı təyyarənin özünün istehsalı qədər çətindir, böyük vəsaitlər tələb edir. Hesab edirəm ki, Türkiyə KAAN təyyarəsinin mühərrikinin istehsalına nail olmaq istiqamətində çalışır. Güman edirəm ki, onun mühərrikinin istehsalı üçün başqa hansısa dövlətdən lisenziya almağa ehtiyac olmadan onun mühərrikini də istehsal etmək mümkün olacaq”.

Ekspert xatırlatdı ki, bir zamanlar Türkiyə PUA-ların istehsalına başlayanda da bəzi hissələrinin xaricdən alınması kimi müəyyən problemlər var idi: “Hətta 44 günlük müharibə zamanı Kanada həmin PUA-ların bəzi cihazlarını, mühərrikini Türkiyəyə satmaqdan imtina etmişdi. Bəhanə isə o olmuşdu ki, həmin PUA-lar Azərbaycana satılır. Lakin Türkiyə dövləti bu problemi PUA-larının mühərrikini, xaricdən alınan hissələrini özü istehsal etməyə başlamaqla həll etdi. Bu təcrübə onu deməyə əsas və ümid yaradır ki, KAAN qırıcılarının mühərriklərini də Türkiyə müdafiə sənayesi istehsal edəcək. Türkiyə kimi böyük, güclü dövlətin bu cür strateji məsələlərdə başqa dövlətlərdən asılılığı olmamalıdır. Mən hesab edirəm ki, Türkiyə dövləti xüsusi elmi-tədqiqat institutlarını daha da gücləndirəcək və müdafiə sənayesini o həddə qədər inkişaf etdirəcək ki, istehsal etdiyi qırıcı təyyarələrini də özünün milli istehsalı olan mühərriklərlə təchiz edəcək. Buna müəyyən zaman lazımdır. Türkiyə ilkin olaraq dost Ukrayna dövləti ilə birgə qırıcı təyyarə mühərrikləri istehsal edə bilər. Ukraynada Antonov zavodunda böyük təyyarələr istehsal olunurdu və onların mühərrikləri də istehsal edilirdi. Həmin zavod bu gün fəaliyyət göstərmir. Türkiyə Ukrayna ilə birgə zavod qurmaq istiqamətində əməkdaşlıq edə bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR