İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın ardınca Köçəryan Kremldə

Xocalı cəlladını seçkiyə hazırlayırlar?

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bir neçə gün əvvəl Moskvada Kreml administrasiyasının rəhbər müavini, Ermənistan üzrə kurator sayılan Sergey Kiriyenko ilə görüşüb.

Musavat.com “Hraparak”a istinadən xəbər verir ki, görüş zamanı Ermənistanın daxili siyasi vəziyyəti və növbəti seçkilərlə bağlı məsələlər müzakirə olunub.

Köçəryan Kremldə “seçkilərdə uğur formulu”nu təqdim edib – müxalifətin birləşməsi, iqtidara qarşı geniş cəbhədə mübarizə və bu məqsədlə maliyyə vəsaitlərinin artırılması.

Qəzet yazır ki, Kiriyenko heç bir konkret vəd verməyib, əksinə, “Kreml artıq Ermənistandan əlini üzüb” mesajını çatdırıb.

Nəşr məsələ ilə bağlı “Ermənistan” blokunun deputatı Aqnesa Xamoyandan Köçəryanın Moskvada olub-olmaması və Kiriyenko ilə görüşüb-görüşməməsi barədə soruşub, lakin deputat şərh verməkdən imtina edib. Belə görünür ki, Köçəryan Paşinyanı Moskvanın dəstəyi ilə yıxmaq üçün hərəkətə keçib. Seçkilərdə bunu bacara bilərmi? Rusiya Ermənistan xalqı arasında nüfuzu çox aşağı olan Köçəryana dəstək verib nəticə əldə edəcək?

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkilərinə müddət azaldıqca siyasi atmosfer də yüksələn xətt üzrə artır.

Bu seçki Qərb-Rusiya qarşıdurmasının kulminasiyası olacaq və bu seçkilərdə Ermənistanın taleyi konkret olaraq həll ediləcək:

“Moskva-İran tandemi çalışır ki, Ermənistanda hakimiyyət dəyişikliyi etsin və revanşitstlərin üstünlüyünə nail olsun. Son dönəmlər Moskvanın həmləsinin açıq müstəviyə keçməsi, bütün əlində olan arsenalını işə salması məhz seçkilərə hazırlıq kimi yozulmalıdır. Paşinyan Qərbin dəstəyinə ümid edir. Eyni zamanda qeyri-sabit də olsa Türkiyə və Azərbaycanla bağlı siyasətində də kostruktivlik görüntüsü yaradır. Paşinyanın cəmiyyətə ötürdüyü mesaj konkretdir: ya sülh, ya müharibə. 44 günlük müharibədən sonra məğlub Paşinyanın 2021-ci il növbədənkənar seçkilərdə yendən qalib olması erməni cəmiyyətinin müharibə istəmədiyinin nümayişi oldu. Erməni baş nazir ölkəsində baş verən-ictimai siyasi proseslərə, həmçinin təsir və nəzarət imkanları böyük olmasa da, rəqibləri də zəifdir. Cəmiyyətin gözündən düşüb və bir çoxları haqqında xüsusən də sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan haqqında korrupsioner, müharibə canisi kimi mənfi imic formalaşıb. Kremlin hərtərəfli dəstəyinə rəğmən onların heç biri, hətta Putinin dostu Köçəryan real güclü rəqib kimi meydana çıxa bilmir. Putin onun üzərindən planlarını həyata keçirə bilmir. Baxmayaraq ki, Kreml erməni cəmiyyətində söz sahiblərindən olan Apastol kilsəsini də Paşinyana qarşı açılmış cəbhəyə qoşub”.

Ekspertin fikrincə, belə bir vəziyyətdə Kreml strateqlərinin hədəfi Paşinyanı devirmək deyil, ona nəzarətə sahib olmaq üçün rıçaqlar əldə etməkdir:

“Moskva anlayır ki, indiki baş nazir güclü və xarizmatik lider olmasa da, real alternativləri yoxdur. Üstəlik də onun qalması regionun güc sahibləri Türkiyəyə və Azərbaycana sərf edir, həmçinin Qərbin dəstəyi var. Rusiya Köçəryanın əlini gücləndirməklə parlamentdə güclü müxalifət formalaşdırmaq istəyir. Bu minvalla Paşinyanı daim təzyiq və nəzarət altına salmış olacaq. Köçəryanın da Moskvaya dəvəti məhz bununla bağlıdır. Lakin hesab edirəm plan işləməyəcək. Erməni xalqı müharibədən və böhrandan bezib. Çıxış yollarını arayır. Yeni müharibə, yaxud qonşuları ilə gərginlik bütövlükdə Ermənistanı fəlakətə aparar. Odur ki, Kreml və onun əlaltıları qürub çağlarını yaşayırlar prespektivdə onların reablitasiyası görünmür. Bu seçki inanıram ki, Robert Köçəryanı da tarixin zibilliyinə atacaq”.

Etibar SEYİDAĞA,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR