Onlayn ictimai-siyasi qəzet
2027-ci il yanvarın 1-dən etibarən Bakıya avtomobillə girişin pullu olacağı deyilir. Belə ki, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq.
Mütəxəssislər yeni qərarı əsasən uzun illərdir paytaxtın ən böyük problemlərindən biri olan nəqliyyat sıxlığının azaldılmasına yönəlmiş strateji addım kimi dəyərləndirilir. Bakı küçələrinə girişin pullu olması ilə bağlı tətbiqin mexanizmləri isə hələ də ictimai maraq doğuran əsas mövzulardan biridir.
Bəs, ödənişli zonalar hansı prinsiplərlə fəaliyyət göstərəcək? Xarici ölkələrin təcrübəsində olduğu kimi, bu sistem kameralar və elektron ödəniş vasitələri iləmi qurulacaq? Ən əsası isə - bu addım illərdir müzakirə edilən tıxac probleminə real çıxış yolu təqdim edəcəkmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, ödənişli zonalarla bağlı hələlik hər hansı konkret layihə mövcud deyil:
"Fərman verilib ki, Bakıda ödənişli zonalar yaradılacaq və müvafiq qurumlar bununla bağlı təkliflərini hazırlayacaqlar. Ondan sonra isə necə olacağı, hansı formada tətbiq ediləcəyi ictimaiyyətə açıqlanacaq. Mənə elə gəlir ki, ödənişli zonaların yaradılması, əsasən, tıxacların azaldılması, atmosferə buraxılan zəhərli qazların minimuma endirilməsi, həmçinin ictimai nəqliyyat fondunun bir qisminin maliyyələşdirilməsi məqsədi daşıyır.
Burada söhbət ödənişdən gedirsə, deməli, sistem belə işləyə bilər: sürücülər mobil tətbiq vasitəsilə, SMS yolu ilə və ya elektron ödəmə sistemlərindən istifadə edərək günlük, həftəlik, aylıq ödənişlərini edə bilərlər. Daha sonra həmin ödənişi etdikdən sonra avtomobilləri ilə ödənişli zonaya daxil ola biləcəklər. Ödənişin olub-olmamasına nəzarət isə xüsusi kameralar vasitəsilə həyata keçirilə bilər. Kameralar avtomobilin dövlət nömrə nişanını oxuyaraq, bazada məlumatı yoxlayacaq - ödəniş edilib, ya yox.
Amma bu hələlik yalnız ehtimaldır. Sistem belə də ola bilər, başqa formada da tətbiq edilə bilər. Hazırda dəqiq məlumat yoxdur. Bu məsələ ictimai müzakirəyə çıxarılandan sonra artıq konkret fikirlərimizi bildirmək mümkün olacaq".
Ekspertin fikrincə, bu addım qismən tıxacların qarşısını ala bilər:
"Lakin hamımız yaxşı bilirik ki, Bakıda tıxacların səbəbləri çoxşaxəlidir. Yalnız avtomobillərin çoxluğu ilə bağlı deyil. Zamanında şəhərsalma və tikintidə yol verilmiş nöqsanlar da əsas səbəblərdəndir. Şəhərsalmada buraxılan səhvlər, tikinti ilə bağlı özbaşınalıqlar nəticəsində avtomobil yolları zəbt edilib, müxtəlif yaşayış və qeyri-yaşayış obyektləri yol kənarlarında tikilib, yollar daraldılıb, səkilər zəbt olunub, parklanma yerləri tutulub. Bundan başqa, yol infrastrukturunun layihələndirilməsində də müəyyən qüsurlar olub.
Bütün bunlar məlum problemlərdir. Amma buna baxmayaraq, ödənişli zonaların tətbiqi, heç olmasa, qismən də olsa, Bakıda tıxacların azalmasına kömək edə bilər".
Xalidə Gəray
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ