İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə dəfələrlə İranı ağır vəziyyətdən xilas edib, amma bu dəfə..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-də imzaladığı fərmanla yeni beynəlxalq sanksiya qərarını təsdiqləyib. Sənədə əsasən, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr çərçivəsində 22 nəfər iranlı şəxs və 17 təşkilatın ölkə daxilindəki bütün maliyyə aktivlərini dondurub.

Sanksiya siyahısına İranın Atom Enerjisi Təşkilatı, nüvə araşdırmaları ilə məşğul olan tədqiqat mərkəzləri, uranın zənginləşdirilməsi proqramı ilə bağlı fəaliyyət göstərən şirkətlər, həmçinin bəzi banklar daxildir. Bu addımla Ankara, əslində, beynəlxalq aləmin uzun illərdir Tehranın nüvə proqramına qarşı apardığı təzyiq kampaniyasına qoşulduğunu rəsmən nümayiş etdirmiş oldu.

“Resmi Gazete”də dərc olunan məlumatda bildirilir ki, qərar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası məqsədilə qəbul edilib. Beləliklə, Türkiyə ilk dəfədir ki, bu qədər genişmiqyaslı formada İranla bağlı beynəlxalq sanksiyalara açıq şəkildə dəstək verir.

Ekspertlərə görə, Ankara bu addımı ilə həm beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirir, həm də Qərb dövlətləri ilə münasibətlərində “sanksiyalara loyal tərəfdaş” imicini gücləndirməyə çalışır. Bununla yanaşı, Türkiyənin belə bir qərarının İranla ikitərəfli münasibətlərdə müəyyən gərginliklər yaradacağı istisna edilmir. Çünki Ankara ilə Tehran arasında uzun illərdir enerji, ticarət və regional təhlükəsizlik məsələlərində yaxın əməkdaşlıq mövcuddur.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Politoloq qeyd edib ki, Türkiyə bir neçə dəfə İranı ağır vəziyyətdən çıxarıb:

"Bir neçə il öncə Amerika İrana qarşı sərt sanksiyalar tətbiq etmək qərarına gələndə, məhz Türkiyə Braziliya ilə birgə həll planı irəli sürərək İranı bu durumdan xilas etməyə çalışdı. Bu, bir dəfə deyil, bir neçə dəfə təkrarlandı. Türkiyə qonşusu İranla hər zaman yaxşı münasibətlər qurmağa səy göstərsə də, İranın mühafizəkar dairələri bəzən Türkiyəyə qarşı “xain” addımlar atıblar. Məsələn, illər boyu PKK-ya gizli dəstək veriblər, müxtəlif çıxışlarında isə Türkiyəni hədəf alan açıqlamalar səsləndiriblər. Buna baxmayaraq, Türkiyə hər zaman İranı beynəlxalq təzyiqlərdən qorumağa çalışıb. Məsələn, İsrail və Amerikanın İrana qarşı irəli sürdüyü müəyyən hədələri qəbul etməyib, 12 günlük müharibə zamanı da bu yanaşmanın qəbuledilməz olduğunu vurğulayıb".

Politoloqun fikrincə, bununla belə, BMT və digər beynəlxalq strukturlarda İranla bağlı sənədlər müzakirə olunanda Türkiyənin dəstəyi tamamilə təbiidir:

"Çünki beynəlxalq ictimaiyyət İranın nüvə çalışmalarını davam etdirməsini istəmir. Əslində, bunu Türkiyə də istəmir, sadəcə açıq şəkildə ifadə etmir. Bu səbəbdən Türkiyənin son qətnaməyə verdiyi dəstəyin iki ölkə arasında münasibətləri gərginləşdirəcəyinə inanmıram. Əgər belə yanaşsaq, onda İran həmin qətnaməyə səs verən bütün dövlətlərlə münasibətləri korlamalıdır.

Əslində isə qərarı İranın mühafizəkar dairələri verməlidirlər. Uranın zənginləşdirilməsinə dair siyasətlərini dəyişməsələr, sanksiyaların yumşaldılmasına nail ola bilməyəcəklər. Halbuki məntiqi baxımdan İran prezidenti qonşu dövlətlərlə yaxşı münasibətlərin formalaşmasını istəyir. Hazırda Azərbaycan və Türkiyə dövlətləri arasında çox sıx və dostluq münasibətləri mövcuddur. Təəssüf ki, İrandakı mühafizəkar dairələr prezidentin bu siyasətini də qəbul etmək istəmirlər".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR