Onlayn ictimai-siyasi qəzet
Tarixən başımıza o qədər faciələr gətiriblər ki, bəzən onları xatırlamağı və xatırlatmağı da çatdırmaq mümkün olmur. Bir xalqın torpaqları tarix boyunca nə qədər işğala məruz qalar, tikə-parça edilər. Əbəs yerə deyilmir ki, Azərbaycan Respublikası özünün tarixi əraziləri ilə həmsərhəd olan tək-tük ölkələrdəndir. Dünən, oktyabrın 1-də İrəvan xanlığının mərkəzi - paytaxtı olan İrəvan qala-şəhərinin Rusiya imperiyasının qanlı ordusu tərəfindən işğal edilməsinin (1827) növbəti ildönümü oldu. İki il sonra işğalın 200 illiyi tamamlanacaq!
Vaxtilə “dənizdən-dənizə” dövlət yaratmaq istəyən haylara tez-tez xatırlatmaq lazım gəlir ki, qulaqlarından sırğa etsinlər: hələ də “kadastr sənədi” olmayan Ermənistanın mövcud olduğu İrəvan xanlığı 1747-ci ildə Əfşarlar İmperiyasının banisi Nadir şahın ölümü ilə onun imperiyasının zəifləməsindəndən sonra Çuxursəəd bəylərbəyliyinin ərazisinin bir hissəsində formalaşmışdı. 19-cu əsrin birinci yarısında Rusiya-İran müharibəsi nəticəsində işğal edilən İrəvan qalasına Osmanlı və İran ərazisindən hayların kütləvi köçü təşkil edildi. Beləliklə, İrəvan şəhəri və ətraf ərazilərin əsl sahibləri olan türklər qətliamlara, deportasiyalara məruz qaldı, nəticədə 1918-ci ilin 26 mayında artıq hay çoxluğuna nail olunmuş İrəvanın Azərbaycandan qoparılması elə də çətin olmadı.
Ehsan Movahidian
Bu gün təkcə Ermənistanın deyil, İran və Rusiyanın da özünü tarixi korluğa vurmuş ayrı-ayrı nümayəndələri Azərbaycanın son iki-üç əsrlik tarixini danmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Elə bu gün İrəvanın işğalının 198-ci ildönümündə erməni mediası iranlı politoloq Ehsan Movahidianın sərsəm iddialarına yer ayırıb. “30 ildir ki, Azərbaycan məktəblərində İrana qarşı ərazi iddiaları müxtəlif formalarda təbliğ olunur və səngimək bilmir”, deyən fars şovinisti gerçək tariximizi övladlarımıza tədris etməyimizin də kökündə “İsrail təsiri” axtarıb, absurdcasına. Bu kəmsavadlar, türk düşmənləri hələ də qəbul etmək istəmirlər ki, Azərbaycan məktəblərində sadəcə gerçək tarix öyrədilir və buna görə heç kimdən icazə-filan istəməyəcəyik! Dəmir qapı Dərbənd Rusiya tərəfdən ilhaq edilibsə, biz bunu unutmalıyıqmı? Yaxud Qərbi Azərbaycan, Cənubi Azərbaycan?! Həmçinin Borçalı torpaqları. Biz bu gün həmin ərazilərə rəsmən iddia irəli sürmürük ki. Sadəcə gələcək nəsillərə onun ulu babalarına məxsus coğrafiyanı öyrədirik, bu, bizim millət və dövlət olaraq haqqımızdır, kimsənin torpaqlarında gözümüz yoxdur!
Sovet dövründəki unutqanlığımız ona gətirib çıxartdı ki, hayları başa çıxartdıq və Qarabağdan, Şərq Zəngəzurdan ürəyimizi nişan aldılar, Kürə qədər iddia etdilər, Bakıya tanklarla gələcəkləri ilə hədələdilər. Eynilə digər Azərbaycan düşmənlərinin də yaddaşlarını təzələmək lazımdır tarix boyunca. Unutmasınlar ki, yedikləri, içdikləri məhsullar tarixi Azərbaycan torpaqlarının bar-bəhrəsidir, udduqları hava da eləcə. Burunlarından gətirilməsini istəmirlərsə, dinc orursunlar!
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan BMT-də və AŞPA-da yenə də Azərbaycan əleyhinə nələrsə deməyə çalışdı, Zəngəzur dəhlizi ifadəsinə “ilişdi”. Sonra da Armen Qriqoryan onun absurdlarını MDB toplantısında təkrarladı. Amma baxın, Paşinyan Kopenhagendə Azərbaycan Prezidenti ilə görüşdə bu məsələni açıb-ağartçağa cürət etmədi. Ən azı Ermənistan hökumətinin rəsmi məlumatında bu barədə heç nə görmədik. Yenə də sülhə sadiqlikdən, kommunikasiyaların açılmasından danışılıb. Deyən gərək, günərin çatırdısa, elə Prezident Əliyevlə şəxsən görüşdə sözünü deyərdin, daha niyə Azərbaycan Prezidenti Baş Assambleyadan Gəncəyə döndükdən sonra onun əsaslı fikirlərini təftişə girişirsən? Yaxud Azərbaycanın təmsil olunmadığı AŞPA-da “şirə dönürsən?”
Bu arada, Ermənistan mətbuatında tirajlanan bir yazı diqqətimi çəkdi. Bildirilir ki, Qafan şəhərinin köhnə, tarixi hissəsindəki “kral qalası”nda qazıntıların ikinci mövsümü bu yaxınlarda başa çatıb. “Bu ilin ən mühüm kəşfi 5-ci əsrə aid bazilikanın tapılması olub”, arxeoloq Levon Mkrtçyan qazıntının təfərrüatlarından danışarkən iddia edib. Bildirilir ki, ikinci ildir ki, Qafan (ermənilər Kapan deyir) şəhərinin mövcud olduğu yerdə qazıntılar aparılır. “Arxeoloqlar 2020-2021-ci illərdə Voqci çayının sağ sahilində qala divarlarının fraqmentlərini aşkar edənə qədər Qapan qalası uzun illər Sünikin sıx meşələrində hətta quşun gözü ilə də görünməz şəkildə gizlənmişdi. Artıq 100 il bundan əvvəl tarixçi və coğrafiyaşünas Tadevos (Tatik) Akopyan öz dissertasiyasında Qapan qalasının harada yerləşməli olduğunu qeyd etdi və arxeoloqlar başa düşdülər ki, məhz onların kəşf etdikləri budur”, yazıda bildirilir.
Beləcə, Azərbaycanın tarixi torpaqlarının altını üstünə, üstünü altına çevirib, erməniləşdirməyə çalışırlar. Oxçuçayın da adını “Voqçi” qoyublar. Zəngəzuru da “Sünik” ediblər. Qafan da “qapanlaşdırılıb”. Levon Mkrtçyan daaha sonra deyib: “Hündürlüyü 3-4 metr və daha çox olan divarlar qorunub saxlanılıb, əhəng məhlulu ilə möhkəm yapışdırılıb və səliqəli döşənib ki, bu da təkcə orta əsrlərin mütərəqqi tikintisindən deyil, həm də qalanın knyazlıq statusundan xəbər verir”.
Türklərin yaşadığı ərazidə hansısa “knyazlıq” tapıblar. İrəvan xanlığının mərkəzinin düz 198 il əvvəl işğal edilməsini də ört-basdır etməyə çalışırlar. Özü də 2024-cü ildə Zəngəzur (Sünik) vilayəti administrasiyasının təşəbbüsü ilə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu (rəhbəri Qaqik Sarkisyan) qazıntı işlərinə başlayıb. Oxçuçay çayı boyunca aparılan erməniləşdirmə barədə daha sonra deyilir: “O, əvvəlcə Sünik şahzadələri üçün tikildiyi halda, 19-20-ci əsrlərdə yaxınlıqdakı kəndin sakinləri ondan müxtəlif məqsədlər üçün, o cümlədən tövlə kimi istifadə ediblər. Qalanı təmizlədikdən sonra biz yüksək orta əsrlərə, daha dəqiq desək, Sünik krallığı dövrünə (10-11-ci əsrlər) aid dünyəvi tikili aşkar etdik”. Belə, 1927-28-ci illərdə bölgəyə köçürülən hayların varisləri 10-11-ci əsrdən soraq verirlər. Az qalır desinlər ki, ərəb xilafətinə qarşı Qafan dağlarında mübarizəni də biz aparmışıq...
Sonra da özlərinə arxa-dayaq tapmaqdan ötrü farsları saxtalaşdırmaya qoşublar. Sitat: “Tarixi qeydlərə görə, burada həyat öz axarı ilə gedirdi. Fars coğrafiyaşünaslarından biri Kapanı böyük şəhər və pambıq istehsalı mərkəzi kimi təsvir edir.
İlkin araşdırmalar göstərir ki, kilsə yüksək orta əsrlərdə, Kapan Sünik krallığının paytaxtı olduğu zaman da istifadə edilmişdir. Eyni dövrdə, şimala dünyəvi bir quruluş əlavə edildi, arxeoloqların fikrincə, kralın qəbul zalı ola bilər. Qazıntılar zamanı 16-17-ci əsrlərə aid zeytun presi də aşkar edilib. Arxeoloqlar 1000 ildən artıq bir dövrlə məşğul olsalar da, tapıntılar nisbətən seyrəkdir. Qazıntıların bu dövrü artıq başa çatıb. İşlər gələn il də davam etdiriləcək. Arxeoloqlar əmindirlər ki, Kapan qalası hələ də Sünik Krallığının bu mühüm mərkəzinin tarixinə işıq salmaqla çoxlu sürprizlər açacaq”.
Fars şovinistləri İrandan səslərinə səs verirlər, Azərbaycanı ittiham edirlər, haylar da bu tərəfdə tariximizi “arxeoloji qazıntı” adı altında saxtalaşdırmaqdadırlar. İrəvandakı Təpəbaşı məhəlləsini məhv etdikləri, minlərlə maddi-mədəni irsimizi, 600-dən artıq qəbristanlıqlarımızı yer üzündən sildikləri kimi! Bəzən farslara da bizim irsimizdən pay verirlər. İrəvandakı Göy məscidimiz kimi...Şuşadakı Yuxarı Gövhərağa məscidi ilə bağlı da bənzər plan var idi, arzuları gözlərində qaldı. Qafan saxtakarlıqları həm də Qafandakı İran baş konsulluğuna yarınmaq üçün düşünülüb...
Nikol Paşinyan tarixi Zəngəzur adını danmaqdansa, 1988-89-cu ildə kütləvi şəkildə əhalisi deportasiya edilən – Levon Ter Petrosyanın rəhbərliyi ilə, bu barədə özü etiraf edib - Qafanın tarixinin erməniləşdirilməsi ilə bağlı hazırda aparılan işlərə diqqət eləsin və bu saxtalaşdırmanın dayandırılması barədə göstəriş versin!
Fikrimcə, Qərbi Azərbaycan İcması, Azərbaycan Elmlər Akademiyası, tariximiz, arxeologiyamızla bağlı bəlli qurumlar, alimlər də məhz bu fakta diqqət yönəltməli, Ermənistanda talanan tariximizlə bağlı vandalizmə son qoyulması tələbi beynəlxalq müstəviyə çıxarılmalıdır! Qərbi Azərbaycanlıların ləyaqətli qayıdışı ərəfəsində erməni saxtakarlar yenə də iş başındadır. Necə ki, 2026-cı ilin Aprel döyüşlərindən sonra erməni mediası "bizim əsgərlər həm səngər qazır, həm də “Artsax”ın tarixinin qayğısına qalır”, iddiası ilə məğlubiyyətdən sonra yeni səngərlər qazarkən tapılan saxsı qabları nümayiş etdirir, absurd iddialar irəli sürürdülər...
Elşad Paşasoy,
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ