Onlayn ictimai-siyasi qəzet
Eşidəndə, oxuyanda ki, filan ölkədə əslən ölkəmizdən olan bir nazir və ya milyarder var, adamın ürəyi istər-istəməz iftixar hissi ilə dolur.
Bu cümlə fitrətdən paxıl olan adamlara aid deyil. Onlar belə şeyi oxuyanda və ya eşidəndə qürur duymurlar, yaxşı mənada qibtə də etmirlər, az qalırlar hirslərindən ölsünlər.
Əksəriyyət isə qürur duyur. Bir çoxları düşünür ki, o nazirin və ya milyarderin nə vaxtsa, ölkəsinə, xalqına faydası toxuna bilər.
Ancaq çox adam dəqiq bilir ki, elə şey olmayacaq, o adamlar erməni deyillər ki, elə bir şey etsinlər, azərbaycanlıdırlar və heç vaxt yaralı barmağa ilk tibbi yardım göstərməyəcəklər, amma yenə fəxr edirlər ki, qürbətdə bir imkanlı ellimiz var.
Bu, bir az xalqın potensialından, fərasətindən xəbər verən haqq-hesabdır, bir az da nəsə başqa şeydir, izah etmək çətindir.
Məsələn, Vahid Ələkbərovla 35 ildir ki, qürur duyuruq, amma hələ də ürəyimizi iftixar hissi ilə dolduran bir hərəkət etməyib, eləcə Vaqit Alekperov olaraq qalıb. Yalnız maşınımızın çənini “Lukoyl”un benzini ilə dolduranda yada düşür. Çənə dolan benzinlə ürəyə dolan iftixar hissi isə eyni şey deyil.
Bir də bir Fərhad Əhmədov var. Arada onunla da fəxr edirdik. Deyirdik, bu, Telmanın tayı olmaz, qazandığı pulları aparıb şakiralara, riçardgirlərə, denirogillərə, avraamrussolara yedirtməz. Amma bu da həm səxavətli, həm də bir az sadəlövh çıxdı.
Bu ilin martında xəbər çıxmışdı ki, onun varidatının yarısını həyat yoldaşı Tatyana Axmedova-Soroka Londonda kitabdan-kitaba saldıraraq əlindən aldı. Bu işdə yerli vəkillər nanəcib qadına kömək ediblər, necə düzüb-qoşublarsa, Britaniya tarixində ən bahalı boşanma işi həmvətənimizin başına gəlib. Hələ boşanıb Soroka olan qadın Fərhad müəllimin Mayamidəki 260 milyon dollarlıq doqquzgöyərtəli "Luna" yaxtasını da mənimsəmək istəyirmiş, nəsə alınmayıb.
İşə baxın, Fərhad dağda külünglə pul qazansın, yaxta alsın, onun zövcəsi isə durduğu yerdə yaxtaya sahib çıxsın.
Hazırda o başıbəlalı “Luna” yaxtasına dair Bakı məhkəməsində bir iş də gedir. Fransız kəmfürsətlər görüblər ki, təndir istidir, Fərhad Əhmədovun milyardlarına iki kündə də onlar yapıblar. Onlar milli milyarderimizə deyiblər ki, 5-6 milyon ver, “Luna”nın üzərindəki həbsi götürdürək, özünün də canın Qərbin sanksiyasına məruz qalmaqdan qurtarsın, bu da verib. Amma iş başa gəlməyib. İndi Fərhad onlardan birini tutdurub, o birini da axtartdırır. Bu işə də 5-6 milyonu gedəcək yəqin.
Belə xəbərləri oxuyanda adama ləzzət eləmir, açığı. Biz görmüşük, bizimkilər orda-burda ona-buna kəf gələr, 5-6 milyon qabağa düşər, yoxsa bu nədir, saytların xəbərində “Fərhad Əhmədov” ad-soyadı oxuyan kimi düşünürsən ki, görəsən, yenə həmvətənimizə kim atıb. Girib baxırsan ki, yanılmamısan, beynəlxalq lotuşkalar kişini yolurlar.
Hərdən adam düşünür ki, o, bu xasiyyətlə o qədər pulu necə qazanıb. Görünür, yaxşı zamana düşüb, oxumuş adamlar demişkən, doğru zamanda doğru yerdə olub, şansı gətirib.
Prinsipcə, Rusiyada dəbdə olan ifadə ilə desək, “dəhşətli 90-cı illər”də o, vurulmalıydı – ya muzdlu killer tərəfindən, ya da “poqonlu bədheybətlər” (bu da Rusiyada dəbdə olan ifadədir) tərəfindən.
Amma o, bütün pəstəhalardan, ütülərdən salamat qurtarıb, gəlib indiki əmin-amalnıqda, hüquqi dövlətlərdə milyonları əlindən aldırır. Adamın qəlbi ona görə xəcalət hissi ilə dolur.
Odur, Adnan Əhmədzadə qəfildən ilişəndən sonra çox adam onun milyarder olduğunu bildi. Xeyli adam onunla qürur duymağa macal tapmadı. Amma bir qrup adam varmış ki, gizli-gizli müəllimlə fəxr edirmişlər və heç kimə demirmişlər.
Əsl qürur duymalı milyarder hindistanlı Mukeş Ambani kimi olar (açığı, möhtərəmin adı yadımda qalmır, hər dəfə Google-də “oğluna 6 ay toy edən hindistanlı milyarder” yazıb axtarış verir, tapıram). O vaxt o, Amerkadan, İngiltərədən, Fransadan keçmiş prezidentləri, baş nazirləri, senatorları, milyarderləri Delhiyə, oğlunun toyuna gətirmiş, yaxşı yedirib-içirtmiş, axırda da ciblərinə nəmər qoyub yola salmışdı. Allah tərəfi, Ambani varlıların süfrəsindən artıq qalan təamları zibiliyyə atdırmamışdı, öz xalqının şudra və pariyalarına yedirdib savab qazanmışdı.
Hazırda Hindistanda N qədər adam onunla qürur duyur. Bizim Əhmədov da qırx ildir Sorokaya işləyir..
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ