İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon ABŞ-ın vurduğu zərbələrin İranın nüvə proqramını 2 il geri atdığını açıqladı  

ABŞ Müdafiə Nazirliyi bildirib ki, ötən ay həyata keçirilən hava zərbələri İranın nüvə proqramını ən azı 1-2 il geri salıb. Bu barədə Pentaqonun sözçüsü Şon Parnell açıqlama verib.

O, qeyd edib ki, qiymətləndirmələr kəşfiyyat məlumatlarına əsaslanır, lakin yeni sübutlar təqdim olunmayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri 11 gün əvvəl Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hava hücumu təşkil etmişdi. Hücumda bunkerləri məhv edən xüsusi bombalardan istifadə olunub. ABŞ Prezidenti Donald Tramp əməliyyatı “tarixi uğur” adlandıraraq İranın nüvə proqramının “tam məhv edildiyini” bəyan etmişdi. Lakin Pentaqonun daha əvvəl mediaya sızdırılan məxfi hesabatında nüvə fəaliyyətinin yalnız bir neçə ay geri çəkildiyi bildirilirdi.

CIA isə hücumların İranın nüvə imkanlarına “ciddi zərər” vurduğunu açıqlayıb. İran rəsmiləri də zərbələrin ağır nəticələrini etiraf edib. Xarici işlər naziri Abbas Əraqçi Fordo obyektinə ciddi ziyan dəydiyini təsdiqləyib. O bildirib ki, İran Atom Enerjisi Təşkilatı vəziyyəti qiymətləndirir və nəticələri yaxın zamanda açıqlayacaq. Bu arada İran parlamenti MAQATE ilə əməkdaşlığın dayandırılması ilə bağlı qanun qəbul edib. ABŞ və Avropa ölkələri bu qərarı kəskin tənqid edərək Tehranı əməkdaşlığa qayıtmağa çağırıb. Almaniya bu addımı “fəlakətli siqnal”, İsrail isə JCPOA sazişi çərçivəsində sanksiyaların bərpası üçün “tətik mexanizminin” işə salınmasını tələb edib. ABŞ Dövlət Departamenti də İranın “yeni zənginləşdirmə obyektlərinə məhdudiyyətsiz giriş” təmin etməli olduğunu bəyan edib. Departament Trampın “İran nüvə silahı əldə edə bilməz və etməyəcək” mövqeyini bir daha xatırladıb.
Vaşinqtonun açıqladığı "tarixi uğur" İranın nüvə proqramının sonudur, yoxsa başlanğıcı?

Siyasi şərhçi Ramiyyə Məmmədova Musavat.com-a deyib ki, ABŞ Müdafiə Nazirliyinin son açıqlaması regionda getdikcə daha da qızışan təhlükəli geosiyasi qarşıdurmanın yeni mərhələsinə keçidin siqnalı kimi qiymətləndirilə bilər: “İranın nüvə proqramı ən azı iki ilə qədər geri atılıb" bəyanatı, əslində, Tramp administrasiyasının iddia etdiyi kimi “tam məhv” yox, sadəcə zaman qazanmaq məqsədi daşıyan bir hərbi manevr olduğunu sübut edir. Pentaqonun media sızmalarında əksini tapan məlumatlar, Donald Trampın nüvə infrastrukturunun “tam məhv edilməsi” ilə bağlı iddiasını təkzib edir. Bu, ABŞ hərbi-siyasi rəhbərliyi içərisində ciddi fikir ayrılıqlarının mövcudluğunu ortaya qoyur. ABŞ müdafiə naziri Pete Hegsett isə məsələni daha da siyasiləşdirərək medianı "Vaşinqtonun qələbəsini kiçiltmək" cəhdində ittiham edir”.

Siyasi şərhçi deyib ki, ABŞ daxili siyasi atmosferində İran məsələsi üzərindən reytinq savaşı gedir: “Hərbi əməliyyatın “real effektivliyi” ilə bağlı verilən açıqlamalar bir-birini təkzib etdikcə, beynəlxalq ictimaiyyətin də etimadı zədələnir. Digər tərəfdən, İran tərəfinin etirafları da az deyil. Xarici işlər naziri Abbas Əraqçi Fordo obyektinə dəymiş zərəri “çox ciddi” adlandıraraq, faktiki olaraq İran nüvə proqramının mühüm komponentinin sıradan çıxarıldığını təsdiqləyir. Lakin bununla paralel, Tehran BMT Təhlükəsizlik Şurasının qətnaməsi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) prinsiplərinə istinad edərək Avropa İttifaqının çağırışlarını rədd edir. İran parlamentinin MAQATE ilə əməkdaşlığın dayandırılmasına dair qanun qəbul etməsi isə artıq diplomatik arenada “geri dönməz xəttin” keçildiyini göstərir”.

Siyasi şərhçi bildirib ki, İsrailin xarici işlər naziri Gideon Saar-ın “snapback mexanizmi”ni işə salmaq çağırışı və Avropa ölkələrinə ünvanlanan təzyiq tələbləri fonunda məlum olur ki, Tel-Əviv artıq diplomatiyanın tükəndiyini düşünür: “Bu is yeni və daha sərt bir mərhələyə keçid olacağının anonsudur. Müharibə ehtimalı yenidən gündəmdədir. ABŞ və İsrailin İranın nüvə proqramını birdəfəlik məhv etdikləri barədə bəyanatları, əslində, reallıqdan çox, siyasi ritorika xarakteri daşıyır. Mövcud vəziyyət bir daha sübut edir ki, nüvə məsələsi ətrafında yaranmış gərginlik sadəcə regionun yox, bütün dünyanın təhlükəsizliyinə təhdiddir. Bu təhlükə artıq hərbi yollarla həll edilə bilməyəcək qədər mürəkkəbləşib. İranın MAQATE ilə əməkdaşlığı dayandırması isə nüvə proqramının beynəlxalq nəzarətdən çıxması deməkdir. Bu gün əldə olunan “qələbə” sabahın daha böyük münaqişəsinə səbəb olmamalıdır. İranın nüvə infrastrukturunun qismən sıradan çıxarılması Vaşinqton üçün diplomatik üstünlük yaratsa da, Tehranı təcrid vəziyyətinə salmaq və onu küncə sıxmaq əks nəticə verə bilər. Nəticədə İran beynəlxalq normaları tamamilə rədd edib, öz yolunu seçərsə, o zaman artıq söhbət sadəcə uranın zənginləşdirilməsindən deyil, regionun nüvə silahları ilə qarşı-qarşıya qalmasından gedəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR