Onlayn ictimai-siyasi qəzet
“Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir.
Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olub. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Biz Cənubi Qafqazda gedən proseslərdə Amerikanın fəal iştirak etmək cəhdini görürük. Onlar istəyirlər ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişənin tamamilə aradan qaldırılmasına öz töhfələrini versinlər. Düşünürəm ki, gələcəkdə biz daha çox xoş xəbərləri eşidəcəyik”. Bu barədə Prezident İlham Əliyev Xankəndindəki çıxışında bildirib.
Dövlət başçısı onu da əlavə edib ki, hazırda Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, normal münasibətlərə qayıdılır: “Bilirsiniz, əvvəlki ABŞ Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Dövlət Departamentinin yüksəkrütbəli rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla bir daha işlər adi qaydada gedə bilməz və bu, suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən bərpa olunması ilə bağlı idi”.
Cənubi Qafqazda fəal siyasi rol almaq istəyən ABŞ-ın Azərbaycanla münasibətləri yüksək səviyyəyə çatdırmasının fərqindədir. Mümkündür ki, yaxın aylarda ABŞ-dan mötəbər heyət (məsələn, dövlət katibi Rubio) Bakıya gəlsin. İstisna deyil ki, “gələcəkdə daha çox xoş xəbərlər eşidəcəyik” anonsunun arxasında payız aylarında Ağ Evdə yüksək səviyyəli görüş də planlaşdırılsın. Bəs bu barədə ekspertlər nə düşünür?
Günay Ağamalı
Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Azərbaycanla ABŞ arasında təmasların daha da intensivləşəcəyini qeyd etdi: “Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin xarakteristikası hər dövr üçün özünün spesifik xüsusiyyətləri ilə seçilib və dalğavari xətt üzrə inkişaf edib. Lakin yeni qlobal nizamın formalaşdığı bu günlərdə Cənubi Qafqaz geosiyasi maraqların kəsişdiyi bir regiondur və Tramp administrasiyası mövcud proseslərdən kənarda qalmaq istəmir. Məhz bu kontekstdə, cənab Prezident İlham Əliyevin forumda ABŞ-la mövcud ikitərəfli əlaqələrlə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir. Ölkə rəhbərinin çıxışı onu deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətləri bir müddətlik gərgin və soyuq dövrdən sonra yenidən normallaşmağa doğru gedir və bu gözlənilən idi. Donald Tramp sələfi Co Baydendən fərqli olaraq real maraqlara söykənən praqmatik yanaşma nümayiş etdirir. Tramp administrasiyası üçün Bakının strateji əhəmiyyəti olduqca yüksəkdir. Azərbaycan Avropanın mühüm enerji tərəfdaşı, onların Yaxın Şərqdəki əsas müttəfiqi İsrailin dostu və regionun sabitləşdirici gücüdür. Göründüyü kimi, Cənubi Qafqaz ABŞ-ın yeni strategiyasında mühüm yer tutur. Vaşinqtonun Azərbaycanla Ermənistanın sülh gündəliyinə müsbət yanaşması və öz dəstəyini nümayiş etdirməsi bunun bariz nümunəsidir. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən fikirlər, onun əhəmiyyətinin düzgün dəyərləndirilməsi indiki şəraitdə həlledici faktordur. Təbii ki, burada əsas məsələ Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqlar və bunun fonunda Rusiya və İranın təsirinin zəifləməsi dayanır. Tramp administrasiyası başa düşür ki, Azərbaycan və Türkiyə ilə regional maraqları uzlaşdırmaq bölgədə dayaq nöqtəsi qurmaq baxımından zəruridir. Məhz bu səbəbdən hesab edirəm ki, yaxın zamanda tərəflər arasında təmaslar daha da intensiv xarakter daşıyacaq”.
Qulamhüseyn Əlibəyli
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Tramp Administrasiyasının özündən əvvəlki Bayden Administrasiyasının Azərbaycanla bağlı buraxdığı səhvləri düzəltməklə məşğul olduğunu qeyd etdi: “Amerikanın Azərbaycanla münasibətlərinin gərginləşməsi Azərbaycan tərəfinin ucbatından olmayıb. Bu, əvvəlki Bayden administrasiyasının tutduğu siyasi xətt olub. İndi isə sevindirici hal hesab etmək olar ki, Tramp administrasiyası bir qədər fərqli davranır. Doğrudur, bəzi dövlət rəsmilərinin açıqlamaları qıcıq doğurur. Amma bu administrasiya çalışır ki, hər yerdə dövlətin imicini qaldırsınlar. Bir sözlə, təkcə bir ölkəyə, diaspora yönəlik siyasət yeritmirlər. Hərtərəfli, çoxşaxəli siyasətə üstünlük verilir. Əslində Prezident İlham Əliyevin bu söylədikləri adi diplomatik nəzakət xatirinə deyilən fikirlər deyil. Bu sözlərin arxasında müəyyən fikirlər, real ola biləcək projelər dayanır. Onlardan birincisi, bəli, münasibətlərin yaxşılaşdırılmasıdır. Tramp administrasiyası Bayden dövründə yaradılan nöqsanların aradan qaldırılması üçün daha fəal fəaliyyət sərgiləyir. Azərbaycanla münasibətləri bu və ya digər şəkildə yaxşılaşdırmağa çalışırlar. Bu həm də o deməkdir ki, indiki administrasiya Azərbaycanın Cənubi Qafqazda artmaqda olan nüfuzunu, rolunu və təsirini çox yaxşı başa düşür və bu təsiri Ermənistan, Rusiyanın xeyrinə dəyişmək istəmir. Onun üçün də hesab edir ki, Azərbaycanla münasibətləri gərginləşdirmək bölgədəki maraqlarına ziddir. Yəni Amerikanın bölgədəki maraqları Azərbaycanla normal əməkdaşlıq tələb edir. Biz də Bayden administrasiyası dövründə yaradılan gərginliyin aradan qaldırılması üçün atılan addımları görürük. Tramp administrasiyası qəbul edir ki, Azərbaycan tərəfi bölgədə söz sahibidir və onsuz bölgəyə daxil olmaq, öz maraqlarını təmin etmək mümkün görünmür. Hər bir dövlət Cənubi Qafqazda istər geosiyasi, istərsə də iqtisadi tərəfdən maraqlarını təmin etmək istəyir. Azərbaycanla bağlı hazırda əsas məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. İndi Tramp administrasiyası Zəngəzur dəhlizinin Amerikanın xüsusi şirkətlərinə 99 il müddətinə icarəyə verilməsini rəsmən irəli sürüblər. Tramp hakimiyyəti qəbul edir ki, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsinin imzalanması ilə əlaqədardır”.
Q.Əlibəyli Azərbaycan tərəfin Amerikanın bu regionda göstərdiyi səylərin artmasında maraqlı olmasına da toxundu: “Ölkə başçının fikirlərindən çıxış etsək, bölgədə geosiyasi təhlükəsizliyin yaradılması üçün Amerikanın səylərinin artdığı görünür. Rəsmi Bakı bu səylərin artmasına çox müsbət yanaşır. Xüsusilə son zamanlarda Rusiya ilə münasibətlərin gərginləşməsi, Kremlin Azərbaycan diasporası, bütövlükdə həmvətənlərimizə qarşı göstərdiyi zorakı münasibət, hətta Rusiya tərəfindən bəzi şəxslərin dilindən Azərbaycanı raketlərlə vura biləcəyi barədə fikirlər səsləndirilməsi bu bölgədə sabitliyin pozulmasına gətirib çıxarır. Onun üçün də hesab edirəm ki, Amerikanın bu şəkildə bölgəyə daxil olması geosiyasi təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, Birləşmiş Ştatlar öz maraqlarını güdür. Onun üçün də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə əlaqədar çalışır ki, bölgədə sabitlik olsun. Onun üçün cənab Prezidentin söylədiyi fikirlərin arxasında duran məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Bütün hallarda Amerikanın siyasəti birmənalı olmasa da, kələ-kötür olsa da, bəzən kobud gücdən istifadə olunsa da, hər halda, düşünürəm ki, ABŞ-ın bölgəyə təsir etmək imkanlarının artması Rusiyanın təsir imkanlarının azalmasına gətirib çıxaracaq. Əslində cənab Prezident də bunları söyləmiş olurdu”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ