Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəmində deyil”. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib. “102-ci hərbi bazanın çıxarılması ikitərəfli münasibətlərin gündəmində deyil. Ermənistan tərəfi bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib. Rusiyanın hərbi iştirakı Ermənistanın təhlükəsizlik sisteminin ən mühüm dayağı və regional sabitliyin mühüm amili olaraq qalır. Eyni zamanda hərbçilərimiz regionda heç kimə heç bir təhlükə yaratmır”, - səfir vurğulayıb.
Bir müddət əvvəl Gümrüdəki hərbi bazanın qarşısında aksiya keçirilmiş, rus hərbçilərin bölgəni tərk etməsi tələb olunmuşdu. Paşinyan da Rusiyanın Ermənistanda hərbi varlığını təhdid adlandırıb. Lakin son dövrlər Moskva-İrəvan əlaqələrində bir hamarlaşma var. Erməni baş nazir son olaraq Rusiyadakı atom forumunda iştirak edib. Bununla belə, Azərbaycanla Ermənistan sərhədindən rus hərbçilər çıxarılıb. Eləcə də “Zvratnots” aeroportundan 12 rus sərhədçi gedib. Bunun davamı Ermənistanın Türkiyə və İranla sərhədlərində gözlənilir. Bundan sonra Gümrüdəki bazanın qalması əhəmiyyətsiz olacaq.
Rus səfirin açıqlamasından isə görünür ki, Kreml 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır. Hətta İrəvanın adından belə bəyanat verildiyi də açıqlanır.
Rusiya Ermənistanda hərbi bazasını saxlaya biləcəkmi? Müqavilə 2044-cü ilədək imzalanıb, rusların erkən gedişi mümkündürmü?
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova Rusiya-Ermənistan münasibətlərinin ziqzaq olduğunu bildirdi. Onun sözlərinə görə, iqtisadi sahədə əməkdaşlıq davam edir, ticarət dövriyyəsi var, amma siyasi əlaqələrdə tez-tez anlaşılmazlıqlar yaranır. “Bunun səbəbləri Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya kursunu dəstəkləməsidir. Onun missiyası Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır və bu öhdəliklə iqtidara gəlib. Lakin mürəkkəb məsələdir və Rusiyanın forpostu olmuş bir ölkəni ondan qısa müddətdə qoparmaq mümkün deyil. Çünki Ermənistanda siyasi-iqtisadi, hərbi təsirləri var. Həmçinin xalqın heç də hamısı Rusiyadan üz çevirməyib. Paşinyan hakimiyyəti anti-Rusiya təbliğatı aparsa da, cəmiyyətdə bu ölkəyə müttəfiq kimi baxanlar qalıb. O nöqteyi-nəzərdən, Rusiyanın hərbi bazasını çıxarmaq ağrılı prosesdir. Bu, həm Ukrayna müharibəsinin nəticələrindən, həm də Putinlə Paşinyanın münasibətlərindən asılıdır”, - deyə ekspert vurğuladı.
Təhlilçi qeyd etdi ki, əgər liderlər səviyyəsində razılaşma əldə olunarsa, 102-ci hərbi bazanın bağlanması mümkündür: “Amma bunun üçün ABŞ və Türkiyənin Ermənistan hakimiyyətinə dəstəyi lazımdır. İrəvan belə güclü beynəlxalq himayənin altında siyasi iradə nümayiş etdirə bilər. Paşinyan arxayın olmalıdır ki, ona möhkəm siyasi təminat veriləcək. İkinci ssenari isə Rusiyanın getdikcə zəifləməsi və Cənubi Qafqazda sonuncu "qalası" olan Ermənistanı tamamilə itirməsidir. Məncə, Paşinyan son varianta üstünlük verir. Hazırda müharibənin gedişini izləyir, Rusiya ilə əlaqələri də pozmur, sinxron şəkildə isə sülh gündəliyini ABŞ masasında davam etdirir. Ona görə erməni rəsmilər bəyan edirlər ki, Gümrüdəki hərbi bazanın çıxarılması gündəmdə deyil. Çünki Paşinyan seçki ərəfəsində Rusiyanı qəzəbləndirmək istəmir. Elə bu səbəbdən atom forumunda iştirak üçün Moskvaya da getdi. Odur ki, rus hərbi bazasının ləğvi yaxın gələcəkdə real görünmür".
Ekspertə görə, hadisələrin inkişafından asılı olaraq, xüsusən də Türkiyə ilə quru sərhədlərin açılması, Zəngəzur dəhlizinin reallaşması Ermənistanın arqumentlərini gücləndirəcək ki, 102-ci hərbi bazanın ləğvini tələb edə bilsin: “Çünki bu halda Ermənistanın təhlükəsizliyinə Rusiyanın cavabdeh olması üçün ehtiyac yoxdur. Onsuz da bir bəhanədir və Ermənistana qonşularından hər hansı təhlükə yoxdur. Rusiya Cənubi Qafqazda təsirlərini saxlamaq məqsədilə bu bəhanələri irəli sürür. Amma müharibə onun bölgədə mövqeyini xeyli sarsıdıb və əvvəlki Rusiya deyil”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ