Onlayn ictimai-siyasi qəzet
Pakistandakı Lahor məhkəməsi 17 yaşlı Zain Əlini anası, qardaşı və iki bacısını qətlə yetirdiyinə görə 100 il həbs cəzasına məhkum edib. Gənc hər bir cinayətə görə dörd ömürlük həbs cəzası alıb və günahını etiraf edib.
Polisin məlumatına görə, faciə Əlinin bir neçə saat PUBG oynadıqdan sonra oyunun uğursuzluğu və anasının danlağına görə özündən çıxmasından sonra baş verib. O, tapança ilə 45 yaşlı anasını, 15 və 20 yaşlı iki bacısını və 20 yaşlı qardaşını güllələyib.
Hakim cinayətin virtual reallığın qohumluq əlaqələrindən daha güclü olduğunu sübut edən oyun asılılığının acı nəticəsi olduğunu vurğulayıb.
Məlumdur ki, Azərbaycanda da kompüter oyunları uşaqlar və yeniyetmələr arasında populyardır. O zaman valideynlər daha çox nələrə diqqət etməli, necə davranmalıdır ki, belə oyunlara görə ailədə problemlər yaşanmasın?
Azad İsazadə
Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki, dünyada çox az hallarda kompüter oyunları qətlə gətirib çıxarır: “Bu gün milyonlarla uşaq dünyada kompüter oyunları oynayır. Bu, artıq qlobal miqyasda kütləvi reallığa çevrilib. Ancaq bəzi hallarda medianın da qabartdığı kimi, ayrı-ayrı uşaqlar kompüter oyunlarının təsiri altında ailə üzvlərinə, yaxınlarına qarşı aqressiv davranışlar göstərir və hətta faciələr baş verir. Əslində burada məsələni yalnız oyunlarla əlaqələndirmək düzgün olmaz. Çünki problemin kökü uşağın psixoloji vəziyyətində, tərbiyə prosesində və valideynin diqqətsizliyində gizlənir.
Əgər uşaq vaxtında valideyn nəzarəti görməyibsə, emosional boşluqları doldurulmayıbsa, sosial həyata deyil, virtual dünyaya üz tutubsa, onda risklər də artır. Bu halda kompüter oyunları uşağın daxilindəki pozğunluğu üzə çıxaran vasitəyə çevrilir. Başqa sözlə, oyun bir səbəb yox, sadəcə, alət olur".
Psixoloq qeyd edib ki, kompüter oyunlarının uşaqlara təsiri eyni deyil: “Onlar arasında həm müsbət, həm də mənfi təsirli oyunlar var. Müsbət təsirli oyunlar məntiqi düşüncəni inkişaf etdirən, yaradıcılığı stimullaşdıran, komanda işi və strateji planlama bacarıqlarını gücləndirən oyunlardır. Mənfi təsirli oyunlar isə aqressiya, zorakılıq və düşmənçilik hissləri aşılayan, uşağın real həyatdan uzaqlaşmasına səbəb olan oyunlardır.
Bu səbəbdən valideynlərin əsas vəzifəsi uşağın hansı oyunu oynadığını izləməkdir. Burada nəzarət qadağa ilə qarışdırılmamalıdır. Əksinə, uşağa seçim imkanı vermək, amma eyni zamanda ona sağlam sərhədlər qoymaq lazımdır".
Azad İsazadə qeyd edib ki, müsbət təsirli oyunlara belə valideynlər mütləq şəkildə nəzarət etməlidir:
“Valideynlər mütləq şəkildə bu suallara cavab tapmalıdır: Uşaq hansı oyunu oynayır? Oyun uşaqda hansı emosiyalar yaradır - sevincmi, əsəbmi, aqressiyamı? Oyun uşağın yuxusuna, dərslərinə, gündəlik həyatına necə təsir edir?
Əgər uşağa sərbəstlik verilsə, o, saatlarla oyun oynayar. Əslində bu, təbiidir. Bizim uşaqlığımızda da imkan olsaydı, küçədə saatlarla futbol oynayardıq. Lakin valideynlərimiz buna icazə vermirdi - əvvəl dərslərimizi edib, sonra oyun oynaya bilərdik. Bu gün də eyni prinsip tətbiq olunmalıdır: uşaq yaxşı oyun da oynasa, vaxt limiti olmalıdır. Çünki uzunmüddətli oyun beyin fəaliyyətinə, psixoloji balansa və hətta fiziki sağlamlığa təsir göstərir".
Psixoloq bildirir ki, son illərdə kompüter oyunları ilə bağlı problem yalnız uşaqlarla məhdudlaşmır: “Xüsusilə böyüklər arasında internet kazinolara, qumar oyunlarına aludəçilik halları sürətlə artır. Artıq hər həftə bu məsələdən əziyyət çəkən azı bir neçə insan müraciət edir. Bu, ailələrin dağılmasına, maliyyə böhranına və psixoloji gərginliyə gətirib çıxarır.
Beləliklə, kompüter oyunları həyatın ayrılmaz reallığıdır. Onları tamamilə qadağan etmək mümkün deyil, həm də lazım deyil. Əsas məsələ nəzarət, balans və düzgün istiqamətləndirmədir. Uşaq oyun oynayarkən həm əylənməli, həm də inkişaf etməlidir. Valideynin məsuliyyəti isə uşağın oyun dünyasında itib-batmasına imkan verməməkdir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ