İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin NATO”sundan Bakıya yeni təhdid

KTMT-nin hipersəs sistemlərdən, lazer silahlarından istifadəni əsas sənədlərə daxil etməsi Azərbaycan üçün hansı risklər yaradır?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilk dəfə olaraq yeni silah növlərinin, o cümlədən hipersəs sistemlərinin, lazer silahlarının və dronların istifadəsini tənzimləyən müddəaları əsas sənədlərinə daxil edəcək. KTMT-nin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının rəhbəri Anatoli Vıborninin sözlərinə görə, oktyabrın 7-də Sankt-Peterburqda keçiriləcək toplantıda KTMT üzvlərinin bu texnologiyalardan istifadə etməklə birgə fəaliyyətinə dair “nümunəvi saziş”ə baxacaq.

“Yeni Müsavat” xatırladır ki, Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikasının daxil olduğu KTMT 1992-ci il mayın 15-də yaradılan hökumətlərarası hərbi ittifaqdır. Rusiyanın söz sahibi olduğu KTMT nizamnaməsinə əsasən, üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz. İttifaqdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il birgə hərbi təlimlər təşkil edirlər. Rusiyanın blokun digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın bütün üzvlərinin rəsmi razılığı olmalıdır.

Onu da deməliyik ki, Ermənistan bu dəfə də hərbi blokun irimiqyaslı tədbirlərində iştirakdan imtina edir. Nəhayət, bloku birtərəfli qaydada tərk etməyə, qapını çırpıb getməyə cürəti çatmayan rəsmi İrəvanın qarşısını kəsən hüquqi prosedur da var. KTMT-dən çıxmağa blokun bütün üzvlərinin razılığı tələb olunur... Ermənistanın MDB-nin NATO-su hesab edilən KTMT-ni tərk etməyəcəyi çoxlarına bəllidir. Ən azı ona görə ki, KTMT faktiki olaraq Rusiyanın diktəsi ilə yaranan və fəaliyyət göstərən təşkilatdır. Və onu tərk etmək üçün mütləq Kremlin razılığı olmalıdır ki, İrəvan bunu etmək iqtidarında deyil.

Bununla belə, ötən həftələrdə baş nazir Paşinyan yenə də KTMT-ni ittiham etdi, Azərbaycana “işləməkdə” günahlandırdı. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyini təmin edə bilmir”, - Paşinyan sentyabrın 15-də belə deyib. Onun sözlərinə görə, əvvəlki dövrlərdə xarici təhlükəsizliyi təmin etmək üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu, amma təcrübə göstərdi ki, bu yanaşma işləməyib: “Xüsusilə KTMT məsələsində üç dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə "qardaş ölkə" kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni yanaşmanı Ermənistan üçün görmək isə mümkün olmayıb". Baş nazir xatırladıb ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət edib: “İkinci Qarabağ müharibəsi zamanı Ermənistan KTMT-yə hərbi dəstək üçün müraciət edib. Lakin KTMT Ermənistanın müraciətinə cavab verməyib”.

Bəs KTMT-də yeni razılaşma bölgədə qüvvələr nisbətinə necə təsir edə bilər, xüsusilə bu təşkilata üzv olmayan Azərbaycana?

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

“Yeni Müsavat”a mövzunu şərh edən hərbi ekspert Ramil Məmmədli KTMT-nin indi durğunluq dövrü yaşadığını düşünür. Onun fikrincə, blokun dominant ölkəsi münaqişə vəziyyətindədir, Orta Asiya ölkələri Türk Dövlətləri Təşkilatına maraq göstərir, Ermənistan isə fəaliyyətini “dondurub”. Bu mənada, hərbi təhlilçi KTMT-də perspektiv görmür.

R.Məmmədli belə şəraitdə təşkilatın işini dirçəldə biləcəyini də gözləmir: “Təbii ki, ilk dəfə hipersəs sistemlərindən, lazer silahlardan istifadə yeni mərhələdir. Amma blok hələlik təlimlərdə onları sınaqdan keçirə bilər. Çünki KTMT hazırda heç bir qüvvə ilə eskalasiya vəziyyətində deyil. Onun varlığı da Rusiyadan asılıdır. Digər üzv dövlətlər təşkilatın yaşamasında maraqlı görünmür. Yəni KTMT-nin vəziyyəti MDB ilə oxşarlıq təşkil edir”.

Azərbaycana gəldikdə, hərbi ekspert blokun bizim üçün təhdid elementlərini belə şərh edib: “KTMT-yə üzv ölkələrlə münasibətlər normaldır. Hazırda Rusiya ilə soyuqluğu nəzərə almasaq, hətta Ermənistanla da aramız yaxşılaşır. Belarus, Qazaxıstan, Qırğızıstan Azərbaycana dost ölkələrdir. Onlar heç zaman əleyhimizə qərarların qəbulunda iştirak etməzlər. Artıq Ermənistanla da bir sülh sənədi var. Bu baxımdan, açıq təhdid yoxdur”.

R.Məmmədlinin sözlərinə görə, KTMT varsa, Azərbaycanla Türkiyənin imzaladığı Şuşa Bəyannaməsi də mövcuddur: “Bu, regional təhdidləri geri itələyən böyük qarantiyadır. Hər halda, KTMT və ya üzv ölkələr NATO ölkəsi Türkiyə ilə üzləşmək istəməzlər. Başqa yandan, dediyim kimi, KTMT-də üzv ölkələrlə Azərbaycan və Türkiyə TDT-də birgədir. Ona görə də sözügedən blokun son addımları daha çox güc nümayiş etdirməyə hesablanıb”.

Hərbi ekspert hesab edir ki, Rusiya bu təşkilatı NATO-ya alternativ göstərə bilər, reallıq isə fərqlidir: “Əslində hazırkı qlobal qarşıdurmada Rusiya KTMT-yə üzv ölkələrin hərbi potensialından demək olar ki, istifadə etmir. Əksinə, Rusiyaya alyansla proksi savaşda dəstək verən KTMT üzvü olmayan Çin, İran, Şimali Koreyadır. Moskvanın üzv ölkələrlə daha çox iqtisadi əməkdaşlıqlarını vurğulamaq olar, nəinki hərbi sahədə. Ona görə də KTMT Qərblə rəqabətdə əsas güc mərkəzi kimi meydana çıxa bilməyib. Onun yeni texnologiyadan istifadəsi müasir dövrün çağırışları ola bilər, lakin NATO ilə mübarizə platforması ola bilməz”.

R.Məmmədlinin fikrincə, bundan sonra Rusiyanın təşkilatın imkanlarından necə istifadə edəcəyi sual altındadır: “Çünki blok onsuz da özünü təsdiqləyə bilmir, Ukrayna müharibəsi Moskvanın strateji mövqelərinə təsir etməkdədir, Ermənistan iclaslarını, təlimlərini boykot edir, bu halda onun mövcudluğu formallıq daşıya bilər. Azərbaycanın isə Rusiya ilə münasibətləri tamamilə yaxşılaşmağa məhkumdur. Moskva da Bakı ilə əlaqələrin gətirdiyi siyasi-iqtisadi üstünlükləri qiymətləndirməli, soyuqluğa səbəb olan halları aradan qaldırmalıdır. Artıq təhdid ritorikası işləmir. Cənubi Qafqaz yeni dövrə daxil olub. Rusiya da bu həqiqətləri qəbul edərək hərbi doktrina deyil, iqtisadi doktrina ilə regiona gəlməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR