Onlayn ictimai-siyasi qəzet
Dünən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev olduqca aktual bir məsələyə toxunub.
Deputat bir sıra iri dövlət müəssiələrinin dövlət büdcəsinə vergi ödəmədiyindən bəhs edib, konkret olaraq 2013-cü ildən fəaliyyətə başlayan gəmiqayırma zavodunun vergilərdən azad olunduğundan danışıb.
Q.Həsənquliyev deyib: “İnternet üzərindən bir araşdırma apardım. Bu illər ərazində (adı çəkilən zavodda) 10-dan artıq yeni gəmi tikilib, 170-dən artıq gəmi təmir olunub. Yəni bu gəlirlə işləyən bir müəssisədir. Niyə biz bunu vergidən azad etməliyik?”
Doğrudan da 10-dan artıq gəmi tikib satan, 170-dən artıq gəmi təmir edən və bunun sayəsində milyonlar qazanan, rentabelli işləyən bir müəssisə - tərsanə niyə vergi ödəməsin? Tərsanədə hansı işlər tərsinə gedir ki, belə olur?
Bir dövləti iqtisadi baxımdan qüdrətli edən onun saat mexanizmi kimi dəqiq işləyən vergi sistemidir. Pul qazanan fiziki və hüquqi şəxslər dövlət büdcəsinə qanuni və lazımi şəkildə vergi ödəsələr, dövlətin sosial sferası da nümunəvi olar, hərbi qüdrəti də artdıqca artar.
Yoxsa milyonlar qazanan iri müəssisələr vergidən azad olunacağı təqdirdə, vergi yükünün xırda və orta sahibkarların çiyninə düşməsi ilə hərtərəfli inkişafa nail olmaq mümkün deyil.
Yüksək rifaha, rentabelli iqtisadiyyata malik olan ölkələrin hamısında ən dürüst, güzəştsiz işləyən sfera məhz vergi sistemidir. Təsadüfi deyil ki, həmin ölkələrdə vergi ödənilməsi namus borcu sayılır və vergidən yayınma ən ağır cinayət hesab olunur.
Bizdə isə, məlum olduğu kimi, bu sahədə ciddi axsamalar var.
Son illərdə dövlət müəssisələrinin bir çoxu sözləşibmişlər kimi “zərərlə işlədikləri”ni bildirir, vergi ödəmir, hələ dövlət büdcəsindən dotasiya tələb edirlər.
Necə olur ki, Azərbaycanın yarısı boyda olan ölkələrdə analoji müəssisələr gəlirlə işləyir, amma bu, Azərbaycanda mümkün olmur?
Elə şey ola bilməz. Demək, həmin təsərrüfat düzgün idarə edilmir, ştatları şişirdilib, müftəyeyənlər artıb, alqı-satqılarda korrupsiyaya yol verilir və s.
Bunun mexanizmi çox sadədir: həmin müəssisələr xaricdən və ya ölkə daxilindən onlara lazım olan cihazı, avadanlığı və sair inventarı alarkən alış qiymətini şişirdir, məsələn, 5 manatlıq materialı 15 manata alırlar. Bu əməliyyatı aparan rəhbər şəxslər inventarın real və şişirdilmiş qiymətlərinin arasındakı fərqi satan şirkətin rəhbərliyi ilə bölürlər. Şeytanın ağlına gələ bilməyəcək maliyyə maxinasiyaları edilir.
Belə bir fantastik əməliyyat 7-8 il əvvəl SOCAR-da, köhnə rəhbərliyin vaxtında aparılıb. Şirkət Almaniyadan 3 milyon dollara qazma qurğusu almalı imiş. Sonradan adı cürbəcür qalmaqallı işlərdə hallanan məsul işçilərdən biri həmin qurğunu 12 milyon dollara sənədləşdirmək istəyib. Bundan ötrü lazımi sənədə imza atmalı olan məsul şəxs mənimsəniləcək məbləğin böyüklüyündən (9 milyon dollar) qorxub, təklif edib ki, yeyinti heç olmasa 1-2 milyon olsun. Ancaq rəhbərlər razı olmayıb, 12 milyon deyib durublar. Həmin şəxs istefa verib, yerinə başqasını təyin ediblər və 1-2 aydan sonra əsl qiyməti 3 milyon olan avadanlıq Almaniyadan 12 milyon dollara alınıb ölkəyə gətirilib.
Dərindən araşdırmalar aparılsa, Azərbaycanın neftindən gələn milyardları təkcə Adnan Əhmədzadənin yemədiyi üzə çıxar.
Bu, yalnız bir şirkətdə olan haqq-hesabdır. Həqiqətdə isə tam əksəriyyəti belə edir. Elə olandan sonra təbii ki, iri şirkətlərin dövlət büdcəsinə ödənişləri mənimsənilmiş vəsaitlər qədər azalır. Çünki büdcəyə çoxdan çox, azdan az ödənilir.
Məsələnin başqa bir tərəfi də var: qoy zərərlə işlədiklərini bəyan edən müəssisələrin rəhbərliyinə yeni nəsil iqtisadçılar cəlb edilsin. Ölkədə xeyli savadlı iqtisadçı var, onlar bir müəssisəni necə gəlirlə işlətməyin yolu, üsulu barədə dəyərli tövsiyələr verə bilərlər.
Yoxsa bir sıra dövlət müəssisələrinin rəhbərləri ildə dörd dəfə çıxırlar, öz xidmətlərinin qiymətinin artırılmasının vacibliyini bildirirlər. Metropoliten rəhbərliyi istədiyini alır, AYNA başlayır, sonra işıq, su, istilik satanlar, yol çəkənlər dilə gəlir. Hamısı ziyandaymış, qiymətlər artmalıdır ki, bunlar borcdan çıxa bilsinlər.
Qiymətlər artır, amma onların borcları yenə də bitmir. Sadəcə, bu müəssisələrin rəhbərlərinin özlərinin və övladlarının lüks avtomobillər qarajı yenilənir, şəhərin müxtəlif yerlərində aldıqları lüks mənzillərin sayı artır, bank hesabları şişir və s.
İl yenilənəndə onlar yenidən dilə gəlirlər. Nəticədə qiymət artımları zəncirvari şəkil alır, arada milli valyutamızın alıcılıq qabiliyyəti sarsılır.
Kiçik sahibkarlar, fiziki şəxslər dövlətin xərclərini ödəmək gücündə deyil. Bundan ötrü böyük müəssisələr, iri şirkətlər real qazanclarından real vergilər verməlidirlər.
Qüdrət Həsənquliyev düz deyir, Milli Məclis hökumət qarşısında məsələ qaldırmalıdır. Qoy bütün dövlət müəssisələri ödədikləri vergilərin həcmini ilin sonunda açıqlasınlar.
Bu məsələdə aşkarlıq olsa, bilinəcək ki, böyük dövlət müəssisələrindən hansı xərclərini şişirdir və az miqdarda vergi ödəyir, hansı belə etmir.
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ