Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi videokonfransda Ukrayna ilə danışıqlar və son terror aktları ilə bağlı sərt və emosional açıqlama verib.
Musavat.com xəbər verir ki, Kremlin rəsmi saytında və rəsmi “Telegram” kanallarında yayımlanan məlumata görə, Putin Bryansk və Kursk vilayətlərində baş verən partlayışları “terror aktı” kimi qiymətləndirib və Zelenski ilə mümkün görüş məsələsini kəskin şəkildə rədd edib.
“Onlar terrorçudurlar. Biz terrorçularla niyə görüşməliyik, niyə onlara fürsət verməliyik?!” – deyə Rusiya Prezidenti bəyan edib.
Putin vurğulayıb ki, son günlər Bryansk və Kurskda baş verən hadisələr, o cümlədən qaz infrastrukturuna edilən hücumlar, siyasi səviyyədə planlaşdırılmış və Kiyev rejimi tərəfindən həyata keçirilmiş terror əməliyyatlarıdır.
“Biz bu hərəkətlərin məqsədini görürük – nəfəs almaq, fasilə əldə etmək, yenidən silahlanmaq və sonra yenidən hücuma keçmək. Bu, terrorçuların taktikasıdır,” – deyə Putin əlavə edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər həm Putinə, həm də Ukrayna Prezidenti Volodimir Zelenskiyə 20–30 iyun tarixlərində İstanbulda dörd liderin (Tramp, Zelenski, Putin, Ərdoğan) iştirakı ilə görüş təklif edib.
Zelenski bu gün keçirdiyi mətbuat konfransında Putinə birbaşa müraciət edərək görüşə hazır olduğunu bəyan etmişdi. Lakin Putinin cavabı qəti oldu:
“Onunla görüşmək niyyətində deyiləm. Onlar mülki əhalini hədəf alan terror hərəkətləri törədirlər. Müharibədə, təəssüf ki, dinç insanlar da həlak olur, lakin Kursk və Bryanskda baş verənlər birbaşa və məqsədli şəkildə mülki vətəndaşlara yönəlmiş addımlardır. Bu – saf terror aktıdır,” – deyə Rusiya Prezidenti bildirib.
Putin əlavə edib ki, İstanbulda keçiriləcək mümkün danışıqlarda Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbərlik etməsi kifayət qədər yüksək səviyyədir və Kiyevin bu tərkibə qarşı iddiaları yersizdir.
Musavat.com qeyd edir ki, bu açıqlama Ukrayna ilə sülh danışıqları perspektivini bir daha sual altına alır. Vladimir Putinin “terrorçularla danışıqlar mümkün deyil” bəyanatı İstanbul formatının (liderlər səviyyəsində) həyata keçirilməsinə böyük əngəl kimi görünür.
Musavat.com bildirir ki, Ukrayna tərəfi rəsmi bəyanat verərək, Bryansk və Kursk hadisələrində iştirakının olmadığını iddia edib.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ