İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Şanxayda mesaj verdi - Bu, hədə-qorxudur, yoxsa...

Rusiya prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən zirvə toplantısında işlətdiyi bir ifadə geniş müzakirələr doğurub. Kremlin sahibi bildirib ki, Rusiya heç bir ölkənin təhlükəsizliyinin başqasının hesabına formalaşmaması gərəkliyindən çıxış edir.

Ekspertlər hesab edir ki, əslində bu fikrin arxasında hədə-qorxu gəlmək kimi bir niyyət dayanır.

Musavat.com xəbər verir ki, Putinin bu fikrini “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə şərh edib:

“Putin bu sözləri Ukraynaya şamil etsə də, cümlədəki məntiq Rusiyaya qonşu olan digər dövlətlərə də şamil edilə bilər. Putin demək istəyir ki, Ukrayna NATO üzvü olmaq istədiyinə görə Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlayıb. Ona qalsa, Rusiyanın digər qonşusu Finlandiya Ukrayna müharibəsindən sonra NATO-ya qoşuldu. Əgər bu da Rusiyanın maraqlarına cavab vermirsə, bu o deməkdirmi ki, Finlandiya da Kremlin hədəfində olacaq? Finlandiya öz təhlükəsizliyini düşünərək NATO-ya üzv olub və bu zaman Kremlin istəkləri Helsinkini zərrə qədər də maraqlandırmayıb.

elxan.jpg (68 KB)

Və ya Azərbaycan NATO-nun hərbi gücünə görə ikinci böyük dövləti olan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirən Şuşa Bəyannaməsini imzalayıb. Bu zaman Azərbaycan da Finlandiya kimi öz təhlükəsizlik maraqlarından çıxış edib. İndi Putinin məntiqinə görə, Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik bəyanatına imza atarkən Rusiyanın maraqlarını nəzərə almalıydı? Rusiya illər boyu Ermənistanı silahlandırarkən qonşusu olan Azərbaycanın təhlükəsizlik maraqlarını heçə saydı. Halbuki, Putinin məntiqinə görə, Rusiya qonşusu olan Azərbaycanın təhlükəsizlik maraqlarına zidd siyasət yürütməməli idi. “Qonşunun təhlükəsizliyi nəzərə alınmalıdır” sözlərini deyən ölkənin lideri qonşusunun mülki təyyarəsinin raketlə vurulmasına seyrçi qaldı və bununla münasibətlərin gərginləşməsinə yol açdı. Bu, bir daha göstərir ki, Putinin söylədikləri ilə etdikləri arasında böyük fərq var”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR