Onlayn ictimai-siyasi qəzet
Qərb ekspertləri hesab edir ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin 15 mayda İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda atəşkəsi müzakirə etməyə razılaşması real sülhə aparan yol deyil, əksinə, Kremlin Qərbi parçalamaq və müharibəni uzatmaq cəhdidir.
Musavat.com xəbər verir ki, müxtəlif analitik qurumlar bununla bağlı şübhələrini dilə gətiriblər.
"Atlantic Council" analitikləri bildirirlər ki, Putinin bu təşəbbüsü səmimi sülh niyyəti deyil, 2022-ci ildə olduğu kimi, Ukraynaya hərbi yolla əldə edə bilmədiyi tələbləri qəbul etdirmək üçün Qərbi və Kiyevi manipulyasiya etmək məqsədi daşıyır. Bu tələblər arasında Ukraynanın müttəfiqlərindən imtina etməsi və Rusiyanın işğal etdiyi ərazilərin tanınması yer alır.
"Politico" nəşrinin ekspertləri isə ABŞ prezidenti Donald Trampın Kiyevə qarşı aqressiv təzyiqini və hər vasitə ilə müharibəni bitirmək istəyini vəziyyəti daha da gərginləşdirən amil kimi qiymətləndirir. Avropa İttifaqı Ukraynaya dəstəyi artırsa da, sürətli sülh çağırışları Aİ və ABŞ arasında fikir ayrılığı yaradır. Əgər sülh Kremldən gələn şərtlərlə əldə olunarsa, bu, Qərbin birliyinə və ABŞ-ın etibarına zərbə ola bilər.
"Reuters" qeyd edir ki, Putin danışıqların 2022-ci il razılaşma layihəsi və hazırkı "mövcud vəziyyət" – yəni Rusiya tərəfindən işğal olunmuş ərazilərin tanınması əsasında aparılmasını tələb edir. Kiyev isə bunu kapitulyasiya tələbi kimi qiymətləndirir.
BBC münaqişənin həllinə dair optimist olmadığını bildirir: Ukrayna üçün əsas hədəf ərazi bütövlüyü və ədalətli atəşkəsdirsə, Rusiya öz hərbi qazanclarını qorumaq və Ukraynanın siyasətinə təsir imkanlarını saxlamaq istəyir.
CNN isə yazır ki, Putin özünü sülh təşəbbüskar kimi təqdim etməyə çalışır və bu yolla Kiyevə təzyiqi artırır. Eyni zamanda, ABŞ dövlət katibi Ruben Rubio da həmin gün İstanbulda NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
CNN-in məlumatına görə, ABŞ-ın məqsədi danışıqlara başlamazdan əvvəl tərəflər arasında atəşkəsə nail olmaqdır.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ