Onlayn ictimai-siyasi qəzet
Rusiyanın sabiq nəqliyyat naziri, eyni zamanda Kursk vilayətinin keçmiş rəhbəri Roman Starovoytun həyatına qəsd etdiyi bildirilir.
Musavat.com xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumatlara əsasən, Starovoyt 2023-cü ildə DİN rəhbərliyi tərəfindən təqdim edilmiş mükafat silahından istifadə edərək özünü güllələyib.
İlkin məlumata görə, Roman Starovoytun intiharına səbəb kimi onun barəsində cinayət işinin açılması ehtimalı göstərilir.
112 kanalının məlumatına görə, Starovoyta qarşı ifadə verən şəxs yaxınlarda Kursk vilayətində müdafiə istehkamlarının tikintisi zamanı böyük məbləğdə vəsaitin mənimsənilməsinə görə həbs olunan keçmiş qubernator Aleksey Smirnov olub.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Starovoytun nəqliyyat naziri vəzifəsindən azad edildiyi bu gün məlum olub. Onun mümkün istefası barədə daha əvvəl məlumat verilməmişdi. Nəqliyyat naziri vəzifəsinə Andrey Nikitin təyin olunub.
Roman Starovoyt 2024-cü ilin may ayında nazir postuna təyin olunmuşdu. O, bu vəzifəyə qədər uzun müddət Kursk vilayətinə rəhbərlik edib.
Roman Starovoyt 1972-ci ildə Kursk şəhərində doğulub. Onun uşaqlığı Leninqrad vilayətində keçib. Starovoytun atası Kursk AES-də mühəndis işləyib və 1974-cü ildə onu Leninqrad AES-ə köçürüblər, bununla da mərhum nazirin uşaqlığı bu şəhərlə bağlı olub.
O, 1995-ci ildə D.F. Ustinov adına Baltik Dövlət Texniki Universitetinin “İmpuls istilik maşınları” ixtisası üzrə məzunu olub. Elə həmin il “Regional İnvestisiya Agentliyi”ndə icraçı direktor vəzifəsinə təyin olunub.
1995-2001-ci illərdə “Promışlennıy” qeyri-dövlət pensiya fondunun aktivlərinin idarə olunması şirkətinin baş direktoru olub. 2002–2005-ci illərdə isə “Stroyinvest” şirkətinə rəhbərlik edib.
Dövlət qulluğundakı karyerasına Sankt-Peterburq hökumətində başlayıb. 2005-ci ildə o, İnvestisiya layihələri idarəsinin investorlarla iş üzrə şöbəsinin müdiri vəzifəsini tutub. 2007-ci ildə isə Sankt-Peterburq hökumətinin İnvestisiyalar və strateji layihələr üzrə komitəsinin sədrinin birinci müavini vəzifəsinə keçib.
Mərhum nazir 2008-ci ildə prezident yanında Şimal-Qərb Dövlət Xidmət Akademiyasını (indiki Şimal-Qərb İdarəetmə İnstitutu - red.) “dövlət və bələdiyyə idarəçiliyi” ixtisası üzrə bitirib. 2010–2012-ci illərdə Rusiya Hökuməti Aparatında sənaye və infrastruktur departamentində referent və direktor müavini vəzifələrində çalışıb.
2012-ci ildə DİN-in Moskva Universitetində “Qış poliatlonunda idmançıların hazırlanmasının innovativ metodikası” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi alıb.
2012–2018-ci illərdə Roman Starovoyt Rusiya Avtomobil Yolları Agentliyinə rəhbərlik edib. 2018-ci ilin oktyabrın 1-dən 10-na qədər nəqliyyat nazirinin müavini vəzifəsini icra edib. 11 oktyabr 2018-ci ildə prezident Vladimir Putin onu Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən şəxs təyin edib.
2019-cu ilin sentyabrında “Vahid Rusiya” partiyasından Kursk qubernatoru seçkilərində iştirak edərək 81,07% səs toplayıb və 16 sentyabrda vəzifəsinin icrasına başlayıb.O, həm də “qubernatorlar məktəbi”nin ikinci buraxılışının məzunudur.
2020-ci ilin noyabrından etibarən “Vahid Rusiya” partiyasının Kursk vilayət təşkilatının katibi olub.
2024-cü il mayın 11-də onun namizədliyi Rusiya Dövlət Dumasına nəqliyyat naziri postuna təqdim edilib və mayın 14-də parlamentin aşağı palatası tərəfindən təsdiqlənib.
2025-ci il iyulun 7-də prezident Putin onu nəqliyyat naziri vəzifəsindən azad edib. Starovoyt bu vəzifədə bir ildən bir qədər çox çalışmışdı.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Starovoytun istefası etimadın itirilməsi ilə bağlı deyil.
Ukrayna ilə müharibənin başlanmasından sonra Starovoyt Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Ukrayna və ABŞ-ın sanksiya siyahılarına salındı. ABŞ Dövlət Departamenti Rusiya qubernatorlarına, o cümlədən Starovoyta qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinin səbəbi kimi onların qismən səfərbərlik əmrinə əməl olunmasını təmin etmələrini göstərmişdi.
Hələ Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etməzdən əvvəl Starovoyt Çeçenistan rəhbəri Ramzan Kadırovun bölgələrdə “özünəsəfərbərlik” başlatmaq çağırışını dəstəkləmişdi. O demişdi:“Bəli, indi hər bir region rəhbəri öz vəzifəsində maksimum məsuliyyətlə hərəkət etməli və ordumuza kömək etməlidir”.
Roman Starovoyt Svetlana Starovoyt ilə evli olub. 2021-ci ildə boşanıblar. Onların iki qızı var. O, “Şöhrət” ordeni, Aleksandr Nevskinin ordeni və “Dostluq” ordeni ilə təltif olunub. Rusiya Federasiyasının 1-ci dərəcəli fəal dövlət müşaviri tituluna malik olub.
Roman Starovoytun nəqliyyat naziri vəzifəsindən istefasına bir sıra ciddi problemlər təsir edib. Mənbələrin verdiyi məlumata görə, bunlar arasında Kursk vilayətinin sərhədində fortifikasiyaların tikintisi zamanı talanla bağlı istintaq, nəqliyyat sahəsində yaranmış böhran və sahənin inkişafında müşahidə olunan “tıxanma”dır. Bu amillər nazirliyin rəhbərliyinin dəyişdirilməsi üçün əsas səbəblərdən biri olub.
Məhkəmə iddiasından məlum olur ki, 2022–2023-cü illərdə Kursk vilayət hökumətinə federal büdcədən 19,4 milyard rubl ayrılıb ki, bu vəsait müdafiə qurğularının (bunker, atəş nöqtələri, dəstək məntəqələri, tank əleyhinə piramidalar və xəndəklər) tikintisinə yönəldilsin.
İddiaçılar bildiriblər ki, cavabdehlər müdafiə qurğularının tikintisi işlərinin “görünüşünü” yaradıb, həqiqi iş aparmadan saxta xərclər sxemini həyata keçirib və inşaat materiallarının təchizatı üçün saxta, “bir günlük” şirkətlərlə sazişlər bağlayıblar.
Ötən ilin dekabr ayında Kursk vilayətinin inkişaf baş direktoru Vladimir Lukin və onun müavinləri, müdafiə istehkamlarının qurulmasına cavabdeh şəxslər həbs ediliblər.
Kursk qubernatorunun sabiq müavini Aleksey Smirnov isə bu ilin aprel ayında həbs olunub.
Starovoyt nəqliyyat naziri vəzifəsindən istefa verməzdən əvvəl mənbələr bildiriblər ki, bu məsələ gec-tez ona da təsir göstərəcək, çünki müdafiə istehkamlarının tikintisi onun dövründə başlayıbmış. Roman Starovoyt bu işdə şahid kimi ifadə verməli imiş.
Şahanə Rəhimli
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ