İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin məyusluğunun səbəbi

Biz də ardarda  ərazi itkiləri yaşamışıq, az qala hər rayon,  qəsəbə işğal olununda ölkədə bir və ya bir neçə vəzifəli adamın “kəlləsi” gedib, amma 3 ildir Ukraynadakı ərazi itkilərinə görə Zelenskiyə heç nə deyən yoxdur...

Liderlərin telefon danışıqları, qarşılıqlı lütfükarlıqlar, komplimentlər əlbəttə ki, yaxşıdır, amma bunlar bir əsgərin həyatını qurtarmırsa, demək nəticəsizdir. Diplomatiya zatən ağır və ağıllı kişilərin işidir, xüsusilə bütün dəngələrin pozulduğu indiki reallıqda...  

Putin hansısa memorandumdan danışır, Trampla söhbətindən sonra Zelenski  təklif olunan sənədi imzalamağa hazır olduğunu bildirməklə yanaşı,  Rusiyanın ultimatumlarını qəbul etməyəcəyini və qoşunlarını geri çəkməyəcəyini  deyib. Tramp artıq açıq şəkildə bəyan edib ki, razılaşma əldə olunmasa, danışıqlardan çəkiləcək. 

Dünənki telefon danışığından dərhal  sonra jurnalistlər qarşısına çıxan Putin Qərb mediasının iddia etdiyi kimi qalib, hətta Trampı aldatmış kimi görünmürdü. Əksinə, Rusiya prezidentinin müharibədən yorulması haqda deyilənlər daha çox gerçəkdir. Rusiya lideri bir neçə həftə əvvəl daha optimist görünürdü, Trampın Ukraynanı tezliklə razı salacağına, Rusiyanın heç olmasa, bir neçə əsas şərtinə əməl ediləcəyinə ümidli idi. Amma son həftələrin gərginlikləri, nəticəsiz qalan İstanbul danışıqları Putinin əvvəlki şux əhvalını korlamış kimi görünür.

Ukrayna liderinin bu savaşda heç bir hədəfi qalmayıb, məsələn, hansısa ərazilərini geri qaytarmaq kimi məqsədi yoxdur, ona görə yenə əvvəlki kimi ortalıqdan çıxmır, ölkədən ölkəyə uçur. Bəlkə heç bunca insani və ərazi itkilərinə rəğmən məsuliyyət yükünü də elə də hiss etmir. İki-üç gün əvvəl ruslar bir yaşayış məntəqəsini ələ keçirmişdilər, Müdafiə Nazirliyi dron çəkilişlərini yaydı, ucsuz-bucaqsız qara-sarımtıl ərazi idi, bəlkə də iki bizim Şuşa boyda. O boyda ərazidə təkəm-seyrək evlər vardı.

Biz də  ardarda belə ərazi itkiləri yaşamışıq, amma az qala hər rayon, hər qəsəbə işğal olununda ölkədə bir və ya bir neçə vəzifəli adamın “kəlləsi” gedib. Ta atəşkəs məcburiyyətinə qədər belə olub. Amma 3 ildir Ukraynadakı ərazi itkilərinə görə Zelenskiyə heç nə deyən yoxdur. Buradan kənar müşahidəçi kimi iki subyektiv nəticəyə gəlmək olar: ya bu ölkə o qədər böyükdür ki, ərazilərin işğalı gözə görünmür, ya da Ukrayna xalqı taleyini tam Zelenskiyə əmanət edib, ona güvənir, bu səbəbdən hakimiyyətdə qalır.  Başqa variantlar da var, məsələn, “balacaboy diktator” dediklərinin müharibədən qazancı çoxdur, hakimiyyətini istənilən təhlükədən(məsələn, ən ciddi alternativi Zalujnını Kiyevdən uzaqlaşdıraraq) sığortalaya bilir və sairə. Bu əslində bizim problemimiz deyil, Ukrayna xalqının biləcəyi iş, qərarıdır. Döyüşürlər, həlak olurlar, işğala müqavimət göstərirlər, amma heyrət ki, xalqın da səbri az qala Ukraynanın özü boydadır. Bu müharibədə çox təəccüblü epizodlar olur, məni isə  təkcə xalqın iradəsi deyil, həm də səbri heyrətləndirir.      

İşğal etdiyi ərazilərə baxmayaraq, Putini girdiyi bu ağır müharibənin yükü əzir. İstanbul danışıqlarından sonra Kremlin elçisi Medinskinin skandinaviyalılarla 21 illik müharibəni yada salmasını baxmayın, Rusiyanın o qədər səbri yoxdur. Bir gün tükənən təkcə hərbi potensial deyil, səbr də tükənə bilər. Putin bunun fərqindədir. Onun müharibəni davam etdirmək istəməsi barədə deyilənlər boş iddialardır. Ağıllı adam niyə şans varsa müharibəni dayandırmasın. 

O da həqiqətdir ki, Ukrayna müharibəsinin bitməsini istəməyənlər əvvəlki kimi yenə çoxluqdadır. Trampa ona görə psixoloji basqılar  edirlər. Üstəlik, bu çoxluğun əlində müasir silah-sursat, pul və hakimiyyət var. Onlar Rusiyanı strateji məğlubiyyətə uğratmaq arzusu ilə başlatdıqları bu müharibənin davam etməsindən vaz keçmirlər.  Tramp onlara bir yerə qədər müqavimət göstərə bilər, amma  kənarda  qala da bilməyəcək.  

Ölkə, iqtisadiyyat, ordu, hakimiyyətin illərlə FV çalışdırmaq risklidir.Əbəs yerə deyil ki, Putin ordunun şəxsi heyətini milyon yarıma çatdırdı - daha doğrusu, bu əsgərləri hətta müharibədən sonra da kazarma vəziyyətində saxlamağı düşünür. Müharibə bitsə, hərbi sənaye kompleksi ən azı beş il yenə gücləndirilmiş iş şəraitdə işləməlidir.  

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin  bu gün deyib ki,  80 mini miqrantı hərbi qeydiyyata alıblar,  artıq 20 min  gənc Rusiya vətəndaş cəbhə xəttindədir. Bu müharibədə “çujoy”ların ölməsi də bir ayrı faciədir. Albert Aqarunova və digər millətlərdən olan şəhidlərimizlə onları müqayisə etmək olmaz. Ümumiyyətlə, bu müharibə özü iki qardaş xalq arasında olsa da, dünyaya da “yad”dır. Ona görə uzadırlar... 

Nazim SABİROĞLU   
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

20 May 2025

BÜTÜN XƏBƏRLƏR