Onlayn ictimai-siyasi qəzet
Avqustun 28-i axşamı Azərbaycan xalqının diqqəti Fransanın Monako şəhərinə yönəlmişdi. Hamı həyəcanla futbol üzrə ölkə klubları arasında keçirilən turnirin ən mötəbəri sayılan-Çempionlar Liqasının qruplarına tarixində ikinci dəfə ayaq basan “Qarabağ” klubunun rəqiblərini gözləyirdi. Sonuc etiraf olunmalıdır ki, ürəkaçan olmadı.
Azərbaycan çempionunun rəqibləri "Çelsi" (evdə), "Liverpul" (səfərdə), "Ayntraxt" (evdə), "Benfika" (səfərdə), "Ayaks" (evdə), "Napoli" (səfərdə), "Kopenhagen" (evdə) və "Atletik Bilbao" (səfərdə) klubları oldu.
I tur: 16-18 sentyabr 2025;
II tur: 30 sentyabr-1 oktyabr 2025;
III tur: 21-22 oktyabr 2025;
IV tur: 4-5 noyabr 2025;
V tur: 25-26 noyabr 2025;
VI tur: 9-10 dekabr 2025;
VII tur: 20-21 yanvar 2026;
VIII tur: 28 yanvar 2026.
1/8 finala vəsiqə üçün pley-off püşkü: 30 yanvar 2026;
1/8 final, 1/4 final, yarımfinal və final püşkü: 27 fevral 2026.
Bununla da Ağdam təmsilçisinin ən azından rəqibləri ilə keçirəcəyi oyunların tarixi dəqiq məlum olub. Nə qədər möcüzəli görünsə də, “Qarabağ”ın çıxdığı bu marafonda yolunun daha da uzun olması hər bir azərbaycanlının arzusudur.
Onu da qeyd edək ki, püşkatmanın ardınca sosial şəbəkələrdə bir ruh düşkünlüyü müşahidə olunmağa başlayıb. Bu da çoxları tərəfindən birmənalı qarşılanmayıb. Əvvəl ən böyük arzumuz “Köhlən atlar”ın bu mərhələyə yüksəlməsi idi. İndi bu şanlı tarix yazılıb, torbadan çıxan rəqiblərə görə üzülürük. Halbuki, turnirin ən mötəbər yerindəsənsə, hər halda ən güclülərin rəqib olacağına əvvəlcədən hazır olmaq lazım idi. Necə ki, əfsanəvi baş məşqçimiz Qurban Qurbanov kimi...
“Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Klubun mətbuat xidmətinə açıqlamasında Q.Qurbanov rəqiblərini dəyərləndirərkən deyib:
“Öncə öz azarkeşlərimizə bir daha təşəkkür etmək istəyirəm. “Ferentsvaroş”la pley-offun cavab oyunu zamanı stadionda etdikləri azarkeşlik, göstərdikləri dəstək, yaratdıqları atmosferə görə hər birinə təşəkkür edirəm. Bizim azarkeşlər Çempionlar Liqasının Liqa mərhələsini görməyi haqq edirdilər. Onlar üçün çox sevinirəm ki, bu mövsüm Çempionlar Liqasının minimum 4 görüşünü Bakıda canlı izləyəcəklər. Dörd səfər qarşılaşmasına isə ən azı televiziya ilə baxmaq şansları olacaq. Qarşılaşacağımız komandaların hamısı çox ciddi rəqiblərdir. Öz ölkələrinin köklü, tarixi olan klublarıdır. "Liverpul", "Çelsi", "Ayaks", "Napoli", həmçinin digərləri "Benfika", "Ayntraxt", "Kopenhagen" və "Atletik" hamının yaxşı tanıdığı güclü komandalardır.
Çalışacağıq ki, bu matçlara yaxşı hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada həm güc, həm sürət, həm də oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq". "Qarabağ"a qarşı oynamaq xoş olacaq".
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ən güclü rəqibi sayılan "Liverpul"un baş məşqçisi Arne Slot deyib.
Sitat: “Əvvəlcə onu deyim ki, ötən mövsümdə olduğu kimi, bu il də çox rəqabətli oyunlar olacaq. Amma bilirdik ki, belə olacaq. Çünki Çempionlar Liqasında, əsasən də yeni formatda, asan püşk olmur. Bizi böyük səfər və ev oyunları gözləyir. Mənim üçün Niderlandın PSV komandasına qarşı oynamaq həmişə xoşdur. Onlar ardıcıl iki dəfə liqa çempionu olublar. Eyni sözləri Türkiyədə son üç mövsümdə çempion olan “Qalatasaray” və Azərbaycan çempionu “Qarabağ” barədə də demək olar. Liqa mərhələsindəki oyunların heç biri asan olmayacaq. Ancaq əminəm ki, azarkeşlərimiz həm “Enfild”də keçiriləcək matçları, həm də böyük stadionlarda, fanatik və ehtiraslı azarkeşlərin önündə oynanılacaq səfər qarşılaşmalarını səbirsizliklə gözləyirlər".
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycan üçün nailiyyətdir”.
Bu fikirləri isə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiya yığmasına qarşı keçirəcəkləri görüşdən əvvəl keçirilən mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis Ağdam klubunu uğur münasibətilə təbrik edib və gözləntilərini bölüşüb:
"Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ı təbrik edirəm. Bu uğur Azərbaycan üçün nailiyyətdir. Avropada Azərbaycan haqqında danışacaqlar. Amma Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ" üçün asan olmayacaq. Ümid edirəm ki Azərbaycanı yaxşı təmsil edəcəklər. Mən və bütün ölkə bunu gözləyirik. Komandanın neçə xal qazanacağı haqqında isə fikir bildirə bilmərəm".
Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”da püşkü bu cür dəyərləndirdi:
“Burası Çempionlar Liqasıdır. Yəqin ki, püşkə qədər biz bu turnirin nəhəngliyini o qədər də təsəvvür etmirdik. Çünki klubumuz bu turnirdə cəmisi bir dəfə olub. Amma püşkdən sonra azərbaycanlı azarkeşlər qorxu içindədirlər, sanki hər kəs “biz hara düşmüşük” deyir. Amma qorxmağa, narahat olmağa dəyməz. Rəqiblər adlı-sanlıdırlar, çox güclüdürlər, amma “Qarabağ” da zəif deyil. “Qarabağ” zəif olsaydı, ÇL-in liqa mərhələsində olmazdı. Bu faktdır. Ona görə də rahat olmaq lazımdır, müasir futbolda hər bir rəqiblə oynamaq mümkündür”.
N.Muxtarlı hesab edir ki, nəticə nə olursa olsun, “Qarabağ”ın üzərində heç bir təzyiq olmamalıdır:
“Biz bu komandadan heç nə tələb etməməliyik. Qurban Qurbanovun komandası çıxıb meydanda öz işini görəcək. Demirəm ki, “Qarabağ” hər bir komandadan xal almaq iqtidarındadır. Yox, bu, qeyri-ciddi iddia olardı. Amma “Qarabağ”ın ləyaqətlə mübarizə aparacağına əminəm. Azərbaycanlı azarkeş üçün ÇL həyəcanı hər il olmur, az qala hər on ildən bir bu şansa sahib olur. Bu şansdan zövq almaq lazımdır. Belə klublarla qarşılaşmaq “Qarabağ”ın da böyüməsinə, Azərbaycanda azarkeşlərin futbola tam fərqli aspektdən yanaşmasına səbəb olacaq. Futbolçular öz güclərini müqayisə edəcəklər, ciddi rəqiblərlə oyunlarda nəyə qadir olduqlarını biləcəklər.
“Qarabağ” böyük hesabla məğlub olacaq? Ola bilsin ki, hansısa oyunda belə hesab olsun, amma “Qarabağ” qol da vuracaq, xallar da qazanacaq. Avropa Liqasının qrup mərhələsində “Bayer”lə oyunları xatırlayaq: Almaniyada “Qarabağ” böyük hesabla məğlub oldu. Məğlub oldu, amma böyüdü, sonra pley-offda “Bayer”ə kabus yaşatdı. Deməli, istənilən rəqiblə oynamaq mümkündür, daim böyümək şərtilə.
İngiltərə nəhəngləri ilə məsələ aydındır. Onlara müqavimət göstərə bilərik, başqa heç nə. Amma digər rəqiblərlə oyunlarda xallar qazanmaq olar. “Ayaks” bizə tanış rəqibdir, “Kopenhagen”i bir dəfə mübarizədən kənarlaşdırmışıq, “Ayntraxt”la da oynamışıq. Elə “Atletik”dən də xal almaq mümkündür. “Benfika” və “Napoli”ni də dişə vurmaq olar.
“Qarabağ” oyundan-oyuna təkmilləşəcək və inanıram ki, istənilən rəqibə başağrısı olacaq. Yetər ki, komanda üzərində təzyiq hiss etməsin, qarşılaşmalara psixoloji cəhətdən rahata hazırlaşa bilsin. Azarkeşlərin isə borcu odur ki, nəticədən asılı olmayaraq daim “Qarabağ”ın yanında olsunlar. Komandamızın böyüməsi üçün bu amil olduqca əhəmiyyətlidir. Bura Çempionlar Liqasıdır. Buranın qorxulu yer olduğu bəlli idi. Amma indi o qorxunu üzərimizdən atmalıyıq”.
İdman mütəxəssisi Kənan Məstəliyev sona qədər “Qarabağ”ın yanında durmağımızı həm də azarkeş kimi mənəvi borcumuz hesab edir:
“Qorxmayaq! Ötənlərdə də bildirmişdim. Rəqibə hörmət etmək başqa şeydir, ondan qorxmaq başqa şey. Nə "Çelsi"dən, nə "Liverpul"dan, nə də "Ayaks"dan qorxmaq, çəkinmək lazım deyil. Ehtiyac yoxdu, çünki bununla heç nə əldə bilməyəcəyik.
Oynamaq lazımdır. Səfərdə, evdə, rəqibin kimliyindən asılı olmayaraq futbol oynamaq, eyni zamanda prosesdən zövq almaq lazımdır. Bu dəqiqə "Qarabağ"ın futbolçularına ağ paxıllıq edən adamlardan birincisi mənəm. Təsəvvür edin, adamlar "Enfild"də meydana çıxacaq, "You will never walk alone" eşidəcəklər. Adamlar dahi Dieqonun tarix yazdığı və onun adını daşıyan möhtəşəm stadionda top qovacaq, gözəl şəhərin qonağı olacaqlar. "San Mames"də, "Da Luj"da mübarizə aparacaq, bir ömürlük xatirə yığacaqlar. Fantastikadır.
Oynamaq və zövq almaq lazımdır. Bunun əlavəsi olaraq xal və ya xallar da qazansaq, nə gözəl, nə möhtəşəm olar. Üzülürük, püşkü bəyənmirik. Amma harda? Çempionlar Liqasında! Bir var bir otaqlı evin mətbəxində üzüləsən, bir də şəxsi yaxtanın göyərtəsində. "Qarabağ" azarkeşləri hazırda həmin milyoneri xatırladırlar. Lüksə bax, ÇL-də rəqib bəyənmirlər. Əladır.
Təbii ki, Bakıda daha böyük rəqiblər istəyərdik. Olmadı. Qalsın gələn dəfəyə. İndi növbəti dəfə əsas mərhələyə çıxmağa (ya da bu il pley-offa) stimul yaranar. Həm zarafatdır, həm də deyil. Azarkeşlərin üzərinə isə böyük məsuliyyət düşür. Ev matçlarında tribunada komandaya sona qədər dəstək olmaq, bununla da onları uğura yaxınlaşdırmaq gərəkəcək. Rəqiblər tanışdır, udduğumuz da var, başabaş oynadığımız da, dişimizə görə olan da. Hər şey ola bilər. Daha "Kopenhagen"dən də çəkinəcəyiksə, onu udmaq istəməyəcəyiksə, ÇL-ə niyə gəlirdik? "Qarabağ"da da bunu başa düşürlər, bilirlər. Əminəm ki, bu missiyanın öhdəsindən gəlmək üçün əllərindən gələni edəcəklər. Biz dəstəyimizi verək, qalanını komanda edəcək.
İndi veriləcək heç bir proqnoz düz çıxmayacaq. Stadion bəlli deyil, rəqiblərin oyun forması bəlli deyil. Qorxmaq yox, soyuqqanlı olmaq, güclənmək, hazırlaşmaq və potensialdan maksimum istifadə etmək lazımdır. Biz inanaq. Sonrasını zamanında görəcəyik.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ